Yuxarı

Belarus “böyük qardaş”dan uzaqlaşır

Belarus “böyük qardaş”dan uzaqlaşır

Elxan Şahinoğlu: “Rusiya Belarusla Qazaxıstanı cəzalandıra bilər”Hikmət Hacızadə: “Bu xəbərlərdən sonra Rusiya sərhədlərində belaruslar üçün maneələr yaratmağa başlayıb”Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır. Rusiyanın “Regnum” agentliyinin yaydığı məlumatda bildirilir ki, rəsmi Minsk Rusiya-Belarus İttifaq Dövlətini də tərk edə bilər. Qeyd olunur ki, rəhbərliyin siyasətindən asılı olmayaraq istənilən halda Belarus xalqı qardaş xalq olaraq qalacaq. Qeyd edək ki, rəsmi Minsk 80 ölkə vətəndaşlarına müvəqqəti vizasız rejim tətbiq etdikdən sonra Rusiya hökuməti bu ölkə ilə sərhəddə insanların və nəqliyyatın gedib-gəlişini yoxlamaq üçün sərhəd zonalarının yaradılmasına dair qərar qəbul edib.Rusiya - Belarus gərginliyiBelarusun KTMT ilə yanaşı Avrasiya İttifaqından çıxacağı ilə bağlı yayılan məlumatları şərh edən analitiklərə görə, Lukaşenko hökumətinin bu qərarının arxasında son zamanlarda Rusiya və Belarus arasında yaşanan gərginlik dayanır. İki ölkə arasındakı gərginlik dünya KİV-lərinin də diqqət mərkəzindədir. Gərginlik o həddə çatıb ki, artıq Rusiya Belarus satdığı neftin qiymətlərini qaldırmaqla yanaşı sərhədlərdəki təhlükəsizlik qüvvələrinin sayını da artırıb. İqtisadi sahədən başlayan gərginlik hələ 2016-cı ildə pik həddə çatmışdı. Artıq Rusiya KİV-lərində Belarusun adı Rusiyaya düşmən olan ölkələrin sırasında yer alır. Yanvar ayı ərzində də rus mediasında ən çox tənqid olunan dövlətlərdən biri də Belarusdur.Lukaşenkonun Kremli qəzəbləndirən qərarıRusiya ilə münasibətlərinin gərgin olduğu vaxt Lukaşenko hökumətinin Qərblə istiləşən əlaqələrinə adekvat olaraq, Rusiya Belarusun kənd təsərrüfatı məhsullarından imtina edib. Bir müddət əvvəl isə Rusiya Belarus üçün ayırdığı 500 milyon dollar krediti verməkdən də imtina etmişdi. Belarus yetkililəri Minskin Moskvaya tabe olmadığına görə, Rusiyanın bu ölkəni cəzalandırmağa çalışdığını deyirlər. Minsk də Moskvaya cavabsız qalmayıb. Belə ki, Belarus prezidenti Avrasiya İqtisadi İttifaqının Gömrük Məcəlləsini imzalamayıb. Rusiyanın qıcığına səbəb olan ən əsas qərar isə Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropa İttifaqı və ABŞ da daxil olmaqla 80 dövlətin vətəndaşlarına ölkədə vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalamasıdır. Lukaşenkonun “ABŞ-la normal münasibətlər olmadan tammənalı xarici siyasət ola bilməz” sözü də Kremli qəzəbləndirib.Artıq Belarusun Rusiyanın dominant rola sahib birliklərdən (Avrasiya İttifaqı, Gömrük Birliyi və KTMT) qaçmağa çalışdığını iddia edən rusiyalı analitiklərə görə, Minskin bu birliklərdən çıxmasıyla bu, digər üzv ölkələr üçün də mənfi presedent yaradacaq. Bunun da ittifaqların dağılacağına zəmin hazırlayacağı istisna deyil. Ehtimala görə, Belarusdan sonra son zamanlarda Rusiya ilə yola getməyən Qazaxıstan da eyni addımı ata bilər.“Ortada Ukrayna nümunəsi var”Politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, bu kimi məlumatlara inanmaq lazım deyil. Politoloq bunun etibarlı mənbələrə əsaslanmayan informasiya xarakterli məlumat olmasını da istisna etməyib: “İnanmaq lazım deyil, bu informasiya xarakateri daşıya bilər. Çünki bu xəbəri ilk dəfə “Regnum” agentliyi yayıb. Bu agentlik də Ermənistan və erməni lobbisinə yaxınlığı ilə seçilir. Ermənistan və erməni lobbisi də ondan narazıdır ki, Belarus jurnalist Lapşini Azərbaycana ekstradisiya etmək istəyir. Buna görə də ermənilər Belarusu cəzalandırmaq üçün belə dezinformasiyalar yayırlar. Düzdür, son zamanlarda Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın yürütdüyü siyasəti tənqid edir. İndi də Belarus - Rusiya sərhədlərində məntəqələr yaradır ki, üçüncü ölkədən olanlar bu sərhədlərdən Belarusa daxil ola bilməsinlər. Amma bu o demək deyil ki, Belarus gözlənilmədən KTMT, yaxud Avrasiya İttifaqından çıxacaq. Çünki Ukrayna nümunəsi var. Ukrayna Rusiyadan uzaqlaşan kimi Rusiya bu ölkəni parçaladı. Belarus bunu görür. Rusiyadan gələcək təhlükəni nəzərə alaraq, münasibətlərin gərgin məcrada olduğu vaxt bu birlikləri tərk etməyəcək”.Elxan Şahinoğlu qeyd edib ki, Qazaxıstanda da Rusiyanın siyasətindən narazılıq var: “Nazarbayev sadəcə bunu dilə gətirmir. Rusiya ilə müttəfiqliyi sözdə davam etdirir ki, Ukrayna kimi Qazaxıstanı parçalamasın. Çünki Qazaxıstan əhalisinin 40%-i rusdillidir, müəyyən millətçi dairələr də hakimiyyətdə təmsil olunurlar. Ruslar da Qazaxıstanın Şimalına iddia edirlər. Buna görə də nə Qazaxıstan, nə də Belarusun yaxın müddətdə KTMT və Avrasiya İttifaqını tərk edəcəkləri inandırıcı görünmür”.“Lukaşenko ölkəsinin müstəqilliyini saxlamaq istəyən adamdır”Politoloq Hikmət Hazıcadə “Cümhuriyət” qəzetinə deyib ki, Belarusun bu ittifaqlardan çıxacağına inanmır. H.Hacızadə hesab edir ki, əgər Belarus bu addımı atsa, bu birliklər dağılacaq: “Ukrayna və Belarussuz KTMT və Avrasiya İttifaqı nəyə lazımdır?! Birliklərdə bu gün və sabahlarını bilməyən Tacikistan, Qırğızıstan qalıb. Bu ittifaqların perspektivləri yoxdur, gec-tez dağılacaqlar. Belə məlumatların yayılmasının kökündə də Belarus və Rusiya arasındakı gərginlik dayanır. Lukaşenko həmişə çalışıb ki, müstəqil siyasət yürütsün. Rusiyanın Belarusu təxribata çəkmək cəhdlərini zəiflətməyə, buna getməməyə səy göstərir. Rusiya da Belarusa gündə bir tələb irəli sürür. Lukaşenko ölkəsinin müstəqilliyini saxlamaq istəyən adamdır. Bu da gərginlik yaradır. Bu xəbərlərin də yayılmasından sonra Rusiya sərhədlərində belaruslar üçün maneələr yaratmağa başlayıb. İndiyədək belə problemlər yox idi. Bu, ölkələr arasında olan gərginliyin nəticəsidir”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları