Yuxarı

Rusiya Minsk Qrupunun şərəfi ilə oynadı

Rusiya Minsk  Qrupunun şərəfi ilə oynadı

 \\Üzeyir Cəfərov: “Rusiya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olur”\\Tural Abbaslı: “Türkiyə həmsədr ölkə olmasa, o, qurumdan ədalətli qərar gözləmək olmaz”\\Qarabağ probleminin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk Qrupunun fəalliyyəti haqlı tənqidlərə məruz qalır. Hesab edilir ki, Minsk Qrupu imkanlarından istifadə etmir. Buna görə bir sıra siyasilər dəfələrlə Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina etməli olduğunu bəyan ediblər. Ancaq səslənən bu fikirlərə heç vaxt rəsmi münasibət bildirilməyib və bu qurum da öz “fəaliyyətini” davam etdirir. Ötən gün ATƏT-in həmsədr dövləti olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsi haqqında səsləndirdiyi fikirlər Minsk Qrupunun fəaliyyətini şübhə altına saldı.\\Qeyd edək ki, Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən “Qarabağ Azərbaycanın daxili işi deyil” ifadəsini işlədib. Nazirin bu sözü Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Hərbi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Lavrovun bu sözlərindən sonra ATƏT-in Minsk Qrupu öz şərəfini ortaya qoymalıdır. Əks halda bu qurumun əsil siması bizə bəlli olacaq: “Lavrovun Qarabağ haqqında səsləndirdiyi fikirlərə həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də ictimaiyyət cavab verdi və bu templə də davam etmək lazımdır. Fikrimcə ən maraqlı olan Amerika Birləşmiş Ştatları və Fransanın Lavrovun dediklərinə cavabı olacaq. Əgər ABŞ və Fransa da Lavrovun dediklərini təsdiq edəcəklərsə, o zaman Azərbaycan dərhal ATƏT-in Minsk Qrupundan imtina etməlidir. Ümumiyyətlə, Rusiyanın ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə xitam verilməlidir. Azərbaycan hətta hüquqi müstəvidə də Rusiyaya qarşı iddia qaldıra bilər. Çünki, 20 il ərzində ölən insanların, boş yerə xərclənən vəsaitlərin günahkarı məhz Rusiyadır. Rusiya həmsədrliklə yanaşı, həm də Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olan dövlətdir. Hesab edirəm ki, yaxın iki ildə Minsk Qrupu haqqında bütün məsələlərə aydınlıq gətirilməlidir. Həm ATƏT sədri, həm də ABŞ və Fransadan olan həmsədrlər Rusiyanın mövqeyinə konkret münasibət bildirməlidir”.\\“Türkiyə ortaya mövqe qoymalıdır”\\Üzeyir Cəfərov deyir ki, Azərbaycanın suverenliyi haqqında bu cür təhqiramiz fikirlər səsləndirməyə heç kimin ixtiyarı yoxdur. Azərbaycan müstəqil dövlətdir və qonşu dövlət kimi Rusiyaya hörmət edir: “Amma bu Rusiyaya imkan vermir ki, Qarabağ Azərbaycanın daxili işi deyil, desin. Rusiya bunun bədəlini ödəməlidir və ödəyəcək. Bu gün baş verənlər göstərir ki, Azərbaycan da yiyəsiz deyil. ATƏT-in Minsk Qrupu ilə yanaşı Türkiyənin mövqeyi də vacibdir. Türkiyədən də bu məsələdə mövqe gözləyirəm. Başa düşürəm ki, Rusiya Türkiyə yaxınlaşması var. Amma Rusiyanın bu mövqeyindən sonra məlum oldu ki, dünyada yeni mənzərə yaranmaq üzrədir. Yeni mənzərədə də Azərbaycan diplomatik imkanlarından maksimum inkişaf etməlidir və heç kimdən çəkinmədən öz konkret mövqeyini ortaya qoymalıdır. Çünki, burada söhbət Azərbaycanın 20 faizdən artıq ərazisindən gedir. Lavrov “ayıq” başnan səsləndirdiyi fikirlərlə ermənilərə birbaşa ismarış göndərdi ki, Azərbaycanla istədiyinizi edə bilərsiz, Rusiya sizin arxanızdadır”.\\“Qrupun tərkibində dəyişikliklər edilməlidir”\\Ağ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, Türkiyə həmsədrlik postuna gətirilməyincə o qurumdan ədalətli qərar gözləmək olmaz:\\“ATƏT-in üzv dövlətləri kifayət qədərdir. Qarabağ məsələsində sadəcə olaraq bu 3 dövlət işçi qaydada məşğul olur. Biz hər zaman deyirdik ki, ATƏT-in Azərbaycana münasibəti fərqlidir. İstər Fransa, istərsə də Rusiya tərəfindən Azərbaycanın maraqları tam təmin olunmur.\\Tarixə nəzər saldıqda da açıq görünür ki, Fransa və Rusiyada erməni təəssübkeşliyi var. Belə bir formatda Dağlıq Qarabağ probleminin ədalətli həllini gözləmək olmaz. Lavrovun bu bəyanatı əslində gözlənilməz deyildi. O, bununla həm Azərbaycan xalqına, həm də hakimiyyətə bir ismarış verib. Lavrov demək istəyir ki, sizin ən yaralı yeriniz olan Qarabağın da açarı bizim əlimizdədir. Amma mən, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırılması tərəfdarı deyiləm. Çünki, bu Azərbaycanın  beynəlxaq siyasətdə təklənməsinə gətirib çıxaracaq.\\Deyəcəklər ki, Azərbaycan müharibə istəyir və danışıqlardan imtina edir. Bu baxımdan da Azərbaycanın mövqeyi kifayət qədər zəifləyə bilər. Sadəcə, Minsk Qrupunun tərkibində dəyişikliklər olmalıdır. Türkiyə həmsədr ölkə olarsa, o, zaman bu qurumdan ədalətli mövqe gözləmək olar. Türkiyənin iştirak etmədiyi bir formatda, Azərbaycanın maraqlarının tam təmin olunması inandırıcı deyil”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları