Yuxarı

Trampdan hiyləgər “Reyqan siyasəti”

Trampdan hiyləgər  “Reyqan siyasəti”

 O, Putinə Rusiyanı dağıtmaq üçün yaxınlaşır?ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edib. İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər. 45 dəqiqə davam edən söhbətdə prezidentlər, həmçinin, Yaxın Şərqdəki vəziyyəti, Fələstin - İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahının yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələlər, müzakirə ediblər. Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər. Görüşdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müzakirə edilməyib.Rusiyalı siyasətçi Dmitri Badovski Tramp və Putinin görüşü barədə ilginc iddia ilə çıxış edib. O, telefon danışığında ABŞ - Rusiya münasibətlərindəki problemlərə son qoyulduğunu deyib: “Tramp Ağ Evə yerləşdikdən sonra iki lider arasında keçirilən ilk görüş ikili münasibətlərdəki mövcud çətinlikləri ortadan qaldıracaq. Hər iki ölkə Barak Obama dövründəki pis vəziyyətdən çıxmaq arzusundadır”.Münasibətlərdə yeni dönəmRusiya KİV-ləri və Ağ Evə yaxın media qurumları telefon görüşünə “ABŞ - Rusiya münasibətlərində yeni dönəm” adını veriblər. Analitiklər də bu görüşdən sonra tərəflər arasındakı fundamental problemlərin həlli baxımından pozitiv proqnozlar səsləndirirlər. Hesab olunur ki, anti-Obama mövqeyi ilə seçilən Tramp öz 4 illik hakimiyyəti dönəmində Barak Obama adminstrasiyasının Rusiya ilə bağlı yaratdığı problemləri həll etməyə çalışacaq. Yeni prezidentin buna böyük ölçüdə nail olacağına da əminlik var. SSRİ-nin dağılmasıyla ABŞ və Rusiya arasında “soyuq müharibə” başa çatdı. Lakin daha çox ideoloji müstəvidə özünü göstərən savaşın başa çatmasıyla tərəflər arasında geosiyasi mübarizə şiddətləndi. “Soyuq müharibə”ni udan ABŞ-ın dünyanın yeganə siyasi qütbü olmaq iddiası Rusiyanı qıcıqlandırdı. “Dünyanın jandarmı” rolunu üzərinə götürən ABŞ-ın Rusiyanın təsir dairəsində olan keçmiş Sovet coğrafiyasında özünü göstərmək cəhdləri Kremli radikal addımlar atmağa məcbur etdi. Ağ Evin keçmiş ittifaq respublikalarını Avroatlantik zonaya çəkmək istəyi Moskva üçün həyəcan təbili idi. Buna adekvat olaraq, Rusiya bu məkanda varlığını sübut etmək üçün Azərbaycan (Dağlıq Qarabağ), Moldova (Trans-Dnestr), Ukrayna (Krım, Donbas) və Gürcüstanda (Abxaziya, Cənubi Osetiya) işğallar həyata keçirdi. Boris Yeltsin dönəmində ABŞ bu coğrafiyada diktə edən tərəf idisə, Vladimir Putin hakimiyyətə gəlməklə ölkəsini beynəlxalq siyasət arenasına geri qaytara bildi. ABŞ daha ehtiyatlı davranmağa başladı.Rusiya baş ağrısına çevrilirRusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakovun “çoxqütbülü dünya” anlayışı Putin xarici siyasətinin prioritetinə çevrildi. 1990-cı illərdəki daxildəki siyasi çaxnaşmalara görə ABŞ-a cavab verə bilməyən Rusiya Putinin hakimiyyəti dönəmində soyuqqanlı qərarlarıyla əzəli rəqibinin baş ağrısına çevrildi. 2007-ci ildə Mühhen Təhlükəsizlik Konfransında Ağ Evin “təkqütblü dünya” strategiyasının “qəbuledilməz” olduğunu diqqətə çatdırdı. Bu, Rusiyanın geosiyasi arenada ABŞ-la mübarizəyə başladığının şifahi xəbərdarlığı idi. Gürcüstan və Ukraynadakı işğallardan sonra Rusiyanın ABŞ-ın Bəşər Əsədi devirmək cəhdlərinə qarşı öz ordusunu Suriyaya yeritməsi də bu tarixi çıxışdan sonraya təsadüf edirdi. 2008-ci ildə Rusiyada hakimiyyətə Putindın daha yumşaq xarakteri ilə seçilən Dmitri Medvedyev gəldi. Obama və Medvedyev ABŞ - Rusiya münasibətlərində yeni səhifə açan “sıfırlama” xəttini seçdilər. Xarici işlər naziri Sergey Lavrov və dönəmin dövlət katibi Hillari Klinton məsələni Misirdə müzakirə etdilər.Lakin gözləntilər özünü doğrultmadı. Rusiyanın geosiyasi arenada ABŞ qarşısındakı “əzələ nümayişi” münasibətlərdəki fundamental problemləri həlli mümkünsüz tənliyə çevirdi. 2008-ci ildən tərəflər arasında başlayan açıq geosiyasi savaş özünü Baltikyanı bölgə, Şərqi Avropa, Balkan yarımadası, Qara dəniz, Cənubi Qafqaz və Yaxın Şərqdə, digər bölgələrdə göstərdi. Rusiyanın xüsusilə, Ukrayna və Suriyada atdığı addımlar əsəbləri tarım çəkdi. Putin ABŞ-ı Rusiyanın “bir nömrəli düşməni” elan etdi. Obamanın da Rusiyaya baxışı fərqli deyildi.Post-Obama dönəmində münasibətlərAmerikada post-Obama dönəmi başlayıb. Hakimiyyətdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Maykl Morelin “Rusiya agenti” adlandırdığı Donald Trampdır. Yəni, Putinə xüsusi simpatiyası olan Tramp dönəmində ABŞ - Rusiya münasibətlərində yeni səhifənin açılacağına inananların sayı az deyil. Hələ seçilməmişdən əvvəl Ukraynaya görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğv ediləcəyini, münasibətləri pozan digər problemləri həll edəcəyi vədini vermişdi. “Rusiyada tamam fərqli sistem var və bu sistemi o qədər də sevmirəm. Amma Putinə baxıram, o bu sistemin mübahisəsiz lideridir”, Tramp Putinə olan simpatiyasını gizlətmir. Putin də seçkilərin nəticələrini lehinə dəyişmək üçün kiber ordusuna milyonlar xərclədiyi Trampı “fövqəladə adam” adlandırdı.Ortada gizli dostluğun olduğu şübhəsiz idi. Hələ siyasətdə aktiv olmadığı dönəmlərdə də Donald Trampın tez-tez Moskvada Rusiya oliqarxiyasının qabaqcıl adlarıyla ziyafətlərdə görünməsi də təsadüf deyildi. O, Rusiyada hər cür biznes imkanı tanımasına jest olaraq, ABŞ prezidenti seçiləcəyi halda Krımı Rusiyanın ərazisi kimi tanıyıb İŞİD terror təşkilatına qarşı birgə mübarizə aparacağı, eyni zamanda Suriya məsələsini Bəşər Əsədlə birlikdə həll edəcəyi vədi də Putini həyəcanlandırmışdı. Təsadüfi deyildi ki, seçkilərin nəticələri rəsmən elan olunmamış Trampa təbrik məktubu göndərənlərdən biri də Vladimir Putin idi. Məktubda onun seçilməsindən duyulan böyük məmnunluq hissi dilə gətirilirdi. Putin sevincini gizlədə bilmirdi. ABŞ - Rusiya gərginliyindəki yeni dünya müharibəsi izləri Trampın seçilməsiylə bir anda yox oldu. Hətta, Trampı qələbəsi Rusiya Dövlət Dumasının iclasında alqışlarla qarşılandı.Trampdan gözləntilərBarak Obamadan fərqli olaraq münasibətlərdəki problemləri həll etmək üçün Putinə daha yaxın olmağı seçən Trampdan bir neçə gözlənti var. Birinci, Ağ Ev bundan sonrakı dönəmdə Ukrayna məsələsini həll etmək üçün Rusiyaya yox, rəsmi Kiyevə - Poroşenko hökumətinə təzyiqləri artıracaq. İkinci, Tramp Suriyadakı savaşa görə, Bəşər Əsədlə masaya oturacaq, bu da Kremlin maraqlarına uyğundur. Həmçinin yeni prezidentin İŞİD və beynəlxalq terrorizmlə mübarizədə Rusiyaya tərəfdaş və portnyor kimi baxması da Putinin məqsədlərinə uyğundur.Putin Trampın özünə qarşı olan loyallığından istifadə etməyə, ilk növbədə sanksiyaların ləğv olunmasına çalışacaq. Lakin bunu dərhal istəməyəcək. Trampla son telefon danışığında bunun müzakirə olunmaması da göstərdi ki, Putin təmkinlidir və Trampı yaxınlaşmışkən özündən qaçırmaq istəmir. Trampın Konqres və ABŞ dövlətinin daha dərin qatlarını əzib-keçəcək qədər müstəqil olmadığını da nəzərə alır. Buna görə də Donbas məsələsini bazarlıq vasitəsi kimi masaya yatırmağa çalışacaq. Əgər Trampı buna razı sala bilsə, Krım münaqişəsi müzakirə mövzusu olaraq öz yerini itirəcək. Bir tərəfdən də Suriyadakı maraqlarını qorumaq üçün Trampı ayrı istiqamətlərə, məsələn, İŞİD və digər terror təşkilatlarıyla mübarizəyə yönəldəcək ki, bu da Əsəd rejiminin möhkəmlənməsinə zəmin yaradacaq. Ağ Ev rəhbərinin özü də Suriyadan danışarkən Əsəd məsələsinə toxunmur, daha çox İŞİD-lə mübarizəni və bu strategiyanın tərkib hissəsi olaraq Suriyada təhlükəsizlik zolağının qurulmasını vurğulayır. Trampın bu yanaşması Putinə ondan Suriyada əlavə və daha güclü imtiyazlar alması imkanını yaradır. Trampın özü də “Suriya məsələsinin həlli Əsədlə mümkündür” deyir və onu Suriyanın legitim siyasi gücü hesab edir. Bu, Kremlin marağına uyğundur. Lakin bu da Rusiyanı bir qədər narahat edir. Çünki bu halda Rusiyaya Əsədi dəstəkləmək üçün uzun müddət və böyük xərclər lazım olacaq. İŞİD-lə mübarizə də Rusiya üçün böyük xərcdir. Əgər Tramp Suriyadakı təşəbbüsü Rusiyaya versə, bunun özü də xərcləri artıracaq. Buna görə də İŞİD-lə mübarizədə ABŞ-ın dəstəyindən də istifadə etməyə çalışacaq.Enerji məsələsində Tramp və Putinin baxışları eynidir. Neftin ucuzlaşmasından sonra ABŞ-ın neft və qaz istehsalında yaranmış böhranın aradan qaldırılmasını “qara qızıl”ın qiymətlərinin yenidən yüksəldilməsində görən Trampın bu səyləri Kremli sevindirməyə bilməz. Əgər Tramp OPEC və digər iri neft dövlətlərini gündəlik kvotanı maksimum həddə aşağı salmağa razı sala bilsə, Rusiya beynəlxalq arenada böyük üstünlük əldə edəcək.Reyqan strategiyasıABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer digər prezidentlərdən fərqli olaraq, Donald Trampı “müstəqil dövlət başçısı” adlandırdı. Kissincer hesab edir ki, o, verdiyi vədləri yerinə yetirəcək. Lakin bir sıra analitiklər Trampın Rusiyanın lehinə olan vədlərinin görünməz tərəflərinin olduğuna diqqət çəkirlər. Yeni Ağ Ev rəhbərini keçmiş prezident Ronald Reyqanla müqayisə edən analitiklərə görə, Tramp Rusiyaya onu məhv etmək üçün yaxınlaşır. Xatırladaq ki, Ronald Reyqan 1980-ci illərdə SSRİ - ABŞ münasibətlərindəki gərginliyi aradan qaldırmaq üçün konstruktiv addımlar atmışdı. İttifaqın ilk və sonuncu prezidenti Mixail Qorbaçovu “Yenidənqurma” (yaxud “SSRİ-nin demokratikləşməsi”) siyasətinə razı salan Reyqan bununla SSRİ-nin çökməsinə zəmin hazırladı.Hesab olunur ki, Tramp Rusiyanı qlobal terrorizmin mərkəzinə çəkməklə ölkəsinin əzəli rəqibini bu savaşda tək qoyacaq. Bunun da bumeranq effekti ilə Rusiya daxilində yatmış dini və etnik radikalizmi oyadacağı gözləniləndir. Lakin Putin Qorbaçov və Trampdan daha ağıllı kimi görünür. Keçmiş KQB kəşfiyyatçısı olan Putin ehtiyatlıdır və çıxışlarından birinə buna bu formada diqqət çəkdi: “Trampın vədləri o demək deyil ki, biz yaxın zamanlarda münasibətlərdə kəskin istiləşmənin şahidi olacağıq. Bizə vaxt lazımdır”. Görünən budur ki, Trampın hərəkətləri Putinin izlənməsi altında olacaq.ŞantajAmerikalı analitik Stefan Qrobler Tramp dönəmində ABŞ - Rusiya münasibətlərinin daha da gərgin olacağını iddia edib. Lakin Qrobler mövcud problemlərin münasibətləri yenidən qurmaq üçün yaradıcı xüsusiyyətlərinin olduğunu da istisna etmir: “Trampın Rusiya ilə əlaqələri haqqındakı məlumatlar problematikdir, lakin digər yandan yaradıcıdır. Məsələn, Moskva bir gün video görüntülərlə Trampı şantaj edə bilər. ABŞ kəşfiyyatı da buna əhəmiyyət verir. Kəşfiyyat Obama və Konqreslə yanaşı Trampı da bununla bağlı məlumatlandırıb. Əgər Tramp istefa verməsə, bunu dayandıracaq mexanizm olmayacaq. Böyük ehtimalla Moskvadakı görütülər problemləri ya həll edəcək, ya da dərinləşdirəcək”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları