Yuxarı

ABŞ dünya arbitri rolunda

ABŞ dünya  arbitri rolunda

 

Kerrinin bəyanatı narazılıq yaratdı

Elman Nəsirli: “Avropada onun bəyanatına elə də ciddi yanaşmırlar”

ABŞ dövlət katibi Con Kerri avropalı həmkarlarına ciddi xəbərdarlıq edib. O, Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının iclasında çıxış edərək bildirib ki, Avropa və bütün dünyada avtoritarizm artıb. Onun sözlərinə görə, avtoritar düşüncənin artması insan haqları pozuntuları, müstəqil mediaya məhdudiyyətlər, tolerantsızlığın və nifrət cinayətlərinin artımı ilə müşayiət olunub. Siyasi şərhçilərin fikrincə, ABŞ dövlət katibi Con Kerri bu tip açıqlamalarla konkret olaraq Avropanı hədəfə alır.

Politoloq Elman Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Con Kerri bu fikirlərlə diqqəti özünə cəlb etmək istəyir: “Kerii fərqindədir ki, artıq yanvarın 1-dən etibarən yeni prezident fəaliyyətə başlayacaq. Bununla da Con Kerri dövlət katibi vəzifəsinə xitam vermiş olacaq. Dövlət katibi yəqin ki, öz vəzifəsindən vidalaşmamışdan öncə kəskin bəyanatlarla çıxış edərək diqqəti özünə cəlb etmək istəyir. Əslində dünyada avtoritar, demokratik rejimlər var. Amma məsələ ondadır ki, ABŞ bir çox hallarda dünyada arbitr statusuna iddialıdır. Yəni kimin “demokratik”, kimin isə “avtoritar” olmasını öz maraqlarına uyğun müəyyən etməyə çalışırlar. Çox vaxt bu məsələdə çox subyektiv siyasi mülahizələr, geopolitik maraqlar önə keçir. Dəfələrlə müşahidə olunub ki, geosiyasi maraqların cəmləşdiyi siyasi rejimlər ABŞ-a loyal mövqedədirsə, onun siyasətini dəstəkləyirsə, həmin ölkədə insan hüquq və azadlıqlarının pozulmasına göz yumulur. Amma ABŞ-ın maraqlarından çıxış etməyənə dövlətlər insan hüquqlarını total şəkildə pozmaqda ittiham edilir. Ona görə də hesab edirəm ki, ABŞ ən yalnış siyasətindən biri dünyada beləcə arbitr roluna iddia etməsidir. ABŞ-a qarşı beynəlxalq ictimai fikirdə də fərqli yanaşmalar olur. Bir çox insanlar həqiqətən o sualları verirlər ki, ABŞ özündə icad etdiyi demokratik modeli bütün dünyaya yaymaq və onu təkrarlamaq istəyir. ABŞ bəzən belə iddiada olur ki, bütün dünya onun çəkdiyi “Marlboro” siqaretdən çəksin. Bütün dünya ABŞ-ın musiqilərinə qulaq assın, Hollivudun çəkdiyi filmlərə baxsın. Bu da dünyada heç bir halda müsbət qarşılana bilməz”.

Politoloq qeyd edib ki, Con Kerrinin bu açıqlaması artıq vəzifəsi ilə vidalaşan bir şəxsin mövqeyi kimi də səslənə bilər: “Avropa dövlətlərində də bu günlərdə istefası reallaşacaq bir dövlət katibinin bu cür bəyanatlarına elə ciddi yanaşmırlar”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları