Yuxarı

Makronun qovluğunda Qarabağ

Makronun qovluğunda Qarabağ

Hikmət Hacızadə: "Azərbaycana görə heç kəs Rusiya ilə savaşmaq istəmir”

Elxan Şahinoğlu: "Makron da öz sələflərinin ənənəsinə sadiq qalacaq. Fəallıq gözləmirəm”

Fransada prezident seçkilərinin ikinci turunda "İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib."Cümhuriyət” qəzeti Fransa KİV-lərinə istinadən xəbər verir ki, Makron səslərin 65.1 faizini qazanıb.Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen isə seçicilərin 34.9 faizinin səsini qazanıb.Beləliklə, Emmanuel Makron qarşıdakı 7 ildə Fransanın prezidenti olacaq.

Makron dönəmi Fransa - Azərbaycan münasibətləri

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində çıxış edən həmsədr dövlət və Avropa İttifaqının aparıcı üzvlərindən biri kimi Fransanın yeni prezidentindən Azərbaycanın gözləntiləri var. Seçkidə qalib gələn Emannuel Makron seçkiqabağı kampaniya dönəmində Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağını deməklə Azərbaycan ictimaiyyətinin diqqətini üzərinə çəkdi. Makrondan fərqli olaraq, Marin Le Pen Dağlıq Qarabağın Ermənistana aid olduğunu dedi və prezident seçiləcəyi halda, bu istiqamətdə fəaliyyətini gücləndirəcəyini bildirdi. Xanım Le Penin radikal və ermənipərəst mövqeyi Azərbaycanın maraqlarına uyğun deyildi, cəbhə liderindən daha yumşaq və loyal görünən Makron məqsədə daha uyğun namizəd idi.Elə buna görə Makron dönəmində Fransadan Azərbaycana olan çoxmənalı münasibətin dəyişəcəyi gözlənilir.Nəzərə alsaq ki, Emmanuel Makron seçkiqabağı kampaniyada Fransadakı erməni diasporu və erməni lobbisini Le Pen qədər yaxın buraxmadı, bu nöqteyi-nəzərdən də onun seçəcəyi xətt maraqlıdır.Digər yandan peşəkar iqtisadçı olan Emannuel Makron öz hakimiyyəti dönəmində Fransa - Azərbaycan münasibətlərində iqtisadi amilləri qabağa çəkə bilər ki, bu Aİ üzvü olan Fransadan rəsmi Bakıya olan demokratik təzyiqləri arxa fona itələyə bilər.

Yeni prezidentin Dağlıq Qarabağla bağlı vədinə gəlincə, ekspertlər Rusiyanın münaqişənin mərkəzində yer almasını nəzərə alaraq, Makron dönəmində də Fransanın hansısa ciddi nəticə ilə yadda qalan addım atacağına inanmadığını bildirirlər.Lakin bununla belə hansısa yeni təkliflərin olacağı istisna olunmur.

"Makron yox, "makaron” olsun, bura girişə bilmirlər”

Politoloq Hikmət Hacızadə "Cümhuriyət” qəzetinə bildirib ki, Emmanuel Makronun dönəmində də Fransanın Azərbaycana yönəlik siyasəti dəyişməz qalacaq. Politoloq bu baxımdan qarşıdakı 7 ildə ikitərəfli münasibətlərdə və Fransanın Dağlıq Qarabağ münaqişəsinə yaxınlaşmasında yeniliyin olmayacağını diqqətə çatdırıb: 

"Heç bir yenilik olmayacaq.Çünki Makron Fransa siyasi elitasının bir hissəsidir.Yəni, həmin çərçivənin bir nümayəndəsidir.Heç nə dəyişməyəcək, heç dəyişə də bilməz.Bizim regionda hər şey, elə Qarabağ məsələsinin özü Moskvanın əlindədir.Makron yox, "makaron” olsun, bura girişə bilmirlər.Azərbaycana görə heç kəs Rusiya ilə savaşmaq istəmir.İçlərində bizə qarşı simpatiya olsa belə, biz Rusiyaya yaxınıq, onlardan çox uzağıq.Öz canları onlara şirindir.Yəni, dəyişiklik gözləməyə dəyməz”.

Hikmət Hacızadə hesab edir ki, Fransa və digər Qərb dövlətləri yürütdükləri regional siyasətlərində Rusiyanı nəzərə alırlar: "Rusiya geosiyasi müstəvidə Fransanın rəqibi olsa da Fransa Azərbaycanı necə dəstəkləyə bilər? Hansı formada ədalətli ola bilər? Hansısa plan hazırlayıblar, adını da "Madrid planı” qoyublar. Fransa və digər dövlətlər "ədalət” deyəndə, bunu nəzərdə tuturlar.Minsk Qrupuna gəlincə, bu qurumun səlahiyyətlərini şişirdirlər.Minsk Qrupu məhkəmə və tribunal deyil, onlar sadəcə, bizə danışıqlar üçün otaq və masa verirlər.Qrupunun mandatı budur, bunu birdəfəlik başa düşmək lazımdır”.

"Makron passiv olacaq”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə yeni Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həll prosesində fəallıq edəcəyini düşünmədiyini deyib. E.Şahinoğlunun sözlərinə görə, Makron da öz sələflərinin ənənəsinə sadiq qalacaq: "Fəallıq gözləmirəm. Amma Makron iqtisadçıdır. İqtisadi münasibətlər baxımından Makron dönəmində Fransa və Azərbaycan arasında müəyyən fəallıq ola bilər. İqtisadi məsələlər baxımından Fransa - Azərbaycan iqtisadi münasibətləri Fransa - Ermənistan iqtisadi münasibətlərini xeyli üstələyir.

Buna görə də ümid etmək olar ki, Makron Azərbaycanla iqtisadi münasibətlərin inkişafına önəm verəcək.Dağlıq Qarabağ münaqişəsinə gəlincə, yeni prezidentin xüsusi fəallıq göstərəcəyini düşünmürəm.Digər prezidentlər də fəallıq nümayiş etdirmədilər.Düzdür, Fransa həmsədrlərdən biridir, nəsə deməlidir, hərdən bir xarici işlər nazirlərini Parisə dəvət edir, amma Fransanın Makron dönəmində Rusiya kimi fəal olacağını gözləmirəm”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları