Yuxarı

“İnqilab kralı”nın sirli səfəri

“İnqilab kralı”nın sirli səfəri

Arzu Nağıyev: “Çevriliş üçün hərbçilərdən istifadə edə bilərlər” Elçin Mirzəbəyli: “Onun Türkiyə ilə bağlı müəyyən maraqları ola bilər” 2013-cü ildə Türkiyədə Gəzi Parkı hadisələrinin əsas sponsoru olan amerikalı maliyyəçi, investor, iş adamı və filantrop Corc Soros aprelin 16-da keçirilən referendumda Konstitusiyaya təklif olunan dəyişikliklərin 51,4 faiz səslə dəstəklənməsi ilə Türkiyəyə qarşı yenidən hərəkətə keçib. “Cümhuriyət” qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, dünyada “inqilabların atası” kimi tanınan, həmçinin Ukrayna və Gürcüstanda “rəngli inqilablar”ın arxasında olan Soros Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) antiƏrdoğan, antireferendum çıxışlarından  istifadə edərək “İkinci Gəzi” üçün kisənin ağzını açıb. Sorosun Açıq Cəmiyyət İnstitutu beynəlxalq “insan haqları” təşkilatı “Human Rights Watch”ı Türkiyədəki referendumdan sonra başlayan kiçik miqyaslı etirazları xaosa çevirmək üçün təlimatlandırıb. Sorosun xaos üçün 100 milyon dollar ayırdığı bildirilir. Soros 10 il ərzində 1 milyard dollar ayırdığı təşkilatdan Türkiyəyə qarşı yazılar və hesabatların hazırlanmasını istəyib. HRW isə artıq Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı kampaniyaya başlayıb. “Dəqiqə söhbəti ola bilər” Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə dövlət çevrilişinin olacağı ehtimalı gözlənilən deyil. A.Nağıyevin sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın məqsədi çevrilişə cəhd edə biləcək qüvvələri öz əlinə almaqdır: “Əsas ordu və xüsusi xidmət orqanlarına nəzarəti həyata keçirməkdir. Hətta, Ərdoğanın məqsədi parlamentin veto hüquqlarını öz əllərinə almaqdan ibarətdir. Qələbə 51 faizlə qazanıldı, burada AKP ilə yanaşı, MHP də müəyyən pay sahibidir. Amma Sorosun Türkiyəyə gəlməsilə Trampın Ərdoğanı təbrik etməsi arasında müəyyən bağlantı da ola bilər. Düşünmürəm ki, Sorosun bura gəlməsi çevrilişlə nəticələnəcək. Türkiyənin demokratik dəyərləri və dini islami inancları var. Sorosun bu ölkədə hansısa addımı atması dəqiqə söhbəti ola bilər. Əgər onun çevriliş marağı  və bununla əlaqədar Türkiyədə hansısa qurumla əlaqəsi varsa, bu, dərhal özünü büruzə verəcək. Eyni zamanda CHP-nin çevrilişə cəhd edəcəyini düşünmürəm”. Politoloq Türkiyədə çevrilişə hansısa cəhdin olacağı qənaətində olmadığını vurğulayıb: “Çevriliş üçün hərbçilərdən istifadə edə bilərlər. Amma bütün cəhdlərin qarşısı yerində alınacaq”. “Sorosun belə bir məqsədi ola bilər” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə Türkiyədə inqilabi proseslərə hazırlığın getdiyinə inanmadığını deyib. E.Mirzəbəyli hesab edir ki, indiki situasiyada Türkiyədə dövlət çevrilişi mümkün deyil: “Corc Sorosun Türkiyədə inqilabi proseslərə rəhbərlik etmək cəhdində olacağını demək absurddur. Əgər Türkiyədə ciddi siyasi dəyişikliklər edilməsi məsələsi nəzərdə tutulsaydı, bu, ABŞ-ın iradəsi ilə ola bilərdi.  Lakin Amerikada belə bir istəyin və iradənin olduğunu düşünmürəm. Soros Türkiyəyə bu və ya hansısa məqsədlə gələ bilər, müəyyən maraqları da ola bilər. Amma indiki şəraitdə onun Türkiyənin daxili siyasətinə ciddi təsir edə biləcəyini düşünmürəm”. Mənsur





Həftənin ən çox oxunanları