Yuxarı

“İncirlik”: Kreml və Ağ Ev qarşı-qarşıya

“İncirlik”: Kreml və Ağ Ev qarşı-qarşıya

Sabir Məmmədli: “Türkiyə israrlı mövqeyindən dönməyəcək”\\ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməməsi Ankara ilə münasibətlərdə ciddi narazılığa səbəb olub. Artıq Türkiyə rəhbərliyi buna cavab olaraq “İncirlik” hərbi hava bazasının ABŞ-ın icarəsindən geri alınacağını istisna etməyib. Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterraş ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “İncirlik” bazasının bağlanılacağı barədə deyilənləri təkzib edib. Ancaq Çavuşoğlu hərbi hava bazasının statusuna yenidən baxılacağını vurğulayıb.\Türkiyənin müdafiə naziri Fikri İşık isə bu mövzuda daha sərt danışıb: ““İncirlik” bir NATO bazası deyil”-deyən nazir xarici hərbi hava qüvvələrinin Türkiyənin icazəsi ilə oradan istifadə etdiyini deyib.\\Qeyd edək ki, rəsmi Ankara ABŞ-dan Suriyanın Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi üçün gedən döyüşlərdə ABŞ-dan hərbi yardım göstərmək barədə razılaşmaya əməl etməyi tələb edir. “İncirlik” bazasından havaya qalxan ABŞ təyyarələri isə 20 km uçduqdan sonra Əl-Baba çatmamış geri qayıdıb.\\Bundan sonra tərəflər arasında münasibətlər daha da gərginləşib. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Türkiyədən Suriya ərazisində 35 km-ə qədər irəliləmək şərti qoyub. Türkiyə sərhəddinin 35 km-lik məsafəsindən sonra isə kürd silahlılarının nəzarətində olan ərazi başlayır. Bu, Türkiyənin ərazi bütövlüyü üçün təhdid olduğundan prezident Ərdoğan ABŞ-ın şərtini qəbul etməyəcəklərini deyib.\Müdafiə naziri Fikri İşık ABŞ-ı Menbiç şəhərinin də PYD/YPG terrorçularından təmizlənməsi üçün Türkiyəyə verdiyi sözə əməl etməyə çağırıb. Vaşinqton vədinə əməl etməyəcəyi halda, F.İşık Türkiyə silahlı qüvvələrinin Menbiçi azad etmək üçün hərbi əməliyyatlara başlayacağını açıqlayıb.\\“İncirlik” aviabazasının statusuna yenidən baxılacağı barədə məlumatlar, həmin hərbi obyektin ABŞ-dan alınaraq Rusiyanın icarəsinə veriləcəyi fikrini gündəmə gətirib. NATO üzvü olan Türkiyənin ərazisindən ABŞ hərbi hava bazasının çıxarılması və onu Rusiyanın əvəz etməsi Kreml üçün geostrateji əhəmiyyətə malik qələbə deməkdir. Ancaq NATO-nun sıxışdırılması və Rusiya hərbi hava qüvvələrinin Türkiyə ərazisində yerləşməsi bu ölkənin milli təhlükəsizliyi üçün ciddi problem yarada bilər. Türkiyə NATO ilə Rusiya arasında hərbi-siyasi qarşıdurma meydanına çevrilə bilər. Bunu yaxşı anlayan Ankara çox güman ki, “İncirlik” məsələsindən ABŞ-a qarşı daha çox təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Siyasi müşahidəçilərin fikrincə, ABŞ “İncirlik” bazasını əldən verməyə razı olmayacaq. Çünki bu hərbi aerodrom ABŞ təyyarələrinin Yaxın və Orta Şərqə çıxışını qısa zamanda təmin edə biləcək ən əlverişli məkandır. Bu səbəbdən yəqin ki, Birləşmiş Ştatlar Ankara ilə kompromisə gəlməyə çalışacaq.\\Türkiyəli şərhçilər ABŞ-ın laqeydliyini Suriya böhranı ilə bağlı Ankaranın Rusiya və İranla yaxınlaşması ilə izah edir. Digər ehtimallara görə, “Ağ Ev”-in Suriyadakı kürd separatçılarına dəstək verməsinə qarşı Türkiyənin müqaviməti münasibətlərin pisləşməsində mühüm rol oynayıb. Diplomatik qaynaqlara istinadən əldə edilən bəzi məlumatlara görə, ABŞ Türkiyə ilə məxfi danışıqlarda Əl-Babdakı İŞİD mövqelərini bombalamağa razılıq verib. Bunun qarşılığında isə Ankaradan PKK və PYD-yə qarşı hərbi əməliyyatları dayandırmaq istənilib. Lakin Türkiyə hökuməti bu şərtlə razılaşmayıb.\\Beynəlxalq münasibətlər üzrə ekspert Sabir Məmmədlinin sözlərinə görə, Türkiyə-ABŞ münasibətlərinin pozulması “İncirlik” hərbi hava bazasının statusuna da təsir göstərib. Lakin S.Məmmədli sözügedən aviabazanın ABŞ təyyarələri üçün bağlanacağına dair deyilənləri real hesab etmir: “”Fərat qalxanı” əməliyyatının başlaması ilə Türkiyə Suriyanın şimalında özünün təhlükəsizlik zolağını yaratmağa başladı. Bu da ziddiyyətlərə gətirib çıxarıb. Çünki ilkin mərhələdə Birləşmiş Ştatlar həm Əsəd rejiminə, həm də İŞİD-ə qarşı mübarizədə PYD-ə və onun silahlı qanadı olan YPG-yə dəstək verirdi. Bu da Suriyanın şimalında böyük bir əraziyə kürd terrorçuların nəzarəti ələ keçirməsi ilə nəticələndi. ABŞ-ın belə mövqe nümayiş etdirməsi Türkiyənin ciddi narazılığına səbəb olub. Təəssüflər olsun ki, həmin dövrdə ABŞ xarici siyasət xəttində müəyyən qarışıqlıq yarandı. \\“Fərat qalxanı” əməliyyatına başlanıldıqdan sonra rəsmi Ankara öz mövqeyini kəskin şəkildə ortaya qoydu və Menbiçdən PYG yaraqlılarının çıxarılacağına dair sözdə ABŞ-la razılıq əldə edilmişdi. Ancaq ABŞ öz sözünün üstündə durmadı. Bu proses uzandı və Türkiyə ilə Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya arasında narazılığın artmasına səbəb oldu. Eləcə də koalisiya qüvvələri Türkiyəyə Əl-Bab əməliyyatında da dəstək vermədi. Fasktiki olaraq, Suriyada ABŞ-ın və koalisiya qüvvələrinin təsir imkanları sıfıra yaxınlaşıb. Atəşkəs rejiminə dair Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya Əsəd rejimi və Ankaranın dəstəklədiyi 60-70 minlik müxalifət qüvvələri əməl edərsə, Suriya ərazisində Türkiyə kifayət qədər geosiyasi nüfuza malik ola bilər. Rusiyanın və İranın Türkiyəni dəstəkləməsi Ankaranın Suriyada güclü nüfuz sahibi olmasından xəbər verir.\\ Bu baxımdan, ABŞ-ın və koalisiya qüvvələrinin nüfuz dairəsi azalır. Ona görə də AB, təsir vasitəsi kimi PKK-nın Suriya qolu sayılan PYD-ni dəstəkləyir və onlara silah verir. Həmin silahların da bir qismi İŞİD-in əlinə keçirdi. Amerika Türkiyənin siyasətini dəstəkləmir. Ona görə də Türkiyə özünün siyasətini qurmağa başladı. Baş verən terror aktları da onu göstərir ki, terrora qarşı mübarizədə Qərb dövlətləri Türkiyəni müdafiə etmir. Ona görə də Türkiyə “İncirlik” hərbi hava bazasının ABŞ təyyarələri üçün qapadılması məsələsini gündəmə gətirib. Amma rəsmi Ankara bu amildən ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edir. Türkiyənin dediyi kimi “İncirlik” bazasını bağlayacağına və hadisələri dərinləşdirəcəyinə inanmıram. Çünki ABŞ-ın və Avropa ölkələrinin praqmatik siyasətçiləri başa düşürlər ki, NATO-nun üzvü olan, həmçinin terror güclərinin qarşısında dayanan ölkə kimi Türkiyəyə dəstək vermək lazımdır”.\\Analitik bildirdi ki, ABŞ-ın Suriyada məsələsindəki siyasətinə kompleks yanaşmaq lazımdır. Vaşinqtonun Türkiyəyə dəstəkdən imtina etməsini yalnız konkret bir səbəblə bağlamaq olmaz. ABŞ-ın planı İraqın şimalından Suriyanın şimalındakı Afrin bölgəsinə qədər olan ərazini PKK və PYD-nin vasitəsilə nəzarətdə saxlamaqdır. Türkiyə isə belə situasiya ilə razılaşa bilməz. Ona görə də Türkiyə özü də cənub sərhədləri boyunca təhlükəsizlik sistemi yaratmaq niyyətindən uzaq görünmür.\\Türkiyə terrorizmə qarşı mübarizə, o cümlədən, “İncirlik” hərbi hava bazasının statusu ilə bağlı məsələlərdə ABŞ-ın mövqeyini yanvarın 20-də səlahiyyətləırinin icrasına başlayacaq prezident Donald Trampla müzakirə etmək istəyir. Hazırda Ankarada qeyd edilən problemlərin həllinə dair Tramp administrasiyası ilə anlaşma əldə ediləcəyinə dair ümidlər var. Ona görə də Türkiyə-ABŞ münasibətləri ilə bağlı müzakirələrin yanvar ayının sonuna doğru fəallaşacağı gözlənilir. Böyük ehimalla qarşıdakı həftələrdə Ankara daha çox gözləmə mövqeyi nümayiş etdirəcək.\\Sabir Məmmədlinin fikrincə, Türkiyə özünün təhlükəsizlik sistemini yaratmaqda israr edəcək: “Tramp bəyan edir ki, dövlətlərin daxili siyasi proseslərinə və təhlükəsizlik sistemlərinə müdaxilə etməyəcək. Bu baxımdan, hesab edirəm ki, ABŞ Türkiyə ilə anlaşa biləcək”. \\Müşfiq Abdulla





Həftənin ən çox oxunanları