Yuxarı

Türkiyədə siyasi çevriliş gözlənilir

Türkiyədə siyasi çevriliş gözlənilir

Kamalistlərin revanşı nə vəd edir? Cümşüd Nuriyev: “Siyai qarşıdurma dövlət çevrilişinə səbəb olacaq” Hakim Ədalət və İnkişaf Partiyası (AKP) son referendumda gözlənilən nəticəni almadı. Hətta müxalifətdə olan MHP-nin dəstəyi də yetərli olmadı. Nəticələr göstərir ki, “yox” deyənlər heç də “hə” deyənlərdən az deyil. 51 faizlə AKP-nin dəyişikliyə nail olması o, deməkdir ki, Türkiyədə ən az “hə” deyənlər qədər “yox” deyənlər var. Bu isə prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin tam dəstək almadığı deməkdir. “Yox” cavabını verənlər əsasən Cümhuriyət Xalq Partiyasının tərəfdarlarıdır. Referendumdan sonra ölkədə yeni siyasi düzən formalaşa bilər. Nəzərə alaq ki, AKP-yə dəstək vermiş Milliyyətçi Hərərkat Partiyasında ciddi parçalanma var.  Siyasi ekspertlərin fikrincə, yaxın günlərdə Türkiyə siyasi həyatında yeni güclərin ortaya çıxması labüddür. Referenduma dəstək verməmiş sabiq prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlunun ətrafında siyasi islamçılardan ibarət qüvvə mərkəzinin yaranacağı gözlənilir. MHP-dən qopacaq Meral Akşenerin kamalistləri ətrafında birləşdirəcəyi gözlənilir. Son vaxtlar atatürkçülərin ciddi gücə çevrildiyini, AKP tərəfdarlarının azaldığını nəzərə alsaq Türkiyə cəmiyyətində yeni siyasi düzənin meydana çıxacağını söyləmək olar.  Siyasi şərhçilər özəllikıə  MHP-də ciddi parçalanmalar olacağını bildirirlər. Ola bilər ki,  MHP başqanı Dövlət Bahçeli ümumiyyətlə siyasi səhnədən tamamilə uzaqlaşdırılsın. “Ərdoğanın səhvi baha başa gələcək” Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ərdoğanın hal-hazırda yürütdüyü daxili siyasət kifayət qədər gərginlik yaradır. Ekspert hesab edir ki, Türkiyədə yaşanan qarşıdurma yaxın zamanlarda dövlət çevrilişi ilə nəticələnəcək: “Türkiyə təkhakimiyyətliliyin olması, uzun müddət imperiya olan bir dövlətin vətəndaşları tərəfindən qəbul olunması çox çətin bir məsələdir. Türkiyə hal-hazırda seçim qarşısındadır. Atatürkçilərlə Ərdoğançılar, daha doğrusu dinçilər arasında çox ciddi qarşıdurma var. Bu məsələdə MHP-nin niyə AKP-ni dəstəkləməsi anlaşılan deyil. Çünki, Bahçeli daha çox Atatürkçü kimi özünü təqdim edirdi. Baş verənlər Türkiyəni qarışdırmaq istəyənlərin işinə yarayır. Ən çox da  İsrail, Səudiyyə Ərəbistanı və İranın. Bir növ dinçilərin əli ilə vahid, monolit olan Türkiyəni ayrı-ayrı siyasi qüvvələrə parçalanmağa nail oldular. Bu qüvvələrin biri həddindən çox cəhaləti, digəri isə proqressiv qüvvələri dəstəkləyir. Bunların da qarşıdurması hər zaman pis nəticələnir. Heç kim zəmanət verə bilməz ki, bu qarşıdurma yaxın zamanlarda dövlət çevrilişinə gətirib çıxarmayacaq. Hər halda Türkiyədə yaxın zamanlarda bu qarşıdurma mütləq ağır nəticələrə səbəb olacaq. Analizlər də bunu deməyə imkan verir. Türkiyə Ərdoğanın apardığı dinçi siyasət, xurafat  türk cəmiyyətinin qəbul edəcəyi məsələ deyil. Türkiyə cəmiyyəti kifayət qədər oxumuş insanlardan ibarətdir. Ona görə də inanmıram ki, Ərdoğanın buraxdığı bu səhv ucuz başa gəlsin”. Vilayət Muxtar