Yuxarı

Ordumuzun yeni silahları düşməni təşvişə salıb

Ordumuzun yeni  silahları düşməni  təşvişə salıb

  Üzeyir Cəfərov: “İlk dəfə bu təlimlərdə radioelektron cihazlardan istifadə olunacaq, yeni alınmış texnika, silah-sursatlar sınaqdan keçiriləcək” Azərbaycan silahlı qüvvələri prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərini davam etdirir. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlərin məqsədi qoşunların "döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili" və "onların qarşılıqlı fəaliyyətinin" yoxlanılmasıdır. Təlimlər aprelin 21-dək davam edəcək. Davam etdirilən bu cür hərbi təlimlər hər dəfəsində Ermənistanı qorxuya salır. Düşmən ölkə Azərbaycan silahlı qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə olmasından ehtiyatlanaraq, təşvişini dünya mətbuatından da gizlətmir. Amma son keçirilən hərbi təlimlərdən düşmən ölkə sanki tədirgin olmayıb. Maraqlıdır, Azərbaycanda Ermənistanı əsl qorxuya sala bilən hərbi təlim nə vaxt keçirilib? “Cümhuriyət” qəzetinə bununla bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 2016-cı il noyabrin 12-dən 18-nə qədər də 60 min şəxsi heyətlə təlimlər keçirildi: “Həmin təlimlərdən düşmən çox narahatlıq keçirirdi. Ermənistan hər dəfə Azərbaycanda keçirilən təlimlərdən sonra aləmə car çəkirdi ki, Azərbaycan beynəlxalq və hüquqi normaları pozur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi deyirdi ki, biz ATƏT-ə müraciət edəcəyik. Ermənistan artıq neçənci dəfədir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, Ağdamın Uzundərə yaşayış məntəqəsinə yaxın ərazilərdə hərbi təlimlərini keçirirlər. Azərbaycandakı hazırkı təlimlər çox genişmiqyaslı təlimlərdir. İlk dəfə bu təlimlərdə radioelektron cihazlardan istifadə olunacaq. Yeni alınmış texnika, silah-sursatlar sınaqdan keçiriləcək. Heç vaxt istifadə olunmamış avadanlıqlar bu təlimlərə çıxarılır. İlk dəfə ön xəttə çıxarılan şəxsi heyətin döyüş bacarığı yoxlanılacaq. Eyni zamanda arxada olan şəxsi heyət start- döyüş, atəş nöqtələrinə çıxarılacaq. Ön xətdə olanların yerdəyişməsi həyata keçiriləcək. Ermənilər niyə narahat deyillər ki? Onlar bilirlər ki, bu təlimlər istənilən an ölkə rəhbərliyinin qərarına əsasən real döyüş əməliyyatına çevrilə bilər. 30 min şəxsi heyət kifayət qədər ciddi rəqəmdir. O qıdır ağır texnika, döyüş tankları və helikopterlər, bütün qoşun növləri, həm Bakıda, həm Naxçıvanda, həm də döyüş bölgəsində tam hazır vəziyyətdədir. Əmin olun ki, ermənilər bütün bu hazırlıqlardan, təlimlərdən ciddi narahatdırlar. Narahat olmasaydılar, qışqır-bağır salmazdılar və ATƏT-ə müraciət etməzdilər ki, Azərbaycanın bu hərəkətinə qiymət verilsin. İşğal olunan torpaqlar Azərbaycan əraziləridir. Ermənilər işğalda olan əraziləri boşaltmaq əvəzinə bizə həqarətlər səsləndirirlər. Fikrimcə, Azərbaycan bir qədər sərt mövqe tutmalıdır. Biz yumşaq mövqe sərgiləyirik, bundan və prinsipiallığımızın olmamasından istifadə edərək Ermənistan ərazilərimizdə təlimlər keçirir. Azərbaycan kəmiyyət və keyfiyət baxımından ötən ilin noyabrından bu günə qədər xeyli addımlar atıb. O mənada bu təlimlərin döyüş imkanlarının artırılmasının çox böyük əhəmiyyəti olacaq”. Azərbaycanda nə qədər poliqon var? Azərbaycanda olan poliqonların sayına gəlincə, ekspert onların yüzlərlə olduğunu bildirib: “Birinci dərəcəli poliqonlarımız da var. Ümumiyyətlə, nə qədər hərbi hissələrimiz var, bir o qədər də poliqonlarımız var. Yəni, hər hərbi hissəninin öz poliqonu var. Kiçik hərbi hissənin kiçik poliqonu, böyük hərbi hissəsinin isə texnikaya uyğun şəxsi heyətin verilən tapşırıqlara əməl etməsi üçün böyük poliqonları var. Bundan əlavə əsas və ehtiyat poliqonlar da var. Hesab edirəm ki, bu poliqonlarımız tam hazır vəziyyətdədir və bütün tələblərə cavab verir. Son vaxtlar onlar ən müasir avadanlıqlarla təchiz olunub. Bir müddət əvvəl Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri belə poliqonlardan birində keçirildi. NATO-ya üzv olan ölkələrin hərbi attaşeləri müntəzəm olaraq Azərbaycanda olan hərbi hissələrə və poliqonlara baş çəkiblər və yüksək də qiymətləndiriblər. Çox böyük müsbətə doğru dəyişikliklər var. Azərbaycan SSRİ-nin tərkibində olanda cənub istiqamətində 5 hərbi dairə var idi ki, onlar Bakıya tabe idi. Onlar Türküstan, Orta Asiya, Şimali Qafqaz, Zaqafqaziya və Qırmızı Bayraqlı Xəzər Donanması hərbi dairələri idi. Burada olan poliqonların xeyli hissəsi ehtiyat sahə kimi Dövlət Əmlak Komitəsinə verilib ki, onlar dövlətin digər ehtiyacları üçün istifadə olunsun”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları