Yuxarı

Türk xalqı Ərdoğana “hə” deyəcəkmi?

Türk xalqı  Ərdoğana “hə”  deyəcəkmi?

 \\Əli Əliyev: “Refedendumda fərqli mənzərə ortaya çıxa bilər”\\Natiq Miri: “AKP referendumdan istədiyini alacaq”\\Türkiyə konstitusiya dəyişikliyilə bağlı gedən müzakirələr parlamentdə baş verən qarşıdurmalarla müşahidə olunur. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gündəmə gətirdiyi konstitusiya dəyişikliyinə CHP və HDP etiraz etsə də, MHP dəstək verir. Əslində bu məsələ gündəmə gələndə MHP AKP iqtidarını ciddi şəkildə tənqid etmişdi. Amma sonralar MHP daxilində baş verən parçalanmalar Dövlət Bahçelini çıxılmaz duruma saldı. Bahçelinin yalnız bi yolu qalırdı-AKP-yə yaxınlaşmaq.\\O, elə bu cür də etdi, bu yolla da öz mövqelərini qorumağı bacardı. Ancaq konstitusiya dəyişikliyi təşəbbüsünə MHP-nin dəstək verməsi AKP iqtidarının işini o qədər də asanlaşdırmadı. Belə ki, siyasi şərhçilər bildirirlər ki, AKP artıq əvvəlki nüfuzuna sahib deyil. Bu baxımdan da AKP konstitusiya dəyişikliyilə bağlı keçiriləcək referendumdan “hə” cavabı ala bilməyəcək.\\“AKP istədiyi nəticəni almasa...”\\Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində deyir ki, seçkinin nəticələrini proqnoz etmək çox çətindir. Seçkidən hər zaman tamamilə gözlənilməyən nəticələr çıxır: “Dünyanın aparıcı ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarında (ABŞ) hər kəs demokratların namizədi Hillari Klintonun qələbə qazanacağını gözləyirdi. Amma nəticə fərqli oldu.  Son prezident seçkilərində də Türkiyədə Rəcəb Tayyib Ərdoğanın seçiləcəyi şübhə doğururdu. Amma seçki göstərdi ki, həm AKP-nin, həm də Ərdoğanın nüfuzu kifayət qədər yüksəkdir. AKP dönəmi ərzində Türkiyə çox ziddiyyətli və ağır yol keçib. Faktiki olaraq aparılan siyasət nəticəsində Türkiyə hər kəslə düşmən olub. Mən Türkiyənin apardığı siyasəti haqlı saysam da nəticələrini obyektiv qiymətləndirməyə çalışıram. Türkiyənin üzərində qurulan bu oyunlar ictimai rəyə də öz təsirini göstərə bilər. Ancaq Türkiyədə keçiriləcək referendumun nəticələrini indidən proqnozlaşdırmaq çox çətindir və hətta buna cəhd etmək də düzgün deyil.\\Əgər AKP istədiyi nəticəni almayacaqsa, o, zaman erkən seçkilər keçirilə bilər. Ancaq o zaman AKP-nin parlamentdəki səs üstünlüyü dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bu prosesi həm də MHP dəstəkləyir. Referendumun nəticəsi təkcə AKP-nin nüfuzundan deyil, həm də milliyyətçi kəsimin mövqeyindən asılı olacaq. Bu baxımdan Türkiyədə keçiriləcək referendumda gözlədiyimizdən də fərqli mənzərənin şahidi ola bilərik”.\\“Millətçilik güclənir”\\Siyasi şərhçi Natiq Miri isə hesab edir ki, Türkiyədə konstitusiya dəyişikliyi parlamentdə yetərsay alıbsa, bu ictimai rəydə də əksini tapacaq: “Ən azından referendumda lazım olan yetərsay yığılacaq. Çünki, Türkiyə bu gün çox ciddi imtahandan keçir. Milli  birliyə ehtiyac olduğunu bütün cəmiyyət anlayır. Ona görə də bu məsələdə qütbləşmə olacağını düşünmürəm. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə bu gün millətçilik  əvvəlki illərə nisbətdə daha güclüdür.\\Məhz millətçilik hislərinə görə bu gün AKP hakimiyyəti dini ideologiyadan daha çox vətənpərvərlik, dövlətçilik yolunda addımlar atır. Bu baxımdan da MHP bu prosesdə AKP-ni dəstəkləyir. Bu gün Türkiyədə çox böyük “təmizliyə” ehtiyac var.\\Bu gün də o proses getdiyi üçün MHP mövcud hakimiyyətə dəstək verir. Cəmiyyət də bu mesajı ciddi surətdə alır. Ona görə də hesab edirəm ki, referendum zamanı cəmiyyət AKP-nin mövqeyini dəstəkləyəcək. Əgər hədəfdə Türkiyə dövləti və strateji maraqları varsa toplum da bu məsələyə “hə” deyəcək və öz dəstəyini əsirgəməyəcək”\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları