Yuxarı

Roqozini Bakıya gətirən “İskəndər”

Roqozini Bakıya  gətirən “İskəndər”

 

Kreml suallarına Bakıda cavab axtarır

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana səfər edib. Roqozinin Azərbaycan prezidenti və digər rəsmilərlə görüşündə hərbi-texniki əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir. “Kommersant” qəzetinin verdiyi məlumata görə, Bakıda aparılacaq danışıqlarda Rusiyanın Ermənistana “İskəndər-M” raketləri verməsi məsələsi gündəlikdə olacaq.

Qeyd edək ki, Rusiyanın Ermənistana nüvə başlığı daşıyan uzaqmənzilli raketlər satması Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmuşdu. Bu il sentyabrın 28-də İrəvanda keçirilən hərbi paradda 500 km məsafəni vuran “İskəndər-M” raketlərinin nümayiş etdirilməsi aprel döyüşlərindən sonra Ermənistanın hərbi fəallığının yenidən artmasına şərait yaratdı. Bəzi siyasi ekspertlər isə bu raketlərin yalnız Azərbaycana qarşı deyil, NATO-nun Cənubi Qafqazda təsirinin qarşısını almaq məqsədilə Ermənistana yerləşdirildiyini bildirir. Ümumiyyətlə isə, Kreml “İskəndər-M” raketlərinin Ermənistana verilməsi məsələsini indiyə qədər Azərbaycanla yüksək səviyyədə müzakirə etməyib. Ancaq indi Rusiyanın belə bir addım atması çox güman ki, səbəbsiz deyil.

Dmitri Roqozin Rusiyanın silah biznesinə rəsmən başçılıq edən bir şəxs hesab olunur. Bu baxımdan, onun Bakıya hansısa təkliflə gəldiyi istisna olunmur. Yəni, Rusiya baş nazirinin müavini Azərbaycana “İskəndər-M” raketləri təklif edə bilər. Çünki Azərbaycan Rusiyanın potensial silah alıcılarından biri sayılır.

Bununla bağlı “Kommersant”a açıqlama verən mənbə 2010-2014-cü illərdə Azərbaycanın Rusiyadan müqavilə əsasında iki divizyon S-300 PMU zenit-raket sistemləri, “Top-M2E” zenit raket kompleksləri üçün bir neçə batareya, 100 ədə döyüş və nəqliyyat helikopteri aldığını yazır. Həmçinin, 100 ədəddən az olmayaraq T-90S tanklarının və BMP-3 piyadaların döyüş maşını, 18 ədəd özüyeriyən “Msta-S” artilleriya qurğusu, TOS-1A odsaçan sistemləri, “Smerş” yaylım atəşli reaktiv sistemlərinin alınmasına dair sazişlər bağlanıb. 2016-cı ildə Rusiya Federasiyası BTR-82A zirehli transportyorların və BMP-3 piyada döyüş maşınlarının təchizatını davam etdirib. Azərbaycan bu hərbi texnikadan 2015-ci ildə ən azı 30 ədəd satın alıb.

Lakin son dövrlər Azərbaycanın uzaqmənzilli raketlər əldə etmək istəyi görünür, Rusiyanın diqqətini cəlb edir. Rəsmi Bakı qeyd edilən məsələ ilə bağlı bir neçə ölkə ilə danışıqlar apardığını da bildirib. Həmin dövlətlər arasında, Pakistan, İsrail, Rusiya, Belarus, Türkiyə də var. Hətta Azərbaycan uzaqmənzilli raketlərin istehsalı texnologiyasını əldə etməyə də çalışır. Azərbaycanın bu səyləri başa düşüləndir. Azərbaycanın müharibə apardığı Ermənistan artıq “İskəndər-M” raketlərinə malikdirsə, qarşı tərəfin də bu silahları əldə etmək cəhdi təbii haldır. Ona görə də D.Roqozin ilk növbədə Ermənistana həmin raketlərin nə üçün verildiyinə rəsmən aydınlıq gətirməlidir. Digər tərəfdən, Roqozin özü də hələ may ayında Rusiyanın Azərbaycana silah satmayacağı halda, bu bazarı başqa dövlətlərin tuta biləcəyini söyləmişdi. Moskva uzaqmənzilli raketlər əldə etməyə çalışan Azərbaycanı bir müştəri kimi itirməmək üçün “İskəndər-M” raketlərini almağı təklif edə bilər.

Roqozinin keçirəcəyi görüşlərdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı bir sıra suallara da cavab tapmağa çalışacağı ehtimal edilir. Çünki İsrailin Azərbaycanın əsas hərbi-texniki və təhlükəsizlik sahəsində əsas müttəfiqlərindən biri olmaqla yanaşı, həm də regionda geosiyasi fəallığının artması müşahidə olunur. Hətta İsrailin Azərbaycanda raketdən müdafiə sistemi quracağına dair məlumatlar yayılıb. Bu isə Azərbaycana Ermənistandakı “İskəndər-M” raketlərindən qorunmaq üçün tam şərait yaradır. Ona görə də Rusiya Azərbaycana həmin raketləri satmağa cəhd etməklə qabaqlayıcı addım atmağa çalışa bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları