Yuxarı

İsrail Cənubi Qafqazda

İsrail Cənubi Qafqazda

Azərbaycana şimal və cənubdan təzyiqlər artacaq

Dünən İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfər edib. Hökumət başçısının Bakıya gəlişi Azərbaycan-İsrail münasibətlərində yeni mərhələnin başlanğıcı hesab edilir. Müstəqillik dövründə Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına baxmayaraq, bu münasibətləri tərəflərin istədiyi səviyyəyə qədər inkişaf etdirmək mümkün olmayıb. Bunun başlıca səbəbi isə İran amili ilə bağlıdır. Rəsmi Tehran İsrailin Cənubi Qafqazda geosiyasi fəallığının artmasını özünün milli təhlükəsizliyi üçün təhdid hesab edir. Hətta Tehran rejiminin nümayəndələri İsrailin Azərbaycan ərazisindən İrana qarşı hərbi və kəşfiyyat məqsədilə istifadə etməsi barədə daim iddialar irəli sürüblər. Məhz bu təzyiqlərin nəticəsində indiyə qədər İsrailin Bakı şəhərində səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan İsraildə diplomatik təmsilçilik aça bilməyib.

Ancaq son illər Azərbaycanın İsraillə münasibətlərində yeni prosesin başlandığı müşahidə edilir. İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra rəsmi Tehranla Qərbin münasibətlərində baş verən yaxınlaşma Bakıya da yeni manevr imkanları açıb. Azərbaycan İranın təzyiqlərindən yayınmaq və İsraillə münasibətlərdə müstəqil siyasi kurs yürütmək imkanı əldə edib. Azərbaycan-İsrail münasibətlərinin yeni mərhələsi özünü xarici siyasət, hərbi və milli təhlükəsizlik sahələrindəki birgə əməkdaşlığın müttəfiqlik müstəvisinə qaldırlmasında göstərir. Təbii ki, Azərbaycan müsəlman dünyasında İsrail üçün ən cəlbedici ölkələrdən sayılır. Çünki Azərbaycan dünyada yəhudilərin tam təhlükəsiz və tolerant şəraitdə yaşadığı nadir müsəlman dövlətlərindən biridir. Xüsusilə, də İranın qonşuluğunda yerləşən və əhalisinin 65 faizi şiə məzhəbinə aid olan Azərbaycanda yəhudilərə qarşı belə tolerant münasibət İsrailin strateji maraqlarına tam cavab verir.

Təl-Əvivlə müttəfiqliyin avantajı

Bundan başqa, Təl-Əviv müsəlman ölkələri arasında müttəfiqlərini artırmaq strategiyasını seçib. Son dövrlər İranın Suriya böhranı ilə əlaqədar Yaxın Şərqdə hərbi fəallığının artması İsraili narahat edir. Bu ilk növbədə, “Hizbullah”ın da daxil olduğu İranın yaratdığı şiə kolasiyasının Yaxın Şərqdə geosiyasi mövqeyinin möhkəmlənməsində özünü göstərir. Hazırda İraq hökuməti üzərində ciddi təsirə malik olan İran Suriyada hərbi mövqeyini möhkəmlətməklə Aralıq dənizinə çıxış əldə etmək və “Hizbullah”la birləşməyə imkanı verən geosiyasi dəhliz əldə etməyə çaışır. İranın birbaşa yaxın Şərqə çıxış qazanması İsrailə təzyiq imkanlarını artıra bilər.  Ona görə də İsrail müsəlman dövlətiləri arasında müttəfiqlərinin sayını artırmağa çalışır. Bu baxımdan, şiələrin sayının çoxluq təşkil etdiyi və İranla həmsərhəd olan Azərbaycanın İsraillə dostluq münasibəti qurması Təl-Əvivin maraqlarına uyğundur.

Bu səbəbdən də Təl-Əviv Bakı ilə əlaqələri dərinləşdirməyə mühüm önəm verir. Benyamin Netanyahu da bir müddət öncə Fələstin məsələsinin həllinə nail olmaq üçün yeni diplomatik alyans formalaşdırmaq niyyətində olduğunu bildirmişdi. Benyamin Netanyahunun Azərbaycana və Qazaxıstana səfərləri hər iki Xəzəryanı müsəlman ölkəsinin İsrail üçün stratreji əhəmiyyət daşıdığını təsdiq edir.

“Moscow-baku.ru” portalı baş nazir Netanyahunun Azərbaycana səfərinin iki ölkə arasındakı əməkdaşlıq üçün yaxşı perspektiv yaradacağını yazır. Qeyd edilir ki, Azərbaycanın energetika sektorunda 10-larla İsrail şirkəti fəaliyyət göstərir. Məsələn, Modcon Systems LTD. Azərbaycanın neft və qaz sahələrində yüksək texnologiyaların əsas təchizatçısıdır. İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar təşkil edir.

“The Jewish Press” qəzeti isə İsrailin idxal etdiyi neftin yarısını Azərbaycandan aldığını yazır. Bundan başqa, hər iki ölkə müdafiə sənayesi, kibertexnologiya, kənd təsərrüfatı, telerabitə, tibb, turizm sahələrində əməkdaşlıq edir. İsrail dünyada Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib. İsrail vətəndaşları Azərbaycanın hava limanlarında birbaşa viza almaq imkanına malikdir. Bu imkan İsrailə dünyanın cəmi bir neçə ölkəsində yaradılıb.

Onu da qeyd edək ki, İsraildə istehlak olunan benzinin 45 faizi Azərbaycandan idxal edilir. Azərbaycanın isə daha çox İsrailin siyasi dəstəyinə ehtiyacı var. Dünyanın ən nüfuzlu dövlətlərindən biri hesab olunan İsrailin beynəlxalq siyasi proseslərə təsir imkanları böyükdür. Bu baxımdan, İsraillə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycana həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də digər geosiyasi proseslərdə irəliləyiş əldə etməyə şərait yaradır. Öz növbəsində, İsrailin də rəsmi Bakıdan gözləntiləri var. Təl-Əviv Azərbaycanın İsraildə səfirliynin açılmasını istəyir. Bir müddət öncə, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naxşon da Azərbaycanın da İsraildə səfirlik açmasının mümkün olduğunu deyib. “Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və İranın Qərblə münasibətlərində problemlərinin aradan qalxması Netanyahunun Bakıya səfərindən sonra Təl-Əvivdə səfirlik açılması ilə bağlı problemin öz həllini tapmasına kömək edə bilər”-Naxşon belə deyib. Siyasi ekspertlərin qənaətinə görə, Benyamin Netanyahunun səfərindən sonra İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi razılaşdırıla bilər. Sadəcə, bunun baş verməsi üçün qısa və ya orta müddətli zaman kəsiyi lazım olacaq. Eyni zamanda, İsraillə Azərbaycan arasında viza rejiminin ləğv olunması məsələsi gündəmə gələ bilər.

Baş nazirin Bakıya səfəri ilə İsrail-Azərbaycan arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha yüksək mərhələyə daxil olacağı gözlənilir. İsrail kəşfiyyatı-Mossadın rəhbəri Yosi Koen B.Netanyahunun Bakıda aparacağı müzakirələrin bəzi detallarını açıqlayıb. O, Azərbaycanın təhlükəsizliyinin xarici təhdidlərdən qorunması üçün İsrailin xüsusi xidmət orqanlarının gələcək planlarından danışıb: “Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə ilkin razılaşmaya əsasən, Mossad bu ölkə ilə terrorizmə və regional ekstremizmə qarşı mübarizədə, çevrilişlərin qarşısının alınmasında və çoxtərəfli regional müttəfiq kimi əməkdaşlıq edəcək. Bununla əlaqadar olaraq, tərəflər təcrübəli Mossad zabitlərinin Bakıda fəaliyyət göstərməsini razılaşdırıblar. Həmçinin Təl-Əviv və Bakı arasında mövsümi olaraq, təhlükəsizlik məsələlərinə dair birgə iclaslar keçiriləcək”- İsrail kəşfiyyatının rəhbəri belə deyib.

Qarşılıqlı razılaşmaya əsasən İsrailin Azərbaycanda “Dəmir Gümbəz” adlı raketdən müdafiə sistemi quraşdıracağına dair informasiyalar var. Bütün bunlar isə Azərbaycana Ermənistanın, Rusiyanın və İranın uzaqmənzilli raketlərindən qorunmaq imkanı verir. Eyni zamanda, terrorizmə və regional ekstremizmə qarşı birgə mübarizə Azərbaycanda İran kəşfiyyatının qarşısını almaqda, Dağlıq Qarabağ probleminin həllində ordunu daha müasir silahlarla, o cümlədən, uzaqmənzilli raketlərlə təmin etməkdə yardım göstərəcək. Bu isə Cənubi Qafqazda İranın və Rusiyanın geosiyasi təsirini azaltmaq imkanı yaradır.

İsrailin baş nazirinin Bakıya səfəri Azərbaycanın xarici siyasətində və mili təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Azərbaycanın İsraillə yaxınlaşması rəsmi Bakının Qərblə, xüsusilə də ABŞ-la münasibətlərindəki soyuqluğu aradan qaldırmaqda mühüm rol oynaya bilər. Azərbaycan hakimiyyəti buna nail olarsa, Rusiyanın təsir dairəsindən uzaqlaşmaq imkanı əldə edəcək. Rusiyanın Ermənistanla birlikdə hərbi birləşmələr yaratmasından sonra Kreml Azərbaycanı Dağlıq Qarabağ məsələsində güzəştə vadar etmək və Avrasiya İqtisadi Birliyinə daxil etmək üçün ciddi hərbi-siyasi təzyiq vasitəsi formalaşdıra bilib. Bu baxımdan, rəsmi Bakının hərbi-siyasi və təhlükəsizlik sahələrində İsraillə strateji müttəfiqlik əlaqələri qurması Cənubi Qafqazda Rusiyanın yaratdığı düzəni dəyişə bilər. Mövcud balansın dəyişməsi fonunda İsrailin regionda möhkəmlənməsi İranın təsir dairəsinin genişlənməsinin qarşısını alır. Rusiya və İran Cənubi Qafqazda özünün başlıca geosiyasi rəqibi kimi ABŞ başda olmaqla NATO-nu görür. Lakin hazırda bu bölgədə İsrailin timsalında daha bir geosiyasi oyunçunun fəallaşmasının şahidi oluruq. Gürcüstanın geostrateji müttəfiqi kimi ABŞ və NATO çıxış edirsə, son dövrlərə qədər balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycanın təhlükəsizliyinin təminatçısı qismində İsrail dövriyyəyə girir. Bu da yaxın gələcəkdə Cənubi Qafqazda Rusiyanın və İranın geosiyasi mövqeyinin zəifləməsinə şərait yaradacaq. Doğrudur, Türkiyə Azərbaycanın strateji dostu və və qardaş ölkə hesab olunur. Ancaq İsraildən fərqli olaraq, Türkiyə Azərbaycanın hərbi və milli təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak etmir. Benyamin Netanyahunun Azərbaycandan sonra Qazaxıstana səfər etməsi İsrailin yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Xəzər regionunda əsas aktorlardan birinə çevrilmək niyyətini ortaya qoyur. Ona görə də İsrailin bu bölgədə fəallaşması İran və Rusiya tərəfindən heç də sakit qarşılanmayacaq. Regionda marağı olan dövlətlərin İsrailin fəallığının qarşısını almaq cəhdləri yaxın perspektivdə bir sıra geosiyasi qarşıdurmaların baş verəcəyini istisna etmir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları