Yuxarı

ABŞ Qarabağın açarını Rusiyadan alır

ABŞ Qarabağın açarını Rusiyadan alır

Elşən Manafov "ABŞ ilk növbədə Ermənistanı Rusiyanın orbitindən çıxarmalıdır”

20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu hər dəfə fərqli bəhanələrlə problemin həlli uzadır.Həmsədr ölkələrin rəhbərləri də bu problemin həllinə səthi yanaşır.ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana diplomatik əlaqələrin 25 illiyi münasibətilə ünvanladığı müraciətdə bildirib ki, "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətlidir”.

Hər kəsə məlumdur ki, Ermənistan Rusiyanın vassalıdır.Ermənistana hərbi, siyasi, iqtisadi baxımdan dəstək verən Rusiya Qarabağ məsələsinə də diktə edən tərəfdir.Zaman-zaman siyasi şərhçilər vurğulayıb ki, "Qarabağın açarı” Rusiyanın əlindədir.Rusiya "Qarabağ kartı”ndan istifadə edərək bölgəyə nəzarəti əlində saxlamağa çalışır.Bəs Reks Tillersonun bu müraciətindən sonra ABŞ təşəbbüsü Rusiyanın əlindən ala bilərmi.

Siyasi şərhçi Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında ABŞ-ın nəzarəti Rusiyadan alacağına inanmadığını deyib. Onun sözlərinə görə, Tillersonun bəyanatı, ona qədərki dövlət katiblərinin səsləndirdiyi bəyanatlardan mahiyyət etibarı ilə fərqlənmir

"Bütün bu illər ərzində ABŞ problemin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu deyib. Məhz ABŞ özü də BMT-də Dağlıq Qarabağ müzakirələri zamanı digər həmsədr ölkələrlə bərabər bitərəf qalıblar.Azərbaycanla bağlı məsələlərə kifayət qədər fərqli münasibət sərgiləyiblər.2001-ci ilin danışıqları zamanı ABŞ problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.Bu illər ərzində də prinsip etibarı ilə ABŞ-ın mövqeyində dəyişiklik baş verməyib.

Amma zaman-zaman istər Fransa, istərsə də ABŞ-ın prosesin hansısa dövlət tərəfində dönüş etmək cəhdi dərhal Rusiya tərəfindən əngəllənib.Rusiya dərhal tərəfləri Moskvaya dəvət edərək, əslində bölgədə söz sahibi olduğunu digər həmsədrlərin diqqətinə çatdırıb.Düşünürəm ki, bu günün özündə də problemin həllinə Rusiyanın təsir imkanları kifayət qədər böyükdür.Dağlıq Qarabağ probleminə təsir imkanları 90 faiz təşkil edirsə, digər iki həmsədr ölkələrin birlikdə 10 faiz imkanı var”.

Elşən Manafovun sözlərinə görə, ABŞ post-sovet məkanında Rusiya ilə geosiyasi mübarizəyə hazırdır

"Bu rəqabətin çalarlarını hələ ki, Ukraynada, Baltikyanı ölkələrdə görürük. NATO tanklarının Rusiya sərhəddinə 700 kilometr məsafdə dayanması Rusiya üçün bir mesaj ola bilər. Amma hələ ki, Cənubi Qafqaz məkanında Gürcüstan istisna olmaqla digər dövlətlərə daha ciddi təmas qurduğunu görmürük.Maraqlı məqam ondan ibarətdir ki, ABŞ MDB məkanında müxtəlif təşkilatlara, o, cümlədən, Azərbaycanda fəaliyyət göstərən müxaliflərə və QHT-lərə ayırdığı qrantları ya ümumiyyətlə kəsib, ya da əhəmiyyətli dərəcədə ixtisar edib.Bütün bunlar onu göstərir ki, ABŞ artıq Rusiyanın bölgədə üstünlüyünü dolayısı yolla olsa da qəbul edib.

Təbii ki, bu o, demək deyil ki, Azərbaycan müstəqil dövlət deyil.Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanın müstəqil siyasət yürütmək imkanları daha çoxdur.Amma hər bir halda Azərbaycan da bu gün dünyanın müqəddəratını həll edən dövlətlər sırasında deyil.Bunu anlamaq və qəbul etmək lazımdır.Aprel döyüşlərində də tərəflərin məhz Rusiyanın təşəbbüsü nəticəsində hərbi əməliyyatları dayandırması və danışıqlara başlaması onu göstərdi ki, Qarabağla bağlı həll məsələsi yenə də Rusiyanın əlindədir”.

Sonda Elşən Manafov bildirib ki, ABŞ ilk növbədə Ermənistanı Rusiyanın "orbitindən” çıxarmalıdır. Bu baş tutmayana qədər təbii ki, ABŞ-ın Cənubi Qafqazda gedən proseslərə təsir imkanları kifayət qədər fərqli olacaq "Hesab edirəm ki, Tillersonun bu bəyanatı Azərbaycan iqtidarının diqqətini cəlb edəcək. Bu müəyyən qədər mesaj kimi qəbul oluna bilər ki, ABŞ bu bölgədə özünün transmilli şirkətlərinin maraqlarını qorumaq əzmindədir.Təbii ki, ABŞ bölgəyə yatırdığı investisyalarla bağlı güzəştə getməyəcək.Unutmaq lazım deyil ki, ABŞ-ı daha çox Dağlıq Qarabağ probleminin həlli deyil, Azərbaycanın enerji təhlükəsizliyi baxımından oynadığı rol düşündürür”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları