Yuxarı

ABŞ-la gizli danışıqlar başladı

ABŞ-la gizli danışıqlar başladı

Vüqar Zifəroğlu: “Amerikanın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı yaranıb”ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonun Turkiyəyə səfəri başlayib. O, prezident Donald Trampın tapşırığı ilə ilk xarici səfərini Turkiyəyə edib. Mayk Pompeo dünən Ankara vaxtı ilə saat 16:30-da “Beştepe” sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan da iştirak edib.Xatırladaq ki, fevralın 8-də ABŞ və Türkiyə prezidentləri arasında telefon danişığı olub. Dünən həmçinin, MKİ rəisinin səfəri ilə bir vaxtda ABŞ-ın vitse-prezidenti Mayk Pens və Turkiyənin baş naziri Binəli Yıldırım arasında telefon danışığı olub. ABŞ-Türkiyə münasibətlərində son günlər müşahidə olunan intensiv yaxinlaşma diqqəti cəlb edir.Vaşinqtonda Türkiyəyə marağının artması təbii ki, regional proseslərdə Ankaranın rolunu da yüksəldə bilər. Ancaq bunun üçün iki ölkə arasında son illər yaranmış soyuqluğun aradan qalxması lazımdır. ABŞ və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriyada təhlukəsizlik zonalarının yaradilması, terrorizmə, Əl-Bab və Raqqanin İŞİD-dən azad edilməsi üçün birgə hərbi əməliyyatın təşkil edilməsi barədə razılığa gəliblər. Ancaq Ankara əvvəlki şərtlərinin üstündə qalır. Turkiyə ABŞ-ın PYD-yə dəstəkdən imtina etməsini və FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin təhvil verilməsini istəyir.Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu hesab edir ki, Türkiyə ABŞ üçün hər zaman maraqlı olub. Ona görə də də Amerikanın son 40 ildə Yaxın Şərq siyasətində qardaş ölkəyə xüsusi yer verilib: “Lakin xüsusilə, “Ərəb baharı”ndan sonra Yaxın Şərqdə baş verənlər bu iki ölkə arasında ciddi fikir ayrılıqları ortaya çıxarmış oldu. Digər tərəfdən, ABŞ-ın ənənəvi olaraq bölgədəki bəzi etnik qrupları və onlara bağlı bölücü təşkilatları və qruplaşmaları dəstəkləməsi, rəsmi Ankara ilə aranın soyumasına təkan verdi. Görünür, okeanın o tayında artıq prioritetlərin yenidən gözdən keçirilməsinə qərar verilib. Türkiyəni təkrar qazanmaq, bu gün kifayət qədər ciddi və qarışıq dövrünü yaşayan Yaxın Şərqdə vəziyyətdən çıxmağa çalışan Amerika üçün vacib məqamdır. Bu, ələlxüsus, getdikcə İranla gərginləşən münasibətlər fonunda son dərəcə vacibdir. Türkiyənin təkcə ABŞ-dan deyil, ümumiyyətlə, Qərbdən gözləntiləri bəllidir: Terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Hər halda indiki dönəmdə, Qərbin sadalanan məsələlərin hamısında və tam olaraq olmasa da, müəyyən qədər yumşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar”.Ekspertin sözlərinə görə, ABŞ hazırda İranın Yaxın Şərqdə artan rolundan razı deyil. Eyni zamanda Suriya probleminin həllində Rusiyanın aktivliyi Qərbdə kifayət qədər qıcıq yaradır. Bu mənada ABŞ məhz İran və Rusiyanın fəal Yaxın Şərq siyasətinin qarşısına nüfuzlu Türkiyə amilini çıxartmaqda maraqlıdır: “Başqa bir məqam bölgədə terrora qarşı mübarizə problemidir. İŞİD-ə qarşı əməliyyatların keçirilməsində Türkiyənin rolu son dərəcə böyükdür və ABŞ bunu regionda marağı olan dövlətlərin hər birindən daha artıq dərəcədə anlamaqdadır”. Qeyd edək ki, Mayk Pompeo İrana və Rusiyaya qarşı kəskin baxışları ilə seçilən bir siyasətçi kimi tanınır. O, hətta İranın nüvə proqramına dair imzalanmış Vyana razılaşmasının cırılıb zibil qutusuna atılmalı olduğunu demişdi. MKİ-nin hazırkı rəhbəri Bəşər Əsəd rejiminə də mənfi münasibət bəsləyir. O, Bəşər Əsədi yalnız Rusiyanın dəstəklədiyini və Moskvanın hesabına hakimiyyətdə qaldığını bildirib. Bu mənada, Mayk Pompeonun Ankarada Suriya böhranına dair apardığı danışıqlar çox güman ki, Rusiya və İranın siyasi reaksiyasına səbəb olacaq. Vüqar Zifəroğlunun sözlərinə görə Rusiya və İranın qeyd edilən məsələ ilə bağlı münasibəti tərəflərin verəcəkləri açıqlamalardan və atacaqları addımlardan asılı olacaq: “Amma düşünmürəm ki, indiki dönəmdə Türkiyə Rusiya və İranla münasibətlərinin soyumasında maraqlı olsun. Vurğulamaq istərdim ki, Moskva və Tehran da Türkiyə ilə münasibətləri gərginləşdirmək niyyətində deyillər və buna getməyəcəklər. Əksinə, mümkündür ki, Türkiyə adları çəkilən iki ölkə ilə Qərb arasında bir vasitəçi, körpü funksiyasını yerinə yetirsin”.Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları