Yuxarı

Lavrovun adamından ermənipərəst mövqe

Lavrovun adamından ermənipərəst mövqe


Məhəmməd Əsədullazadə: "Türkiyə XİN-i Rusiyanın bu addımına rəsmi şəkildə nota verməlidir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməniləri müdafiə edən açıqlama ilə çıxış edib. "Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir" deyən nazirlik rəsmisi qondarma erməni soyqırımını tanımayanları qınayıb: "24 aprel erməni soyqırımı qurbanlarının xatirə günüdür. Kimsə "soyqırım" sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, "olub-olmayıb" müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə "Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında" qərar qəbul edib", - deyə Mariya Zaxarova qeyd edib.

Qeyd edək ki, Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə də baş çəkib. O, BMT binasından bir neçə dəqiqəlik məsafədə yerləşən erməni kilsəsinə gedərək, harada olmağından asılı olmayaraq qəlbinin erməni xalqı ilə birlikdə olduğunu deyib. Mariya Zaxarovanın Rusiya xarici işlər naziri Sergey Lavrovla münasibətlərinin yaxın olmasını nəzərə alsaq, nazirlik rəsmisinin belə bir açıqlama verməsi normaldır. Bəs, politoloqlar nə düşünür?

Məsələ ilə bağlı AXCP funksioneri, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət" qəzetinə deyib ki, Rusiya Cənubi Qafqazda forpostu olan Ermənistanın vasitəsilə regionda Azərbaycan və Türkiyəyə qarşı təzyiq mexanizmindən tarix boyu istifadə etməkdədir: "Rusiya XİN sözçüsü Mariya Zaxarovanın qondarma erməni soyqırımı barədə qeyd etdikləri, bir daha bu ölkənin tarixə qərəzli yanaşmasının və Türkiyəyə qarşı subyektiv siyasətinin nəticəsidir. Rusiya Ermənistanla birgə bu qondarma soyqırımın tanınmasında deyərdim ki, paralel çalışır. Məqsəd, Cənubi Qafqazda Türkiyə Azərbaycan birliyinə qarşı Ermənistanı qoymaqdır. Hazırda, Rusiya XİN başçısı Sergey Lavrovun millətinin erməni olmasını nəzərə alsaq, bu qurumun sözçüsünün belə bir ifadələr işlətməsində təəccüblü heç bir şey yoxdur. Qarşıdan Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü gözlənilir. Görünən odur ki, Moskva və Ankara siyasi əlaqələrinin inkişafından Ruiyada erməni lobbisi narahatdır. İki ölkə başçısının yaxınlaşan görüşü barədə XİN-nin sözçüsünün belə bir bəyanatı prezidentlərin görüşünə kölgə salmış olur. Bununla Rusiya, Türkiyə ilə siyasi əlaqələrdə səmimi olmadığını göstərir. Zaxarovanın rəsmi şəxs olduğunu nəzərə alsaq, onun Türkiyənin Şərqini Qərbi Ermənistan torpaqları kimi qeyd etməsi, Türkiyənin ərazi bütövlüyünü sual altına qoymaqdır və Türkiyənin ərazi bütövlüyünə hörmətsizliyidir. Hesab edirəm ki, Türkiyə XİN-i Rusiyanın bu addlmına rəsmi şəkildə nota verməlidir".

Alçina Amilqızı





Həftənin ən çox oxunanları