Yuxarı

Rus silahı Azərbaycana qarşı çevrilir

Rus silahı  Azərbaycana  qarşı çevrilir

 

Arzu Nağıyev: “Silahların Dağlıq Qarabağa daşınması təhlükə yaradır”

ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamalanması prosesi çərçivəsində regiona son səfəri nəticəsiz qaldı. Səfərin əsas məqsədi prezidentlərin görüşünü təşkil etmək olsa da vasitəçilər münaqişə tərəflərindən konkret cavab ala bilmədi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayına nəzərdə tutulan görüşündə bu barədə razılıq əldə olunarsa, o halda İlham Əliyevlə Serj Sarkisyanın görüşünün təşkili barədə fikir söyləmək mümkün ola bilər. İndi isə Ermənistan daha çox sərt mövqe nümayiş etdirir.

Azərbaycan prezidentinin Dağlıq Qarabağ ermənilərinə yüksək muxtariyyət və təhlükəsilzik vəd etməsinə dair bu yaxınlarda verdiyi açıqlama hətta ABŞ-dan olan həmsədr Ceyms Uorlik tərəfindən təqdirəlayiq hesab edilmişdi. Ancaq həmsədrlər İrəvanda tamamilə başqa mövqe ilə qarşılaşdılar. Ermənistan rəhbərliyinin vasitəçilərlə danışıqları Azərbaycana qarşı hədələyici bəyanatlar səsləndirməkdən ibarət oldu. Ona görə də Ceyms Uorlikin işğal olunmuş Azərbaycan ərazilərini azad etmək çağırışına ermənilər məhəl qoymadılar. Rəsmi İrəvanın bu cür davranışı təbii ki, bir neçə ay əvvəlkindən xeyli fərqlənirdi. Səbəb isə son aylar Rusiyanın dəstəyi hesabına Ermənistanın hərbi dayaqlarını möhkəmlədə bilməsidir. Həmsədrlərin regiona axırıncı səfəri Ermənistanın status-kvonun saxlanılmasında maraqlı olduğunu və güzəştə getmək niyyətində olmadığını təsdiq etdi. Üstəlik, Ermənistan prezidenti danışıqları davam etdirmək barədə Minsk Qrupunun təklifinə demək olar ki, yetərincə cavab vermədi.

Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlar prosesinin yay aylarından fərqli olaraq, son dövrlər dayanması qarşıdakı aylarda cəbhə xəttində gərginliyin bərpa olunacağını istisna etmir. Eyni zamanda, Qərblə Rusiya arasında müşahidə olunan gərginlik də dolayısı ilə mövcud situasiyaya təsir edir. Bu baxımdan, münaqişənin yenidən bərpası riski artır. Ekspertlərin fikrincə, aprel ayında baş vermiş “4 günlük müharibə”dən sonra ikinci dəfə irimiqyaslı əməliyyatın başlanması bölgədə daha böyük münaqişəyə səbəb ola bilər. Aprel döyüşləri də göstərdi ki, Rusiyanın köməyi olmadan Ermənistan status-kvoya nəzarəti itirə bilər. Ancaq 2009-cu ildə bağlanmış müqaviləyə görə, Rusiya Ermənistan ərazisinə təcavüz faktı baş verdikdə ona hərbi yardım göstərə bilər. Dağlıq Qarabağ və ətraf rayonlar isə Azərbaycan ərazisi olduğundan Rusiyanın Ermənistanın bu bölgədəki əməliyyatlarına birbaşa hərbi dəstək göstərmək hüququ yoxdur. Bununla yanaşı, münaqişə bərpa olunarsa, Rusiya Ermənistana hər hansı formada dəstək verməyi çalışacaq.

Politoloq Arzu Nağıyevin sözlərinə görə, son dörvlər Ermənistan Azərbaycanın irəli sürdüyü muxtariyyət barədə təklifinə müsbət reaksiya vermədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti isə yalnız deklorativ bəyanatlar verməkdən ibarətdir: “Vaxtın uzanması Azərbaycan üçün səırfəli deyil. Çünki vaxt itkisi Azərbaycanın iqtisadi və regional layihələrinin həyata keçirilməsinə təhdid yaradır. Beynəlxalq dövlətlər də Azərbaycandan təhlükəsizliyi təmin etməyi, bu sahədəki problemləri aradan qaldırmağı tələb edir. Ona görə də Ermənistana qarşı təsir mexanizmlərini işə salmaqdan başqa yol qalmır. Azərbaycanla yanaşı, ATƏT-in Minsk Qrupu da, BMT də, digər güclər də Ermənistana təsir göstərməlidir. BMT-nin 55/25 saylı qətnaməsi ərazi bütövlüyünü qorumaq üçün antiterror əməliyyatları aparmağa imkan verir. Rusiya isə Ermənistana yalnız gizli yolla kömək edə bilər. Çünki NATO-nun Rusiya ilə sərhəddi Ermənistandan keçir. Amma Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Azərbaycana qarşı Ermənistana yardım edə bilməz. Bu qurumda təmsil olunan Belarus, Qazaxıstan və Qırğızıstan Rusiyanın belə addım atmasına razı olmur”.

Arzu Nağıyev onu da bildirdi ki, Ermənistan Rusiyadan ağır silahlar və uzaq mənzilli raketlər almasına baxmayaraq, onu istifadə edə bilməz. Səbəb isə həmin silahların Rusiyaya məxsus olmasıdır. Eyni zamanda, həmin silahların Dağlıq Qarabağa daşınması və Azərbaycana qarşı yönəldilməsi təhlükəsi var.

Müşfiq





Həftənin ən çox oxunanları