Yuxarı

İran ətrafında çəmbər daralır

İran ətrafında çəmbər daralır

Sədrəddin Soltan: "İslam NATO-su” İrana qarşı çevriləcəksə, bu zaman İran terroru dəstəkləyən dövlət elan olunmalıdır”

Elxan Şahinoğlu: "İran  Amerikanınbölgədəki müttəfiqlərini hədəfə alıb”

ABŞ prezidenti Donald Tramp prezident vəzifəsində ilk xarici səfərini Səudiyyə Ərəbistanına reallaşdırdı."Cümhuriyət” qəzeti xəbər verir ki, səfər bir sıra tarixi məqamlarla yadda qaldı və səfər uğurla başa çatdı.Donald Tramp Ər-Riyadda böyük silah anlaşmasına imza atdı. Həmin anlaşmaya görə, ABŞ 10 il ərzində Səudiyyə Ərəbistanına 350 milyard dollar ətrafında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Hesab olunur ki, bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində İrana qarşı əsas gücə çevrilməsinə şərait yaradacaq.

ABŞ-dan İranla bağlı yeni plan

Ağ Ev rəhbəri səfərdə Ərəb - İslam - Amerika sammitində iştirak etdi.Hesab etmək olar ki, Trampın səfərini bu vaxta salması da məhz sammitdə iştirak etmək istəyindən irəli gəlirdi.Azərbaycanın da iştirak etdiyi sammitdən sonra müsəlman ölkələri arasında ABŞ və İsrailin dəstəkləyəcəyi "İslam NATO-su” adlı hərbi ittifaqın qurulacağıyla bağlı məlumat yayıldı. Ehtimallara görə, məsələ ilə əlaqədar anlaşma, Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud arasında keçirilmiş təkbətək görüşdə əldə olunub. Hələ sammitdən bir neçə gün əvvəl İsrail kəşfiyyatına bağlı "Debka” informasiya agentliyi belə bir iddia ilə çıxış etmişdi. İsrail kəşfiyyatının iddiasına görə, sammitdən sonra qurulması işlərinə başlanılacaq hərbi blok İranın regional fəaliyyətinin məhdudlaşdırılmasına və regiondan təcrid edilməsinə yönələcək: "Rəsmi Tehran Ər-Riyadda baş tutacaq Amerika - İslam toplantısını narahatlıqla izləyir. Çünki qurulması planlaşdırılan hərbi birliyin məqsədi İŞİD-lə mübarizə olmayacaq."İslam ordusu” İran, İraq, Suriya və "Hizbullah”a qarşı mübarizə aparacaq."İslam NATO-su” ABŞ tərəfindən Yaxın Şərqdəki böhranla mübarizə üçün qurulur.İslam İttifaqı ABŞ və İsrail tərəfindən dəstəklənəcək”.

"Birlik İrana qarşı ola bilər, amma...”

Yaxın Şərq və İran üzrə mütəxəssis Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə bildirib ki, "İslam NATO-su” anlayışı bundan əvvəldə gündəmə gəlib. Ekspert deyib ki, 2015-ci ilin dekabrında 30-dan çox dövlət belə bir hərbi blokun qurulmasına razılıq vermişdi:

"Türkiyə də birliyə daxil olacaq hərbçilərə təlim verməyə hazır olduğunu bildirmişdi. Trampın Səudiyyə Ərəbistanı səfəri vaxtı keçirilən İslam - Ərəb sammitində bu məsələnin gündəmə gələcəyi gözlənilirdi.Amma burada Terrorizmə qarşı Rəqəmsal Mərkəzin açılışı oldu.Bu baxımdan Trampa terrorizmlə mübarizəyə dair çağırışlar oldu. İranın təcrid edilməsi ilə bağlı da çağırışlar var. Trampın özü də belə bir bəyanat verdi. Amma bu, deklorativ xarakter daşıyır.Çünki İrana qarşı yeni sanksiyaların olacağı təsdiqlənməyib.

Tramp İranla bağlı seçkiqabağı kampaniyada verdiyi vədlər baxımından hazırda fərqli siyasət yürüdür. Əgər qurulması ehtimal olunan "İslam NATO-su” İrana qarşı çevriləcəksə, bu zaman İran terroru dəstəkləyən dövlət elan olunmalıdır və bu tanınmalıdır.Yaxud, İranda hakimiyyətin əsas özəyi hesab olunan İran İnqilab Keşikçiləri Qvardiyası terror təşkilatları siyahısına daxil edilməlidir.Əgər bunlar baş verməyəcəksə, "İslam NATO-su”nun İrana qarşı olacağını demək absurddur.Bu baxımdan nə "İslam NATO-su” yarandı, nə də onların hədəfləri müəyyən edildi”.

Sədrəddin Soltanın sözlərinə görə, bu məsələnin gündəmə gəlməsi, iki il əvvəl bununla bağlı verilmiş bəyanatın davamı idi ki, hələlik bu baş tutmayıb:

"Bu ideyanın reallaşması üçün bir sıra məsələlər öz həllini tapmalıdır. İlk növbədə "İslam NATO-su”na daxil olan dövlətlərin hədəfləri müəyyən olunmalıdır, terrorizmlə mübarizədə birgə yol seçilməlidir. Digər yandan İslam dövlətlərinin ərazi məsələləri öz həllini tapmalıdır. Bunlar həll edilmədikcə, bu birliyin yaradılacağı ehtimalı az olacaq. Məsələn, Azərbaycan əraziləri işğal olunub.Amma müsəlman ölkələrinin bir çoxu işğalçı Ermənistanla siyasi, iqtisadi və mədəni əlaqələrə sahibdirlər.Azərbaycan bu halda hansı baxımdan "İslam NATO-su”nda təmsil oluna bilər?Demək ki, bu ideyanın həyata keçməsinin qarşısında böyük problemlər var”.

"İranın regional fəaliyyətini məhdudlaşdırmağa çalışacaqlar”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə bildirib ki, Donald Trampın Səudiyyə Ərəbistanına səfərinin əsas məqamlarından biri Ərəb-İslam-Amerika Sammitində iştirakı idi. Politoloq hesab edir ki, reallıqda isə söhbət Ər-Riyadda "İslam NATO”su deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi:

"Bu ideya Trampa məxsus deyil. Ondan əvvəl Barak Obama administrasiyası da bu ideyanı dəstəkləmişdi.Səudiyyə Ərəbistanında Trampın da iştirak etdiyi toplantıya 40 dövlət başçısı və baş nazir qatıldı.ABŞ özü yeni yaranan quruma üzv olmayacaq.Ancaq aydındır ki, Vaşinqton "İslam NATO”suna hər cür dəstək verəcək.Alyansın lideri isə şəksiz Səudiyyə Ərəbistanıdır.Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də yeni təsis olunan qurumda ön planda olacaqlar”.

Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton və Ər-Riyad "İslam NATO”-sunu İranın regional fəaliyyətini məhudlaşdırmaqda görür:

"İranda liberal sayılan Həsən Ruhani ikinci müddətə prezident seçilsə də həm Amerika prezidenti, həm də Səudiyyə Ərəbistanının kral ailəsi Tehranın siyasətindən narazıdır. Birincisi, Vaşinqton və Ər-Riyad hesab edir ki, Tehran nüvə silahı əldə etmək istəyindən birmənalı əl çəkməyib. İkincisi, hər iki dövlət hesab edir ki, Tehran əvvəlkitək bölgədəki müxtəlif silahlı qruplara, o cümlədən, "Hizbullah” və "Həmas”a silah və maliyyə dəstəyi verir, Suriya, Yəmən və Livanda qarşıdurmalarda iştirak edir. Nəhayət, həm Ər-Riyad, həm də Vaşinqton hesab edir ki, İranda bütün hallarda söz sahibi mühafizəkar dairələrdir, prezident Həsən Ruhani istəsə belə, Tehranın xarici və təhlükəsizlik siyasətinin ana istiqamətlərini dəyişə bilməyəcək. Mühafizəkarlar isə Amerikanın bölgədəki müttəfiqlərini hədəf alıblar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları