Yuxarı

Rusiyadan Sarkisyanla bağlı qərar

Rusiyadan  Sarkisyanla  bağlı qərar

 Moskva Ermənistanda hakimiyyəti yeniləyirErmənistanda parlament seçkilərinin yaxınlaşması son 10 ildə formalaşmış siyasi qüvvələr nisbətinin dəyişməsi ilə müşahidə olunur. Hakimiyyət daxilində mərkəzdənqaşma meyillərinin artması və müxalifət düşərgəsində baş verən yerdəyişmələr seçki prosesinin sakit keçməyəcəyini göstərir. Bu isə iki səbəblə izah oluna bilər. Birincisi, prezident Serj Sarkisyanın nüfuzunun xeyli zəifləməsi və ölkədə Qarabağ klanından narazılığın artması ilə bağlıdır. Sarkisyan 2008-ci ildən bəri Ermənistanda yoxsulluq, işsizlik və immiqrasiya problemlərinin qarşısını ala bilən ciddi addımlar ata bilməyib.Üstəlik, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə Dağlıq Qarabağda məğlub duruma düşməsi Ermənistan prezidentinin əleyhdarlarının sıralarını genişləndirib. İkinci amil kimi Ermənistanın parlament üsul-idarəsinə keçməsini qeyd etmək olar. Ermənistanda hökumət ilk dəfə parlamentdə səs çoxluğunu qazanmış siyasi partiya tərəfindən formalaşdırılacaq. Bu da öz növbəsində, Ermənistanda siyasi fəallığın artmasına təkan verəcək. Ona görə də yaxın gələcəkdə Ermənistanda yeni siyasi qüvvələrin meydana çıxacağı istisna edilmir. Parlamentar sistemə keçid hətta bir neçə ildən sonra ölkədə siyasi balansı köklü şəkildə dəyişə bilər.Aparılan son müşahidələr seçkilərdə siyasi rəqabətin əsasən üç siyasi güc mərkəzi arasında gedəcəyindən xəbər verir. Bunlar hakim Respublika Partiyası, “Tsarukyan bloku” Emənistan Milli Konqres Partiyası və Ermənistan Xalq Partiyasının vahid seçki blokudur. Ermənistan Respublika Partiyasından istefaların başlanması seçkilərdə müxalifətin elektoral bazasının və reytinqinin artmasına şərait yaradır. Artıq iki nəfər yüksək səlahiyyətli dövlət rəsmisi istefa verərək müxalifətə keçib. Xatırladaq ki, yanvarın 29-da sabiq baş nazir, Respublika Partiyasının sədri Serj Sarkisyanın müavini və seçki qərargahının rəhbəri Ovik Abramyan istefa verib. Ovik Abramyanın seçkilərə “Tsrarukyan bloku”nun sıralarında qatılacağı gözlənilir. Onun ardınca 28 nəfər tərəfdar da hakim partiyanın sıralarından çıxaraq müxalifətə qoşulub. Fevralın 9-da isə Ermənistan Nəzarət Palatasının sədri İşxan Nazaryan istefa bəyanatı yayaraq “Tsarukyan” blokuna qoşulduğunu bildirib.Hazırda müxalifət düşərgəsində güclü siyasi nüfuza malik olan “Tsarukyan bloku” seçkilərdə qələbə qazanmağa daha şanslı sayılır. Bu, həmin qurumun rəhbərliyində Qagik Tsarukyan və Ovik Abramyan kimi yüksək reytinqə malik liderlərin olması ilə bağlıdır. Ovik Abramyan isə hazırda Ermənistan prezidenti postuna ən real namizəd hesab edilir. Əgər “Tharukyan bloku” seçkilərdə qalib gələrək hökuməti formalaşdırmaq imkanı əldə edə bilsə, o zaman Ovik Abramyanın prezident kür-süsünə gedən yolu açılmış olacaq. Adıçəkilən siyasi blokun qələbəsini təmin edə biləcək digər səbəb Qagik Tsarukyanın iri biznes şəbəkəsinə və böyük maddi kapitala malik olmasıdır. Ermənistan iqtisadiyyaının əsas oliqarxlarından biri olan Q.Tsarukyan əlində olan vəsaiti siyasi kapitala çevirməyə çalışır. Onun Ovik Abramyanla quda olması da seçkilərdə uğur qazanmaq əlavə divident gətirir. Onu da qeyd edək ki, Q.Tsarukyan həm də eks-prezident Robert Koçaryana yaxınlığı ilə seçilir. Bu səbəbdən, “Tsarukyan bloku”nun mübarizəsini bəzi siyasi müşahidəçilər Rusiyanın Robert Koçaryanı hakimiyyətə qaytarmaq cəhdi kimi şərh edirlər. Lakin eks-prezident seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etməyib. Ondan fərqli olaraq, hazırda Ermənsitanın siyasi səhnəsində daha iddialı bir fiqur önə çıxıb. Bu, qeyd edildiyi kimi sabiq baş nazir Ovik Abramyandır. Bir neçə gün öncə qudası Tsarukyanla ova çıxan Abramyanın gələcək siyasi planlarını diqqətdənkənar bir yerdə müzakirə etdikləri bildirilir. Seçkiqabağı ova çıxmaq erməni siyasətçiləri