Yuxarı

Trampdan müəmmalı təbrik

Trampdan müəmmalı təbrik

Elçin Mirzəbəyli: “Tramp Türkiyədəki reallıqları yaxşı bilir” Əli Orcuov: “Ola bilsin ki, Trampın Ərdoğanla daha yaxın münasibətləri var” ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. ABŞ lideri Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi və seçicilərin çoxluğunun dəyişikliklərə səs verməsi münasibətilə türk həmkarını təbrik edib. Seçkilərdən sonra ayrı-ayrı dövlətlərin başçılarının biri-birilərini tərbik etməsi diplomatik etiket qaydası hesab olunsa da Donald Trampın bu addımında qeyri-adilik özünü hiss etdirdi. İlk növbədə bu təbrik o vaxta təsadüf edir ki, Türkiyədə siyasi quruluşu prezident idarəetmə sisteminə keçidi rəsmiləşdirən referendum Avropa İttifaqı tərəfindən “demokratiyanın zədələnməsi” kimi nəzərə alınıb. Ərdoğanın bu cəhdlərindən narazı olan avropalı liderlər Türkiyənin Aİ-yə girən qapısını bağlamağa hazırlaşdıqları da müzakirə mövzusudur. Amma Ağ Ev rəhbəri avropalı həmkarlarından fərqli düşünür və bu da o ehtimalı yaradır ki, ABŞ Aİ-nin mövqeyinin əksinə olaraq Türkiyənin prezident idarəetmə sisteminə keçməsində maraqlıdır, ya da bu, Amerikanın strateji maraqları baxımından məcburi maraqdır. Nəzərə alsaq ki, Amerika prezidentləri adətən seçkilərin rəsmi nəticələri təsdiqləndikdən, ya da nəticələrin qanunvericilikdə öz əksini tapmasından sonra təbrik üçün telefon dəstəyinə əl atırlar, bu baxımdan Trampın tələskənliyində ABŞ-ın geosiyasi maraqlarının əks olunduğuna şübhə yoxdur. Tramp Obamanın səhvlərini düzəldir Həmçinin nəzərə alsaq ki, Barak Obama dönəmində Türkiyə - ABŞ münasibətləri qırılma həddinədək inkişaf etdi və buna görə rəsmi Anakara Rusiya ilə əlaqələri inkişaf etdirən addımlar atdı, bu nöqteyi-nəzərdən də Tramp NATO-dakı müttəfiqini özündən çox da uzaqlaşdırmamaq barədə düşünə bilər. Əlbəttə, Rusiya - Türkiyə yaxınlaşması Vaşinqtonun Yaxın Şərq siyasəti baxımından maraqalarına adekvat deyil. Məsələn, Türkiyə Suriya böhranında Rusiya və Bəşər Əsədin maraqlarına uyğun xətt seçsə, bu, Amerikanın maraqlarına böyük ölçülü zərbə vura bilər. Şübhəsiz ki, Türkiyə Yaxın Şərqdə baş verənlərə daha yaxın ölkədir və bu bölgədə yerləşdiyi üçün coğrafiyanın koordinatlarını da yaxşı bilir. Bu baxımdan da Aİ-nin nə düşünməsindən asılı olmayaraq Tramp Amerikanın maraqları üçün Ankaranı Vaşinqtona yaxınlaşdıran səylərini davam etdirəcək. “Tramp soyuq münasibətlərə son qoyacaq” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, Donald Tramp Ərdoğanı təbrik etməkdə tələsmədi. Ağ Ev rəhbərinin ağıllı hərəkət etdiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, o, Türkiyədəki reallıqları və regiona gedən prosesləri yaxşı bilir: “Türkiyə indiki şəraitdə, xüsusilə də Suriya böhranının həllində ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin regionda təklənməsi onun ABŞ-ın geosiyasi rəqiblərinin müttəfiqinə çevirə bilər. Bu baxımdan körpülərin tamamilə yandırılması Amerikanın maraqlarına cavab vermir. Hesab edirəm ki, Tramp və onun komandası bu amilləri nəzərə alıb Türkiyə - ABŞ münasibətlərində yaranmış soyuqluğa son qoyacaq. Yaxın vaxtlarda Vaşinqton - Ankara münasibətlərində müsbət irəliləyişlərin şahidi olacağıq. Düşünürəm ki, Avropa İttifaqının da ritorikası müəyyən mərhələdən sonra kəsiləcək. Avropa da reallıqları nəzərə almaq məcburiyyətində qalacaq. Trampa gəlincə, onun vaxtında doğru addım atması qənaətindəyəm”. “Rusiyanın da mövqeyi belə oldu” Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə bu təbrikin diplomatik etiket qaydası olduğunu, burada tələsməkdən söhbət getmədiyini deyib. Ə.Orucov qeyd edib ki, rəsmi nəticələrin hesablanması və müəyyən olunması müəyyən vaxt aparır, buna görə də nəticələr rəsmi qaydada təsdiqlənmədən belə təbriklər olur: “Digər yandan ola bilsin ki, Trampın Ərdoğanla daha yaxın münasibətləri var. Həmçinin Ağ Ev rəhbərinin seçkilərə ayrı marağının olması da mümkündür. Buna görə də avropalı müttəfiqlərini gözləmədən ilk təbrikini etdi. Burada qeyri-adi heç nə yoxdur”. AMİP rəsmisi vurğulayıb ki, referendum türk xalqının seçimi və Türkiyənin daxili işidir: “Rusiyanın ilk rəsmi mövqeyi də belə oldu. Əslində prezident idarəetmə sisteminə keçid demokratik dəyərlərin çeynənilməsi mənasını vermir. Məsələn, elə ölkə var ki, parlamentli respublikadır, amma orada demokratiya yoxdur. “Demokratiya” deyən ölkələrin əksəriyyətində bu gün konstitusiyalı monarxiya üsul-idarəsi var. Belçika, Hollandiya və digər Avropa dövlətlərində bu belədir. Eyni zamanda elə ölkələr də var ki, parlamentli respublikadır, amma orada prezidentin böyük səlahiyyətləri var. Kim deyə bilər ki, Fransa qeyri-demokrarik ölkədir? Yəni, demokratiyanın ölçüsü siyasi quruluşlarla bağlı deyil, bu quruluşun ona yanaşmasıyla bağlı olan məsələdir”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları