Yuxarı

“Oğurlanmış pullar” molla rejimini böldü

“Oğurlanmış pullar” molla rejimini böldü

Siyasi gərginlik yeni mərhələyə girdi\\Sədrəddin Soltan: “Mühafizəkarlar Zəncaninin ölümünü tezləşdirmək istəyirlər”\\Tehran hökumətinin ali məhkəməsinin sədri Sadiq Laricani ilə prezident Həsən Ruhani arasında gərginlik yaranıb. Gərginlik edam cəzası verilmiş iş adamı Babək Zəncani üzərindən başlayıb. Belə ki, Ruhani Laricaninin Zəncanini edam cəzasına məhkum etməsini “yanlış” adlandırıb. Yerli Hökumətlərə Nəzarət və Təftiş Komitəsinin xüsusi iclasında Ruhani korrupsiyaya görə ölümə məhkum edilmiş Zəncani məsələsini qaldırdı. O, bildirib ki, bir adamın 3 milyard dolları təkbaşına oğurlaması mümkün deyil:\\“Bu mümkündürmü? O, kimə bağlıdır? Ona kim kömək edib? Onun tərəfdaşları kim olub? Onların mövqeyi nədir? Həmin pullar bu şəxsə necə ötürülüb? Məhkəmə bu məsələni araşdırıb və hökm çıxarıb, lakin insanların bu yöndə olan sualları cavabsız qalır. Tutaq ki, o edam olundu. Bəs bu oğurlanmış pulları necə olacaq?”.\\Babək Zəncani 2013-cü ildə həbs edilib. O, İranın Neft Nazirliyinə məxsus milyardlarla dollar pulu mənimsəməkdə ittiham olunur. Zəncani nüvə proqramına görə, ABŞ və Qərbin İrana neft satışına sanksiya tətbiq etdiyi vaxtlarda bir sıra region və Qərb dövlətlərinə neft satışını təşkil etmişdi. ABŞ bundan xəbər tutur və bildirir ki, Zəncani digər iş adamı Rza Zərrabla birlikdə sanksiya qaydalarını pozub. Həmin vaxt Zəncani İranda, Zərrab isə bir müddət sonra ABŞ-da həbs edildi. Babək Zəncaninin özü İranda nəşr olunan “Asiman” jurnalına müsahibəsində təsdiq etmişdi ki, sanksiyalar dönəmində xarici ölkələrə neft satışından 10 milyard dollar gəlir əldə edib.\\Ruhani iş adamını niyə müdafiə edir?\\Həsən Ruhaninin Zəncanini müdafiə etməsinə gəlincə, bu, sonuncu prezident seçkiləriylə bağlıdır. Belə ki, zəngin iş adamı Ruhaninin seçki kampaniyasını maliyyələşdirmişdi. Lakin bu iddia mediaya çıxdıqdan sonra prezidentin müşaviri Əkbər Türkan bunu təkzib etdi.\Lakin Ali Məhkəmə Zəncaniyə ölüm hökmü verərkən, Ruhaninin buna verdiyi reaksiya tamam başqa bir mövzuydu. O, Laricaniyə xəbərdarlıq edərək, ehtiyatlı olmağa çağırdı: “Xalqın maraqlarını nala-mıxa vurmaqla və düşüncəsizliklə qorumaq olmaz. Hər kəs öz səlahiyyətləri və vəzifələri çərçivəsində hərəkət etməli və ictimai rəyə cavab verməlidir. Məhkəmə də bu mənada çox ağır məsuliyyət daşıyır və həssas olmalıdır”.\\İranda yeni siyasi gərginlik dönəmi\uhaninin Laricaninin qərarına etiraz etməsininin səbəbi vaxtilə seçki kampaniyasında onu əlini cibinə salmağa qoymayaraq, qalib edən Zəncanini müdafiə etdiyi şəksiz idi. Məhz bundan sonra tərəflər arasında gərginlik dönəmi başladı. Amma Ruhani və Laricani arasındakı bu soyuqluğun yeganə səbəbi Zəncani ilə bağlı deyil. Son dönəmlərdə Həsən Ruhani məhkəmənin açıq meydanlarda konsertlərin keçirilməsiylə bağlı verdiyi qərara görə Sadiq Laricaniyə etiraz etməsi, digər yandan onun prezidentin komandasından olan siyasətçilərə qarşı hücuma keçməsi də bu qəbildəndir. Analitiklər siyasətdə kifayət qədər nüfuzları olan bu şəxslərin arasındakı soyuq münasibətlərin İranın dini-siyasi rejimi daxilində gərginliyə səbəb olacağını istisna etmirlər. Həsən Ruhaninin islahatçıların, Laricaninin də mühafizəkarların (din) təmsilçisi olduğunu nəzərə alsaq, bunun dini və siyasi seqmentlər arasında gərginliyə səbəb olacağı gözləniləndir.\\“Dindarlar Zəncaninin ölümünü tezləşdirmək istəyirlər, çünki...”\\\\Yaxın Şərq məsələləri üzrə mütəxəssis Sədrəddin Soltanın “Cümhuriyət”ə dediyinə görə, Həsən Ruhaninin müavini bildirib ki, əgər Babək Zəncani 3 milyard dollara yaxın dövlət vəsaitini geri qaytarsa, həbsdən azad ediləcək. S.Soltan hesab edir ki, Laricaninin iş adamına edam cəzası verməsi və buna görə, Ruhani ilə mübahisə etməsinin başqa tərəfləri var: “Babək Zəncani bu məsələdə əldəqayırma “çubuq”dur. Zəncani kimdir? Zəncandan olan adi taksi sürücüsüdür. Amma Tehran hökuməti beynəlxalq sanksiyalar məngənəsində sıxılanda ondan bir “çubuq” düzəltdilər. Zəncani də qeyri-qanuni yollarla Tehran hökumətinə həm qızıl gətirdi, həm də bu rejimin neftini satdı. İndi də həmin sistem bu məsələnin üzərinin açılmasını istəmədiyi üçün Babək Zəncanini aşağıdan yuxarı “xərc”ləmək istəyir. Guya Ruhani islahatçılar xəttinin təmsilçisidir, Laricani isə ayətullah Əli Xamneynin tərəfdarı, eləcə də mühafizəkar xəttin nümayəndəsidir. Tehran hökumətində əsas söz sahibi mühafizəkar xətdir. Yəni Zəncani məsələsi təkcə Ruhani və Laricani arasında öldüm-dirim savaşı yox, mühafizəkarlarla yumuşaq xətt arasındakı mübarizənin görüntüsüdür”.\Mütəxəssis hesab edir ki, yaxın zamanlarda Babək Zəncaninin edam edilməsi ehtimalı azdır: “Çünki Zəncaninin başqa bir tərəfi də var, bu da ABŞ-da həbs olunuş iş adamı Rza Zərrabdır. Zərrab ABŞ-da mühakimə olunur. Bu bir “zəncir”dir. “Zəncir”i qırmaq istəyən Tehrandakı sərt xətt çalışır ki, Zəncani haqqında çıxarılmış edam cəzası icra olunsun.\\Əks halda, Tehran hakimiyyətinin özü ifşa olunacaq. Çünki bu baş verməsə, o fakt ortaya çıxarılacaq ki, rejim müxtəlif yollarla nefti “qara bazar”a çıxararaq aşağı qiymətlərə satıb. Buna görə də mühafizəkarlar Zəncaninin ölümünü tezləşdirmək istəyirlər. Ruhani və yumuşaq xətt də beynəlxalq və daxili ictimaiyyət arasında öz nüfuzunu artırmaq üçün mühafizəkarları ifşa etmək məqsədiylə Zəncaninin edam olunmasını istəmirlər. Onlar çalışırlar ki, bütün günahları Əhmədinejad hakimiyyətinin üzərinə yıxsınlar. Mahmud Əhmədinejad da mühafizəkarların - dini seqmentin təmsilçisi, Xamneyinin tərəfdarı idi. Yəni bu, hansısa dələduz iş adamının məsələsi deyil, bu, dələduz Tehran hakimiyyətinin məsələsidir”.\\Mənsur





Həftənin ən çox oxunanları