arasında bir ənənə hesab olunur. Həmin səyahət zamanı O.Abramyanın Q.Tsarukyana yalnız Çiçəklənən Ermənistan Partiyası ilə seçkilərə getməyi və bloka daxil olan hakimiyyətə loyal qüvvələrdən xilas olmağı təklif etdiyi bildirilir. Ermənistan mediasının yazdığına görə, Q.Tsarukyan buna razı olmayıb. Böyük ehtimalla, O.Abramyan həmin təklifi irəli sürməklə blok daxilində özünə maneə hesab etdiyi və Koçaryana yaxın olan qüvvələri neytrallaşdırmaq istəyir.Sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqres Partiyasının və Stepan Dəmirçiyanın sədri oluğu Ermənistan Xalq Partiyası ilə birlikdə təşkil etdiyi seçki bloku da Sarkisyan hakimiyyəti üçün ciddi problem yarada bilər. Ancaq bu bloka daxil olan qüvvələrin siyasi proseslərə təsiri Q.Tsarukyanın ətrafı ilə müqayisədə daha azdır. Levon Ter-Petrosyan bir neçə dəfə seçkiləri qazanmasına baxmayaraq, Rusiya onun hakimiyyətə qayıtmasına imkan verməyib. Ona görə də Ter-Petrosyan siyasi ömrünü başa vurmuş lider hesab edilir. Onu dəstəkləyən Stepan Dəmirçiyan isə yüksək reytinqə malik siyasətçi deyil. Levon Ter-Petrosyanın yaxınlarından sayılan Aleksandr Arzumanyan isə artıq Ermənistan Ümummilli Hərəkatından istefa verərək ayrı partiya yaratmaq qərarına gəlib.Sabiq müdafiə naziri Seyran Ohanyanın keçmiş xarici işlər naziri Vardan Oskanyanla birlikdə seçki bloku təsis etmək cəhdləri isə problemlərlə üzləşib. Müttəfiqlər vahid siyahını formalaşdırmaq məsələsində ortaq mövqeyə gələ bilmir. Mövcud situasiya hakim elitanın və müxalifətin böyük hissəsini özündə birləşdirən “Tsarukyan bloku”nun S.Sarkisyan iqtidarına əsas alternativ qüvvəyə çevrilməsi ilə müşahidə olunur. Ona görə də hakim komandadan istefaların davam edəcəyi gözlənilir. Bu isə aprel ayında keçiriləcək seçkilərdə Respublika Partiyasının məğlubiyyəti üçün əlverişli şəraitin yaranması deməkdir. Seçkilərin nəticələrinin saxtalaşdırılması isə Ermənistanda müxalifətin inqilabi yolla hakimiyyəıt dəyişikliyinə qalxmasına səbəb ola bilər. Prezident Sarkisyanın rəhbərliyi ilə fevralın 9-da Dövlət Təhlükəsizlik Şurasının 2017-ci illə bağlı qapalı iclası keçirilib. Böyük ehtimalla, Ermənistan rəhbərliyi seçkiqabağı və seçkidən sonra yarana biləcək vəziyyətin ciddiliyini nəzərə alaraq müzakirələr aparıb.Ancaq hakim Pespublika Partiyasının qələbəsini təmin etmək S.Sarkisyan üçün heç də asan olmayacaq. Bir ildən sonra səlahiyyət müddəti başa çatan Serj Sarkisyanın bundan sonra Ermənistanda vəziyyəti müsbətə doğru dəyişmək imkanlarına malik deyil. Ermənistan Milli Konqresi və “Tsarukyan” bloklarının Qarabağ klanına qarşı mübarizədə maraqları üst-üstə düşdüyündən müxalifətin bu məsələdə birgə mübarizəsi Sarkisyan hakimiyyətinin siyasi səhnədən sıxışdırılması üçün ciddi arqument yarada bilər. Onu da unutmaq olmaz ki, Ermənistanda hər hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi birbaşa Rusiyanın razılığı ilə baş verə bilər. Çox güman ki, Kremlin Sarkisyanın siyasi varisi kimi gördüyü lider seçkilərin qalibi olacaq. Hələlik bu şansa daha çox sabiq baş nazir O.Abramyanın malik olduğu deyilir. Çünki Levon Ter-Petrosyandan fərqli olaraq, Ovik Abramyan yüksək siyasi təcrübəyə malik olmaqla yanaşı, həm də Rusiya ilə yaxın münasibətlər qura bilib. Sarkisyan isə artıq kifayət qədər siyasi nüfuzdan düşüb və Moskva üçün əlavə problemlər yaradır. Ötən ilin aprel ayında baş vermiş qısamüddətli müharibə Serj Sarkisyanın artıq status-kvoya nəzarət edə bilmədiyini göstərdi. Bu isə Rusiyanın regiondakı maraqlarını təhlükə altına alır. Ona görə də Rusiya bölgədə geosiyasi mövqelərini möhkəmlətmək üçün Ermənistanda “siyasi güncəlləşmə” həyata keçirə bilər. Respublika Partiyasının seçkilərdə məğlub olması Serj Sarkisyanın Ovik Abramyanla əvəz edilməsi, baş nazir postuna isə Qagik Tsarukyanın gətirilməsi ilə sonuclana bilər.Müşfiq Abdulla





Həftənin ən çox oxunanları