Yuxarı

Gülənçilər prezidentin sarayında

Gülənçilər prezidentin sarayında

Türkiyədə 15 iyul çevrilişinə cəhddə şübhəli bilinən Fətullah Gülən tərəfdarlarına qarşı geniş əməliyyatlar başlanıb. FETÖ-yə qarşı keçirilən və 1000 nəfəri əhatə edən əməliyyatda işdən kənarlaşdırılanlar arasında prezident Ərdoğan və ailəsinin ən yaxınındakı mühafizəçilər, eləcə də 19 polis əməkdaşı da var. "Məhrəm imamlar" əməliyyatında ümumilkdə  9 103 polis əməkdaşı işdən kənarlaşdırılıb. Onların arasında Prezidentin Mühafizə İdarəsi və Parlamentin Mühafizə İdarəsinin əməkdaşları da var. Ümumilikdə bu iki qurumdan işdən kənarlaşdırılan əməkdaşların sayı 55 nəfərdir.

Qeyd edək ki, Prezidentin Mühafizə İdarəsi prezident və onun ailə üzvlərinin qorunması, təhlükəsizliklərinin təmini ilə məşğuldur.Burda çalışan əməkdaşlar prezident iqamətgahı, prezident köşkü, prezidentin olduğu bütün binaların mühafizəsinə cavabdehdir. Əməkdaşlar prezidentin xidməti və iş otağının daxili və onlara bitişik yerlərdə 24 saat boyunca xidmət verməyə borcludur. FETÖ-çülərin prezidentin ən yaxınına qədər gedib çıxması yaxın perspektivdə Türkiyədə yenidən çevriliş cəhdinin ediləcəyini gündəmə gətirir.

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki,  referendumdan sonra Ərdoğana təzyiqlərin artacağı gözlənilən idi:

 "Etiraf etmək lazımdır ki, Ərdoğan iqtidarı dövründə Türkiyə təkcə bölgədə deyil, ümumiyyətlə, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevrildi. Məhz Ərdoğanın iqtidarı dövründə Türkiyənin beynəlxalq borcları tam olaraq silindi.Türk dövlətçiliyi istər iqtisadi, istər siyasi baxımdan beynəlxaq sahədə ciddi uğurlara imza atdı. Türkiyə dövlətçiliyi tarixində son olaraq tək partiya AKP oldu ki, təkbaşına  hakimiyyət  formalaşdırdı. Bütün bunlar onu göstərdi ki, yaxın perspektivdə Ərdoğanın rəhbərlik etdiyi partiyanı hakimiyyətdən kənarlaşdırmaq çox müşkül məsələyə çevriləcək.

Referendumdan sonra Türkiyə müxalifəti və FETÖ ilə bağlı bu cür addımların atılacağı gözlənilən idi.Məsələ burasındadır ki, AKP referendumu udsa da, Türkiyədə hər iki vətəndaşdan biri Ərdoğanın islahatlarına "yox” deyib.Amma demək olmaz ki, bu referendum türk müxalifətinin gücünü ortaya çıxardı. Sadəcə olaraq Atatürkdən qalma dövlət ənənələrinin dəyişdirilməsi  cəmiyyətdə haqlı olaraq bir sıra suallar doğururdu. Bu baxımdan Gülən şəbəkəsi narazı elektoratdan sui-istifadə edəcək.Əgər  müxalifətlə razılıq əldə edə bilməsə, Ərdoğanın 2019-ci ildə yenidən prezident seçilməsi çox ciddi sual altında ola bilər”. Məlumdur ki, AKP iqtidarı 2 il ərzində referendumun verdiyi səlahiyyətdən istifadə edə bilməyəcək. Bunun üçün 2019-ci il prezident seçkilərini gözləmək lazım gələcək”.

Paralelçilər təhlükəsi güclənir

Politoloq həmçinin qeyd edib ki, gülənçilərin Ərdoğanın mühafizəsində olması onu deməyə əsas verir ki, Türkiyədə paralel dövlətçiliyin tərəfdarları həddindən artıq çoxdur:

"Yaranmış vəziyyətdən Avropada Türkiyənin güclənməsini istəməyən qüvvələr maksimum istifadə etməyə çalışacaq. Əslində FETÖ-nun ABŞ xüsusi xidmət orqanları ilə əlaqəsi şübhə doğurmur.İlk baxışda Gülənin qaytarılması ilə bağlı guya müzakirələr getdi, ancaq sonda məlum oldu ki, ABŞ Güləni ən yaxşı Kanadaya ekstradisiya edə bilər. Bu isə onu göstərir ki, Güləndə ABŞ-ın Türkiyəyə bağlı hazırladığı planlarla bağlı kifayət qədər dəqiq məlumatlar və faktlar var. Ona görə də düşünmürəm ki, ABŞ Güləni hətta özünün NATO üzrə müttəfiqi olan Türkiyəyə verəcək. Təbii ki, gülənçilərin Ərdoğanın mühafizəsində olması onu deməyə əsas verir ki, Türkiyədə paralel dövlətçiliyin tərəfdarları həddindən artıq çoxdur.Bu baxımdan hesab edirəm ki, Türkiyə xüsusi xidmət orqanları yaxın perspektivdə daha səbrli və diqqətli siyasət aparmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları