Yuxarı

ABŞ-dan mühüm Qarabağ mesajı

ABŞ-dan mühüm  Qarabağ mesajı

 Elşən Manafov: “ABŞ-ın əsas məqsədi geosiyasi maraqlarının təmin olunmasıdır”Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi regiondan təhlükəsizliyin bərqərar olması üçün ən vacib şərtdir. Böyük güclər də bu məsələdən yan keçmirlər. Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe bəllidir. Amerika Birləşmiş Ştatları isə Dağlıq Qarabağ probleminin çözülməsinə daha çox geosiyasi maraqlar kontekstindən yanaşır.ABŞ-ın yeni dövlət katibi olmağa ən real namizəd olan Reks Tillerson Senatdakı dinləmələr zamanı “Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram”-deyə bildirib. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə bu kontekstdə yanaşması problemin həllinə gətirib çıxaracaqmı?“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib ki, ABŞ-da dövlət katibi vəzifəsində işləmiş əvvəlki şəxslər də Qarabağ münaqişəsinin həllini Azərbaycan hökuməti ilə əməkdaşlıq etməklə həll edilməsinin vacibliyini dəfələrlə vurğulayıblar: “Trampla Putin arasındakı təxminən 45 dəqiqəlik telefon danışığından sonra ABŞ və Rusiya münasibətlərinin hansı yöndə inkişaf edəcəyini gözləmək lazımdır. Hər iki prezident post -Sovet məkanındakı münaqişələrdə dövlətlərin mövqelərini ortaya qoyublar. Hesab edirəm ki, ABŞ ilk öncə Krım məsələsinin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olacaq. Digər tərəfdən də əsas diqqət çəkən məqam ABŞ-ın Rusiya tərəfindən Krımın ilhaqına hansı yöndə yanaşacağıdır. ABŞ Krımın ilhaqını qəbul edəcəkmi? Digər vacib məsələ isə Donbas və Donetskdə gedən hərbi əməliyyatlardır. ABŞ Ukraynaya ciddi maliyyə, siyasi və hərbi dəstək verməsə, perspektivdə Ukraynanın parçalanması qaçılmaz olacaq. Ola bilər ki, bunun özü də ABŞ tərəfindən düşünülmüş bir layihədir. Çünki, Ukrayna və Rusiya münasibətlərində çat yaratmaq və əsas müttəfiq kimi Ukraynanı Rusiyadan uzaqlaşdırmaq ABŞ-ın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarının tərkib hissəsi idi. ABŞ bu istiqamətdə addımlar atdı və yəqin ki, Rusiyanın alternativ cavabının bu dərəcədə olacağı götür-qoy edilməmişdi”.Politoloq hesab edir ki, Qarabağ münaqişəsinin çözülməsi üçün aparılan danışıqlarda dinamizim ola bilər: “Gürcüstanın özü belə Rusiya ilə məlum hadisələrdən sonra NATO-ya inteqrasiyası hələ də gündəmdədir. Bu baxımdan hazırkı geosiyasi vəziyyətdə düşünmürəm ki, Azərbaycan NATO-ya inteqrasiyanı gündəmə gətirəcək. Təhlükəsizlik baxımından Azərbaycan dövlətinin heç buna ehtiyacı da yoxdur. Tramp başa düşür ki, Putinin yürütdüyü siyasət keçmiş Sovetlər İttifaqının bərpasına yönəldilib. Bu baxımdan da Putin Azərbaycan kimi böyük enerji resurslarına sahib olan bir dövləti təbii ki, Avrasiya və Gömrük İttifaqında görmək istəyir. Bu kontektsdə Dağlıq Qarabağ münaqişəsindən Rusiya Azərbaycana təzyiq və təhdid vasitəsi kimi istifadə etməyə çalışır və bu münaqişənin bu vəziyyətdə qalmağını istəyir. Ermənistan isə təbii ki, for post ölkədir. Ermənistanın bu anlamdan müstəqil siyasət yürütməyəcəyi əvvəlcədən bəllidir. 1998-ci ildə Qarabağ münaqişəsinin Azərbaycanın da maraqlarına cavab verən həllinə razılıq əldə olunduğu zaman Ermənistan parlamentinin rəhbəri rus kəşfiyyatı tərəfindən güllələndi. Bu Ermənistanın indiki siyasi elitasına da bir örnəkdir”. Elşən Manafov hesab edir ki, Ermənistanda iqtidar və müxalifət münasibətləri yeni müstəviyə gəlməyənə qədər Ermənistanın ABŞ-la əməkdaşlığı da heç bir nəticə verməyəcək: “Ermənistanın indiki hakimiyyəti də birmənalı şəkildə Rusiyanın təzyiqi altındadır. ABŞ-ın bu hakimiyyətlə əməkdaşlıq etməsi ən azı Ermənistan iqtidarının dəyişməsinə səbəb olmalıdır. Müxalifətin isə Ermənistanın indiki hakimiyyətini dəyişə biləcək gücdə olduğuna inanmıram. Ola bilər ki, Köçəryan hakimiyyətə gəlsin, ancaq bu yaxın gələcəkdə mümkün olmayacaq. Dağlıq Qarabağ məsələsində hər hansı bir ciddi irəliləyişin baş verəcəyinə də inanmıram”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları