Yuxarı

Moskva sazişi Suriyaya sülh gətirəcək?

Moskva sazişi  Suriyaya sülh  gətirəcək?

 

Qabil Hüseynli: “Müvəqqəti əmin-amanlıq yarada bilər”

Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin dekabrın 20-də Moskvada keçirilmiş görüşündə Suriya böhranının həllinə dair üçtərəfli razılaşma əldə olunub. Eyni zamanda, adları çəkilən dövlətlərin müdafiə nazirlərinin də toplantısı keçirilib.  Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zəriflə aparılan müzakirələrdən sonra Sergey Lavrov bəyan edib ki, Suriya probleminin həllinə dəstək üzrə Cenevrədəki beynəlxalq qrupu BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin əsasını təşkil edən bir neçə sənəd qəbul etməsinə baxmayaraq, öz vəzifəsinin öhdəsindən gələ bilməyib. Həmin qrup ABŞ-ın dəstəyi ilə yaradılmışdı. Diplomat ABŞ-la danışıqları faydası olmayan nəticəsiz yığıncaqlar adlandırıb.

Bunun nəticəsi olaraq, hər üçü ölkənin xarici işlər nazirləri Suriyada atəşkəsə diplomatik dəstək verilməsi barədə razılıq əldə ediblər. Danışıqlarda atəşkəs rejiminin İŞİD və “Ən-Nüsrə” Cəbhəsi terror təşkilatlarına aid olmadığına dair də razılaşmaya gəliblər. Məsələni şərh edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun mütəxəssisi İrina Zvyagelskayanın sözlərinə görə, Hələbin məğlubiyyəti danışıqların bağlı qapılar arxasındakı məzmununa təsir göstərib.

“Türkiyə şəhərin şərq hissəsindən dinc əhalinin çıxardılmasına böyük töhfə verib. Moskvanın və Ankaranın mövqeləri əlbəttə ki, üst-üstə düşmür. Amma pozitiv dialoqu bu istiqamətdə inkişaf etdirməyə imkan verən yaxın taktiki məqamlar var”.

Tərəflərin Suriya prezidenti Bəşər Əsədin siyasi taleyi ilə bağlı da mövqelərinin yaxınlaşdığı bildirilir. Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Yelena Suponinanın rəyinə görə, bu plan Suriyada yeni seçkilərin keçirilməsini nəzərdə tutur. “Tərəflər arasindaki əlaqələrin gedişində bu seçkilərin nədən ibarət olacağı müəyyənləşəcək. Bu prezident seçkilərimi olacaq, yoxsa parlament seçkilərimi. Zəruri olan bu işə yeni konstitusiya əsasında başlamaqdır. 2254 saylı qətnamə bu planın həyata keçirilməsi üçün təsirli mexanizmlərin yaradılmasını nəzərdə tutur”.

Moskva görüşündəki razılaşmaya əsasən, Türkiyə, İran və Rusiya Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması prinsipindən çıxış edirlər. Bu isə Əsəd rejiminin maraqlarına cavab verir. Rusiyalı Yaxın Şərq üzrə ekspert Qumer İsayev isə bildirb ki, əgər Rusiya, Türkiyə və İran öz aralarında razılığa gələ bilsə, Suriya böhranı vaxtından tez aradan qalxacaq: “Suriyanın təsir zonalarına bölünməsi planı da var. Türklərə küdlərin təşkilatlanmasına imkan verməmək üçün şimal ərazilər lazımdır. Rusiyaya hərbi obyektin infrastrukturuna nəzarət etmək üçün Tartus lazımdır. İran da ona loyal yanaşan Əsədin hakimiyyətdə qalmasında maraqlıdır. O, İranın Livana və şiə “Hizbullah”la birbaşa əlaqəyə girməsini təmin edir.

Türkiyə üzrə ekspert Yuri Mavaşevin açıqlamasına görə, tərəflər artıq sonradan reallığa çevriləcək şərti sərhədlərin keçilməsi haqqında razılığa gəliblər. Mavaşevin fikrincə, Rusiya, İran və Türkiyə regionda öz maraqlarından çıxış etsələr Səudiyyə Ərəbistanı və Qətər də mövqeyini ortaya qoyacaq: “Belə olan halda vəziyyətin sabitləşməsi yaxın perspektivdə daha az ola bilər. Münaqişə bir-iki il dondurulmuş olacaq”.

Onun fikrincə, insident hər an baş verə bilər. Çünki tərəflərdən heç biri vəziyyətə tam nəzarət etmək imkanına malik deyil.

Bir sıra mütəxəssislərin qənaətinə görə, Rusiya və İran ittifaqı ilə kompromisə getmək Türkiyə üçün sonda ciddi siyasi itkilərlə nəticələnə bilər. Moskva görüşündə Suriyanın ərazi bütövlüyünə dair təklifə imza atan Türkiyədən müəyyən dövrdən sonra Rusiya və İran öz qoşunlarını Suriya ərazisindən çəkməyi tələb edə bilər. Üstəlik, Suriyada hakimiyyət dəyişikliyi barədə anlaşmaya Rusiya və İranın nə qədər əməl edəcəyi məlum deyil.

Politoloq Qabil Hüseynli hesab edir ki, Moskva razılaşması Suriya böhranını həll edə bilməz. Sadəcə olaraq, müəyyən dövr üçün siyasi gərginliyi azalda bilər: “Rusiya, Türkiyə və İran Suriyada müxalifətin bütün qüvvələrini deyil, müəyyən hissəsini qəbul etməyə hazır olduqlarını bildirdilər. Ona görə də bu saziş Suriyada əmin-amanlıq yarada bilməyəcək. Bəşər Əsəd Rusiyanın və İranın dəstəyi ilə müəyyən müddətə möhkəmləndirə bilər. Amma bütövlükdə problemi həll emək mümkün olmayacaq. Əvvəla, münaqişənin aradan qaldırılması üçün donor ölkələr lazımdır. Yəni azad seçkilər keçirilməlidir, Suriyanın dağılmış infrastrukturnu bərpa etmək üçün 700 milyard dollar həcmində vəsait lazımdı. Həmin sazişi imzalayan dövlətlərdən heç biri bu vəsaiti ödəmək imkanına malik deyil. Ümummilli konsensusu əldə edilmədiyindən bu saziş Suriyada sabitliyi bərpa etməyəcək”.

Qeyd edək ki, Moskva görüşündən dərhal sonra məsələyə rəsmi Vaşinqton etirazını bildirib. Dövlət Departamentinin sözçüsü Con Kerbi bildirb ki, ABŞ Suriya probleminin həllində iştirak edən tərəf kimi prosesdən kənarda qala bilməz.   Hüseynlinin sözlərinə görə, Moskva sazişinə imza atan tərəflər ABŞ-ı da danışıqlara cəlb edəcəklər. Amma hazırkı situasiyada Suriya böhranının nizamlanması ilə bağlı üstünlük hazırda Rusiyadır. Ona görə də Türkiyə Rusiyanın müəyyən etdiyi bağlı qəbul etmək məcburiyyətindədir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları