Yuxarı

Azərbaycan təhdid altında

Azərbaycan  təhdid altında

 

Elşən Manafov: “Azərbaycanın İsraillə əməkdaşlığı İranı qane etmir”

Fikrət Sadıxov: “O qüvvələr istəyir ki, Azərbaycanda sabitlik pozulsun”

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları digər dövlətlərin ölkəmizə təhdidləri və maraqlarına qarşı qətiyyətlə mübarizə aparır. Belə ki, qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirilir və Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmir, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışır, məlumat mübadiləsi aparır.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib: “Amma söhbət hansı dövlətlərdən gedirsə, bu müəyyən mənada bəllidir. Azərbaycan elə geostrateji məkanda yerləşir ki, məhz bu bölgədə Qərbin, xüsusilə, ABŞ-ın Rusiya ilə maraqları toqquşur. Elə buna görə də uzun zamandır ki, Azərbaycanın ən ciddi problemi olan Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilmir. Yəni, ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlərin Azərbaycanla bağlı maraqları üst-üstə düşmədiyindən bu problemin indiyədək öz həllini tapmamasının əsas səbəblərindən biridir. Təbii ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət Azərbaycanın milli təhlükəsizlik maraqlarına köklənib. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün regional və qonşu dövlətlərlə, ilk növbədə ABŞ və Avropa Biliyi ilə münasibətlərini qarşlılıqlı anlaşma prinsipi üzərində qurur. Zaman-zaman müəyyən dövlətlərin Azərbaycana təzyiq və təhdidləri olub. Bu təzyiqlər daha çox Azərbaycanı bəlli geostrateji kursdan kənara çıxartmaq və Bakıya müəyyən şərtləri qəbul etdirmək istəyindən irəli gəlir”.

“Azərbaycan NATO-ya üzv ola bilər”

Politoloq qeyd edib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və bölgədəki münaqişələr Bakını Rusiya ilə münasibətlərdə təmkinli və ehtiyatlı bir mövqe sərgiləməyə sövq edir: “Azərbaycan Rusiyanın da təmsil olunduğu MDB və regional təşkilatların üzvüdür. Amma eyni zamanda Rusiya ilə münasibətlərdə istədiyi şeylər iqtisadi, sosial maraqlar və ilk növbədə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində problemə təsir imkanları nəzərdə tutulur. Çünki Rusiya bu münaqişəyə ciddi təsir imkanlarına malik bir tərəfdir. Hətta həlledici imkanlara malikdir. Ona görə də də biz Rusiya ilə münasibətlərdə zaman-zaman şimal qonşumuzun bölgə ilə bağlı maraqlarını nəzərə almaq məcburiyyətindəyik. Bundan əlavə Qərb Azərbaycanı özünün təhlükəsizlik sisteminə inteqrasiya olunmasını istəyərdi. Yəni, Azərbaycanın NATO-ya qəbulu ABŞ-ın marağı olan məsələdir. Azərbaycan həm də münaqişə tərəf olan bir ölkə kimi NATO-ya qəbul oluna bilər. Çünki NATO-nun qüvvədə olan nizamnaməsinə görə  bu mümkündür. NATO münaqişə olan dövlətləri öz tərkibinə qəbul edir. Azərbaycanı bu və ya digər mənada NATO-ya inteqrasiya istiqamətində vaxtından əvvəl ata biləcəyi addımlar digər regional dövlətlərə, xüsusilə, İran və Rusiyanı qıcıqlandırmaya bilməz. Ona görə də Xəzərin statusu ilə bağlı danışıqlarda da Xəzəryanı dövlətlər bütün hallarda Xəzərə birbaşa təması və çıxış imkanları olmayan üçüncü bir tərəfin çıxmasının qarşısının alınması üçün həmişə yekdil rəyə gəlirlər. Bu üçüncü tərəf təbii ki, ABŞ-dır”.

Elşən Manafov əlavə edib ki, Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatının fəaliyyətinin bu və ya digər mənada xarici kəşfiyyatlar tərəfindən istiqamətləndirilməsi ilə bağlı da zaman-zaman fikirlər səsləndirilir: “Bu aksiyalar çərçivəsində müxtəlif xarici kəşfiyyat qurumları ilə görüşlər, danışıqlar hər halda siyasi ekspertlərdə belə bir fikrin yaranmasına əsas vermişdi. Bunun nə dərəcədə real olub-olmaması məsələsi Azərbaycanın xüsusi xidmət orqanları və təhlükəsizlik xidmətinin işidir. Məlum məsələdir ki, bu və ya digər siyasi təşkilat Azərbaycanda dövlət çevrilişini həyata keçirən zaman vətəndaş qarşıdurmasını hədəfləyirsə, bu məsələyə bizim təhlükəsizlik orqanının münasibəti vacibdir və münasibətlər rəsmi səviyədə olmalıdır. Azərbaycanı təhdid və təzyiqlərə məruz qoyan ölkələr sırasında Rusiyanın olduğunu etiraf etmək lazımdır. Bundan əlavə təhdid və təzyiqlər Qərbdən də gələ bilər. Bütün hallarda Avropa Birliyində təmsil olunmuş dövlətlər də Azərbaycanın Avropa ilə münasibətlərini məhz birliyin təklif etdiyi maraqlar müstəvisində cəmləşməyə maraqlı olurlar.   Məhz buna görə də AŞPA Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı məsələrə münasibətdə birmənalı mövqe sərgiləyir və indiyədək Ermənistanın təcavüzkar ölkə olması ilə bağlı kifayət qədər hüquqi və siyasi anlamda aydınlıq gətirməyib. Hətta İrana gəlincə belə bu ölkə tərəfindən Azərbaycana qarşı zaman-zaman təhdid və təzyiqlər olub. Hazırda Azərbaycanın İsraillə əməkdaşlıq niyyəti İranı bu və ya digər şəkildə qane etmir. Azərbaycana təhdid və təzyiq edən ölkələr sırasında ilk növbədə Ermənistanı qeyd etməliyik. Amma bütün təzyiqlər Qərb birliyi tərəfindən də var. Etiraf etmək lazımdır ki, Azərbaycan özü terrora məruz qalmış bir tərəfdir. Ölkə beynəlxalq terrorizmə qarşı mübarizənin gedişində həmişə bu koalisiyanın tərəfində olub və Qərb tərəfindən Azərbaycana terrorizmlə mübarizəyə qarşı hər hansı dəstək olmayıb. Azərbaycan zaman-zaman ABŞ-ın,  İranın və Rusiyanın təzyiqlərinə məruz qalıb. Baxmayaraq ki, hazırda tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq anlamındadır”.

“Müxtəlif təşkilatlara dəstək verilir”

Siyasi şərhçi Fikrət Sadıxov isə bildirib ki, bu məsələdə ilk növbədə söhbət Ermənistandan gedir: “Ermənistan Azərbaycanla açıq şəkildə müharibə aparır. Rəsmi İrəvanın siyasəti Azərbaycana qarşı təxribatlar törətmək  və stabilliyi pozmaqdır. Eyni zamanda müxtəlif istiqamətlərdə Azərbaycanın maraqlarına qarşı hansısa fəaliyyətlə məşğul olmaqdır. Mən deyə bilmərəm ki, bu məsələlərlə bütün ölkələr məşğul olur. İndi Azərbaycanın kifayət  qədər müttəfiqi də var. Amma bəzi Qərb ölkələrinin, xüsusilə, Rusiyanın daxilində Azərbaycana təhdid və təzyiq vasitəsi yaradan belə qüvvələr var və onlar Ermənistanın niyyətinin arxasında durur.O qüvvələr çox istəyir ki, Azərbaycanda müəyyən təxribatlar törədilsin və stabillik pozulsun. Biz bunu bilirik və dəfələrlə bununla rastlaşmışıq. Azərbaycanda belə cəhdlər baş verir. Müxtəlif təşkilatlara dəstək verilir, bəzi nümayişlər təşkil olunur. Buna qarşı ciddi və mütəmadi şəkildə mübarizə aparmalıyıq. Həddindən artıq ayıq-sayıq olmalıyıq. Bu tip məsələlərdə əsasən Dövlət Təhlükəsizlik Xidmətinin böyük rolu var”.

İrandan təhlükə varmı?

Azərbaycana təhdid və təzyiq edən ölkələr sırasında İranın olub-olmamasına gəlincə, politoloq qeyd edib ki, rəsmi Tehranı bu siyahıya daxil etmək olmaz: “Çünki rəsmi Tehranın siyasəti, Azərbaycanla münasibəti və qonşuluq əlaqələri bunu deməyə əsas vermir.

Amma İranın özündə də müxtəlif qüvvələr var. Fars-şovinist təşkilatları var ki, orada da radikal qüvvələr mövcuddur. Orada Azərbaycanın ərazi bütövlüyünə tamah salan müəyyən qatı islamçı dairələr də mövcuddur. Hətta vaxtaşırı oradan da Azərbaycana qarşı xoşagəlməz ifadələri eşidirik. Buna göz yummaq olmaz. Düşünmürəm ki, rəsmi Tehran Azərbaycana qarşı açıq şəkildə belə mübarizə aparsın və hər hansı çaxnaşma törətməyə çalışsın”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları