Yuxarı

Azərbaycan üçün riskli plan

Azərbaycan  üçün riskli plan

 

Ter-Petrosyanın “həll modeli” ərazi bütövlüyümüzə təhlükədir

Fərhad Mehdiyev: “Sülhməramlılar gəlsə, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxacaq”

“Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanın gələcəyi yoxdur”. Bu açıqlamanı Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan rəhbərlik etdiyi təşkilatın qurultayında çıxış edərkən söyləyib. O, bildirib ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi, iqtisadi inkişafı, demoqrafik vəziyyətin genişləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin normallaşmasından asılıdır.

Levon Ter-Petrosyan Erməni Milli Konqresini 2017-ci ildə keçiriləcək parlament seçkilərində “Sülh, barışıq və mehriban qonşuluq” şüarı altında iştirak etməyə çağırıb. Onun sözlərinə görə, bu problem həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın heç bir inkişaf perspektivinin olmadığını anlamaq üçün 18 il az müddət deyil. Birinci prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından dərhal sonra Ermənistan-Türkiyə münasibətləri normallaşacaq.

“Hazırda Qarabağa dair danışıqlar masasında məsələnin mərhələli həll variantı qoyulub. Əslində bu gün danışıqlar masasında 1997-ci ildə olduğu kimi nizamlanmaya dair bərabər qarşılıqlı güzəştlər barədə təkliflər var. Bu variant müəyyən ərazilərin güzəştə gediləsi hesabına Dağlıq Qarabağa beynəlxalq səviyyədə tanınan aralıq statusunun verilməsindən ibarətdir. Yekun status məsələsi isə gələcəyə saxlanılır. Dağlıq Qarabağla Azərbaycan silahlı qüvvələrini ayıran cəbhə xəttinə isə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilir”-Ter-Petrosyan belə deyib.

EMK-nin lideri rəsmi İrəvanı güzəştə getməyə çağırıb və bildirib ki, əgər Ermənistan bu imkanı əldən buraxsa, ölkə üçün daha pis olacaq. O, münaqişənin həll olunmaması səbəbindən əziyyət çəkən həm azərbaycanlıların, həm də ermənilərin bərabər,dinc, yanaşı yaşamaq imkanlarının qaldığına inandığını deyib.

Levon Ter-Petrosyanın açıqlaması Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesində “Madrid prinsiplərinə dayanan və Rusiya tərəfindən hazırlanmış “Kazan formulu”ndan söhbət getdiyini deməyə əsas verir. Çünki Rusiyanın irəli sürdüyü model işğal altında olan bir neçə rayonun Azərbaycana qaytarılması müqabilində Dağlıq Qarabağa aralıq statusun verilməsini və Azərbaycanın digər əraziləri ilə Dağlıq Qarabağ arasında sülhməramlı qüvvələrin yerləşdirilməsini, ikinci mərhələdə Kəlbəcər və Laçının qaytarılmasını, üçüncü mərhələdə isə Dağlıq Qarabağın referendum yolu ilə hüquqi statusunun müəyyənləşdirilməsini nəzərdə tutur. Lakin sözügedən təkliflər paketində beş rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) qaytarılmasından söhbət getdiyi bildirlirdi. Sonradan isə Rusiyanın əslində, beş deyil, yalnız Cəbrayıl və Füzuli rayonlarının qaytarılmasını təklif etdiyi haqda informasiyalar ortaya çıxdı. Kremlin mübahisə obyekti olan əsas şərtlərindən biri isə Rusiya silahlı qüvvələrinin sülhməramlı mandatı ilə Dağlıq Qarabağa yerləşdirmək cəhdidir. Siyasi ekspertlərin fikrincə, Rusiya ordusunun Azərbaycan silahlı qüvvələri ilə Dağlıq Qarabağ və digər iki rayon arasında yerləşdirilməsi həmin ərazilərin birdəfəlik itirilməsinə səbəb ola bilər. Bundan sonra rəsmi Bakı digər əraziləri qaytarmaq üçün hərbi əməliyyatlara başlamaq imkanından məhrum olacaq. Ona görə də 2-3 və ya 5 rayonun qaytarılması müqabilində Rusiya ordusunun münaqişə zonasına yerləşdirilməsi və Azərbaycanın da Dağlıq Qarabağın yekun statusunun qeyri-müəyyən müddətə salınması barədə təkliflə razılaşması yalnız Ermənsitanın maraqlarına cavab verir. Çünki bu həll modeli yalnız Dağlıq Qarabağın və əlavə olaraq bir neçə rayonun Azərbaycanın yurisdiksiyasından çıxmasına səbəb ola bilər. Levon Ter-Petrosyan da böyük ehtimalla məhz bütün bunları nəzərə alaraq, danışıqlar masasındakı mövcud təkliflərin Ermənistan üçün sərfəli olduğunu dilə gətirir.

Xatırladaq ki, aprel ayında baş vermiş “Dörd günlük müharibə”dən sonra Ermənistan prezidenti Serj Sarkisyan Levon Ter-Petrosyanla görüşmüş və yaranmış gərginliyi aradan qaldırmaq üçün onu Xankəndinə göndərmişdi. Bu baxımdan, sabiq prezidentin çıxışı onun danışıqlar masasından kifayət qədər məlumatlı olduğunu təsdiq edir.

Politoloq Fərhad Mehdiyevin sözlərinə görə, Levon Ter-Petrosyanın çağırışı Ermənistanın hazırkı ağır sosial-iqtisadi vəziyyəti ilə bağlıdır. EMK sədri blokada vəziyyətində olan ölkəsinin işğal ediyi əraziləri Azərbaycana qaytarmadan çətin durumdan xilas ola bilməyəcəyini anlayır: “Ter-Petrosyanın prezident olduğu dövrdə münaqişənin nizamlanmasına dair mövqeyi də bu ətrafda idi. O, müəyyən kompromisə gedərək Dağlıq Qarabağ probleminin nizamlanmasının tərəfdarı olub. Artıq Ermənistan Azərbaycanla müharibə vəziyyətində olduğuna görə, hərbi xərcləri artırmağa məcbur olur, Rusiya ilə müxtəlif hərbi ittifaqlara girir. Halbuki, Dağlıq Qarabağ problemi həll olunsaydı, Ermənistan belə xərclərə pul ayırmazdı. Münaqişə Ermənistanın iqtisadi inkişafını geri salıb, o infrastruktur layihələrində iştirak edə bilmir. Ter-Petrosyanın vurğuladığı məqam da məhz bununla bağlıdır”.

Fərhad Mehdiyev onu da bildirdi ki, münaqişənin həllinə nail olmaq üçün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsi qaçılmaz olacaq. Beynəlxalq missiyalar da bölgədə sülhməramlıların yerləşdirilməsini vacib hesab edir: “Ona görə də sülhməramlı qüvvələrin cəbhə xəttinə yerləşdirilməsi Azərbaycanın maraqlarını təhlükə altına ala bilər. Çünki Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə dair referendumda ermənilərin verəcəyi qərar bəri başdan məlumdur. Onlar Azərbaycanaın tərkibindən çıxmaq qərarı verə bilər. Bu proses, Azərbaycan iqtisadi cəhətdən güclənəcəyi və Ermənistan zəifləyəcəyi təqdirdə müsbət nəzticə doğurardı. Amma bunu söyləmək çətindir. Neftin qiymətləri sürətlə aşağı düşür, Azərbaycanın yüksək inkişafını gözləmək mümkün deyil.

Digər tərəfdən, Türkiyə ilə sərhədlər açılsa, ermənilərin də iqtisadi cəhətdən vəziyyəti düzələcək. Qeyri-müəyyən müddət dedikdə, Azərbaycan bu prosesi müəyyən qədər yalnız uzada bilər. Amma fakt budur ki, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin başqa yolla həlli görünmür. Hərbi yolla olmasa, sülh yolu ilə həllində ən rasional variant budur. Ya da hərbi yola üstünlük vermək lazım gələcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları