Yuxarı

Qarabağ münaqişəsində kritik dönəm

Qarabağ münaqişəsində kritik dönəm

Müharibə variantı masada


Məhəmməd Əsədullazadə: "Azərbaycanın aldığı silah-sursat və hərbi təlimləri işğal olunmuş ərazilərin qaytarılmasına hesablanıb"

 

Ramil Məmmədli: "Rusiya müharibə istəmir"

 

Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı yenidən gündəmə gəlib. Son iki ildə aparılan nəticəsiz danışıqlardan sonra Rusiyanın paytaxtı Moskvada xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında baş tutacaq görüşdə razılaşmanın olmayacağı ehtimalı da münaqişəni yenidən körükləyə bilər.


Keçən il aprel ayında baş vermiş döyüşlərin danışıqlar masasından çox poliqonda hərəkətlənməni artırdığına diqqət çəkən bir sıra mənbələr yay aylarında müharibənin başlayacağını istisna etmirlər. Rusiya və Ermənistan KİV-lərində də son zamanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox danışıqlardan yox, müharibə riskinin artmasından danışılır. Bir müddət əvvəl ABŞ-ın "Stratfor" Mərkəzi yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında müharibənin başlayacağı ilə əlaqədar sensasion iddia ilə çıxış etmişdi. Mənbə Rusiyanın növbəti müharibə üçün münaqişə tərəflərinə "yaşıl işıq" yandırdığını bildirmişdi.

 

Tərəflərin savaş hazırlığı

 

Eksperlər Rusiyanın Ermənistanda hərbi təlimlərə başlamasını, eyni zamanda Azərbaycanın 30 minlik qoşunla keçirdiyi təlimlərin müharibə hazırlığı olduğunu deyirlər. İri miqyaslı qarşıdurma ehtimalının gündəmi zəbt etdiyi vaxt Azərbaycan Rusiyadan aldığı silahları nümayiş etdirdi. Məlumdur ki, Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək. Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək. Ekspertlər bunu son zamanlarda Ermənistan və Azərbaycan arasında gedən silahlanma yarışı ilə əlaqələndirsələr də bunun real döyüş hazırlığının tərkib hissəsi olduğu da istisna deyil. Digər yandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərliyin Ermənistana keçməsi də kritik dönəmdə tərəflərin silaha əl atmasını labüd edir.

 

"Müharibə hər an başlaya bilər"

 

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət" qəzetinə bildirib ki, Ermənistanın danışıqlara yaxın durmaması vəziyyəti mürəkkəbləşdirir. M.Əsədullazadə hesab edir ki, Ermənistanda keçirilmiş parlament seçkilərində "Qarabağ klanı"nın qalib gəlməsi müharibə variantını aktuallaşdırıb: "Sarkisyan status-kvonu qorumaqla hakimiyyətinin müddətini uzadır. Sarkisyanın partiyasının bütün şərtləri Azərbaycan üçün qəbuledilməzdir. Ermənistan danışıqlar masasına gəlməməklə danışıqlara hazır olmadığını göstərir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri və Rusiyanın verdiyi silahları nümayiş etdirməsi, Azərbaycanın işğalçı ölkəyə təzyiq mexanizmini işə sala bilər. Digər yandan xarici işlər nazirlərinin Moskvada nəzərdə tutulan görüşü haqda Ermənistan KİV-lərində ilginc məlumatlar yer alıb. Erməni mənbələr Nalbandyanın bu görüşdə iştirak etməyəcəyini bildirirlər. Bu, Ermənistanın danışıqlarda maraqlı olmadığını göstərir. Görüş baş tutsa belə, razılaşma olmayacaq.

Danışıqların dayanması və nəticəsiz cəhdlər növbəti gərginliyə gətirib çıxaracaq. Cəbhə bölgəsindəki nisbi sakitlik böyük müharibəyə səbəb ola bilər".


Politoloq bildirib ki, işğal prosesi davam etdikcə, müharibə ehtimalı həmişə aktual olacaq: "Azərbaycanın aldığı silah-sursat və hərbi təlimləri işğal olunmuş ərazilərin qaytarılmasına hesablanıb. Azərbaycanın 30 minlik qoşunla hərbi təlimləri Ermənistana birbaşa mesajı idi. Keçən il də Azərbaycanın belə irimiqyaslı təlimləri Ermənistana ciddi zərbələr vurdu. Müharibə variantı masadadır və bu, Ermənistanın son danışıqlarda özünü necə aparmasından asılı olacaq.


Əgər Ermənistan danışıqlara ciddi fokuslanmasa, yay aylarında qarşıdurma qaçılmazdır. Azərbaycan Rusiya ilə konfidensial olaraq, Qarabağla bağlı danışıqlar aparır. Bundan Ermənistan rəhbərliyi də məlumatlıdır. Buna görə də erməni KİV-ləri və siyasət adamları Rusiyanın Qarabağ məsələsində Azərbaycana güzəşt edəcəyini deyirlər. Hesab edirəm ki, Azərbaycan ABŞ-la da bu istiqamətdə diplomatik danışıqlar aparılmalıdır".


Hərbçi-ekspert Ramil Məmmədli "Cümhuriyət" qəzetinə deyib ki, Azərbaycan tərəfi imzalanmış atəşkəs rejiminin qorunmasına çalışdı. Amma R.Məmmədli işğal olunmuş ərazilərini geri qaytarması üçün Azərbaycanın bütün hüquqları özündə saxladığını vurğulayıb:


"İstənilən an Azərbaycan bu hüququndan istifadə edə, ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlaya bilər. Lakin regionda gedən geosiyasi proseslər və Minsk Qrupunun mövqeyi müharibənin Azərbaycan tərəfindən başlamasının qarşısını alır. Digər yandan isə Ermənistanın vəziyyəti gərginləşdirən addımları sonsuza qədər mümkün ola bilməz. Rusiya KTMT daxilində Ermənistanın, MDB çərçivəsində isə həm Ermənistanın, həm də Azərbaycanın müttəfiqidir. Rusiya bu baxımdan ona yaxın olan dövlətlər arasında müharibə istəmir. Bu nöqteyi-nəzərdən həm Azərbaycan, həm də Ermənistanın real hərbi əməliyyatlara başlayacağı real görünmür".


Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları