Yuxarı

İrandan daha bir xəyanət

İrandan daha  bir xəyanət

 

İran prezidenti İrəvana gedir

Natiq Miri: “İslam dünyasında fitnə-fəsad yaradan tək dövlət İrandır”

İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfər edəcək. Bu xəbər Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub. Azərbaycan torpaqlarını 24 ildən artıq işğal altında saxlayan Ermənistana İranın dəstək verməsi heç də ürəkaçan məqam deyil. İran hər zaman Ermənistana maddi, mənəvi dəstək olub. Bununla belə İran hətta Azərbaycanın daxili işinə də qarışmağa cəhd göstərir.

Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana etdiyi rəsmi səfər İran rejiminin ciddi etirazına səbəb oldu. Hətta İran dini liderləri Azərbaycan dindarlarını bu səfərə etiraz etməyə də çağırdılar. İran bir tərəfdən Ermənistanın ayaqda qalması üçün əlindən gələni edir, digər tərəfdən də Azərbaycanın xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. İranın işğalçı Ermənistana dəstək verməsi, İranı da birbaşa işğalın iştirakçısı edir.

“Molla rejimi qeyri-səmimidir”

İran prezidentinin Ermənistana rəsmi səfərini “Cümhuriyət” qəzetinə şərh edən politoloq Natiq Miri deyir ki, əgər İranın bütünbu məsələlərə ikili standartlardan yanaşması olmasaydı, bir qonşu dövlət kimi Ruhaninin Ermənistana səfərini normal qarşılamaq olardı: “Ancaq İran özünün etmədiyi məsələləri Azərbaycandan tələb edirsə və bundan sonra ikiüzlülüyü, riyakarlığı ortaya qoyursa, təbii ki, İranın səmimiyyəti şübhə altına düşür. İran Azərbaycanın daxili işlərinə qarışmaqla Netanyahunun Bakıya səfərini bir növ özlərinin təhlükəsizliyinə təhdid kimi dəyərləndirdilər. İran bir az da irəli gedərək Azərbaycan ictimaiyyətini bu səfərə qarşı dirəniş göstərməyə çağırdılar. Əgər həqiqətən də İrandan Azərbaycana qarşı bu cür tələblər varsa o, zaman 20 faiz torpaqların işğalı və Xocalı kimi soyqırım hadisəsi məhz Ermənistan tərəfindən törədilib.

Ağsaqqallıq iddiasında olan İran Azərbaycanın maraqlarını müdafiə etmir. Amma biz bu gün İrandan bu addımları görmürük. Əksinə, bütün çətin məqamlarda Ermənistanı ayaqda tutan məhz İran olub. Bunun arxasında dayanan səbəblər təkcə Ermənistanın İranla qonşu ölkə olması deyil. Açıq görünür ki, Ermənistan geosiyasi məkan olaraq İranın maraqlarına uyğun olmasıdır. Ermənistan kiçik bir dövlətdir və Rusiya tərəfindən iki türk dövlətinin ortasında yaradılıb. Məqsəd də ondan ibarətdir ki, iki böyük türk dövlətinin quru yolla əlaqələri kəsilsin. Bu hadisənin özü bilavasitə İranın geosiyasi maraqlarına xidmət edir. Buna görə də Ermənistan hər zaman İran tərəfindən dəstəklənib.

“İran bununla müsbət imic qazanmayacaq”

Ekspert hesab edir ki, İran hər zaman öz maraqları naminə Azərbaycanı qurban verib: “Hələ 90-cı ilin əvvəllərində Azərbaycan müstəqil olandan sonra İsraillə nə diplomatik, nə hərbi, nə də siyasi əlaqələri yox idi. Ancaq o zamanlarda da Ermənistana birmənalı dəstək məhz İrandan verilirdi. Azərbaycanın ürəyi hesab olunan Şuşanın işğalı zamanı Azərbaycan prezidenti məhz İranın Tehran şəhərində Ermənistan prezidentilə Dağlıq Qarabağ məsələsini müzakirə edərkən işğal olundu. İran o zamanda da əlini daşın altına qoymadı. İran Ermənistana heç bir məhdudiyyət, sanksiya tətbiq etmədi. Ona görə də bütün zamanlar İran öz geosiyasi maraqlarına Azərbaycanı qurban verib və bu gün də davam edir. Nəinki islam dünyasında fitnə-fəsad çıxaran tək ölkə İrandır. İran prezidentin növbəti Ermənistan səfəri də Azərbaycan toplu tərəfindən heç bir vəchlə müsbət şərhlə qarşılana bilməz. O, zamana qədər ki, İran sözün əsl mənasında bir müsəlman dövləti olduğunu ortaya qoyacaq. Əks tədqirdə, bu cür ikili standartlarla, Azərbaycanın düşmənlərini yemləməklə türk toplumunda müsbət imic qazanmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları