Yuxarı

Nazarbayev ölkəsini İŞİD-dən qoruyur

Nazarbayev ölkəsini  İŞİD-dən qoruyur

  Radikal islam Qazaxıstandan sıxışdırılır Qazaxıstan prezidenti Nursultan Nazarbayev qanunvericiliyə gənc oğlanlara saqqal saxlamağı, qızlara isə özlərini başdan ayağa qədər qaraya bürünməyi qadağanı nəzərdə tutan təkliflər irəli sürüb. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə o, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri ilə görüşündə bildirib. Nazarbayevin fikrincə, bu cür hadisələr gənc nəslin dini savadsızlığını göstərir. Beynəlxalq Böhran Qrupu Orta Asiya ölkələri və Qazaxıstandan İŞİD terror təşkilatının sıralarında döyüşmək üçün Suriya və İraqa gedən insanların sayının artdığını bildirib. Təşkilatın hesabatına görə regiondan son 3 ildə 5 mindən çox Orta Asiya ölkəsi, həmçinin Qazaxıstan vətəndaşı radikal dini ideologiyalara meyillənərək İŞİD-in sıralarına qoşulub. Bu məqsədlə Orta Asiyada sabitliyin pozulması üçün bu terror təşkilatına 70 milyon dolların ayrıldığı bildirilir. Faktın üstünün açılması Qazaxıstan və digər region dövlətlərində geniş müzakirə mövzusuna çevrildi. Bundan sonra Qazaxıstanda Özbəkistan və Türkmənistan-Əfqanıstan sərhədlərində düşərgə salmış radikallarla mübarizə gücləndirildi. Nazarbayevin açıqlamasını və təklifini bu baxımdan islam radikalizminin öz ölkəsi və bütün bölgə üçün real təhdid mənbəyinə çevrildiyinin etirafı kimi də qiymətləndirmək olar. Nəzərə alsaq ki, hələ 2014-cü ildə İŞİD-in Qazaxıstanda varlığını sübut edən video görüntülər yayılmışdı və bu ölkədə terrorçuların azyaşlı uşaqlara təlim keçdikləri faktı üzə çıxmışdı, bu baxımdan Qazaxıstan başçısı terrorizmlə mübarizə üçün qabaqlayıcı tədbirlər görməyə məcbur kimi görünür. Keçən il Aktauda dini radikalların hərbi hissəyə hücumu da Nazarbayev hökumətinin qayğılarını bir qədər artırır. İŞİD Qazaxıstanda düşərgə salır İŞİD 2 il əvvəl Əfqanıstan - Türkmənistan sərhədlərində düşərgə salıb. Regionda fəaliyyət göstərən “Taliban”, Özbəkistan İslam Hərəkatı və Buxara Hərəkatı kimi təşkilatlarla işbirliyində olan İŞİD-in əsas hədəfi Qazaxıstanın da daxil olduğu Orta Asiya coğrafiyasında yayılmaqdır. Nəzərə alsaq ki, islam radikallarının hədəflərindən biri regionun zəngin neft və qaz yataqlarını ələ keçirməkdir, bu nöqteyi-nəzərdən Qazaxıstanın da hədəfdə oturdulduğu aydın məsələdir. Vəziyyətin kritikləşdiyini və ölkədən İŞİD sıralarına qoşulanların sayının artdığını nəzərə alan Qazaxıstan parlamenti Nazarbayevin təklifi ilə terrorizm və ayrı-seçkilik üçün veriləcək həbs cəzalarını ağırlaşdırıb. Qazaxıstan Təhlükəsizlik Komitəsinin hesabatına görə, bu ölkədən müəyyən qismi qadın olmaqla İŞİD sıralarına qoşulanların sayı 1000 nəfəri keçir. Digər yandan yerlərdə də dini radikalizmin boy göstərməsi, Suriyaya gedənlərin sayının artması və militanların öz ölkələrinə geri qayıtması və cəmiyyət arasında gizli fəaliyyətlərini davam etdirməsi kimi problemlər Qazaxıstanı təhlükə qarşısında qoyur. “Məqsəd “xilafət” qurmaqdır” Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun mütəxəssisi Zöhrə Əzizovaya görə, Orta Asiya və Qafqaz bölgələri İŞİD baxımından potensial və ciddi təhlükə mənbəyidir. Z.Əzizova qeyd edir ki, “İslam Dövləti” bir çox nəhəng geosiyasi hədəfləri olan proyektdir: “Bu təşkilat Qazaxıstan da daxil olmaqla sünnilərin sayının çox olduğu ölkələrdə “İslam Xilafəti” qurmağı hədəfə alıb. Digər yandan İŞİD-in bu bölgələrdə qeyri-sabitliyi pozmaq və qarşıdurma mühiti yaratmaq üçün istifadə edildiyini də unutmaq olmaz. Bu da həmin geosiyasi hədəfləri həyata keçirmək üçün lazımdır”. Başqa sözlə, dini radikalizmin Qazaxıstanda dərinə kök atmağa olan meyilləri və İŞİD-in buradakı varlığı, həmçinin bu terror təşkilatının regionla bağlı planları istənilən an burada Suriya ssenarisini təkrarlaya bilər. Hər halda Nazarbayevin qayğıları əbəs deyil və ölkənin təhlükəsizliyi üçün bir sıra və sərt addımlar atmağa məcburdur. Mənsur Rəğbətoğlu