Yuxarı

Erməni ordusu savaşa hazır deyil

Erməni ordusu savaşa hazır deyil

Üzeyir Cəfərov: "Düşmən ancaq Rusiyanın Gümrüdəki hərbi bazasına arxayındır”

Məhəmməd Əsədullazadə: "Orduda ölüm halları çoxalıb və təmas xəttində mövqeləri də xeyli dərəcədə zəifləyib”

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Raket Qoşunları və Artilleriya İdarəsinin rəisi Albert Mardoyan tutduğu vəzifədən azad edilib."Cümhuriyət” qəzeti xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada A.Mardoyanın pensiya yaşının çatması ilə əlaqədar təqaüdə göndərildiyini bildirilib.Boş qalmış posta prezident Serj Sarkisyanın əmri ilə polkovnik Armen Arutyunyan təyin edilib.

Ermənistan KİV-ləri isə dövlət başçısının qərarını 2016-cı ilin aprel döyüşlərində Ermənistan raket və artilleriya qoşunlarının Azərbaycan ordusuna məğlub olmasıyla əlaqələndirib.Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Akopyan isə istefanın əsl səbəbini gizlətmək üçün aprel döyüşlərində Albert Mardoyanın şəxsən iştitakı ilə Ermənistan artilleriyasının yaxşı işlədiyini və buna görə ona minnətdar olduğunu deyib.

Ermənistan ordusunun döyüş qabiliyyəti

Ermənistan KİV-ləri müdafiə naziri Seyran Ohanyanın istefaya göndərilməsi ilə Silahlı Qüvvələr və Müdafiə Nazirliyində başlayan kadr dəyişikliklərini hərbi dairələrdəki böhran və aprel döyüşlərində Azərbaycana ağır məğlubiyyətlə əlaqələndirirlər. Keçən 1 il ərzində Serj Sarkisyan 10-dan çox generalı və yüksək vəzifəli hərbçiləri nazirlik və müvafiq strukturlardan uzaqlaşdırıb. Fevral ayında Azərbaycan ordusu ilə baş verən növbəti döyüşlərdə də düşmən ordusu ağır itkilər verərək geri çəkildi. Ermənistan KİV-ləri Müdafiə Nazirliyinin itkiləri gizlətdiyini, lakin döyüşlərdə həlak olan hərbçilərin ailələrinin müvafiq qurumlara etdikləri etiraz məktublarının Sarkisyanın bu yalanını ifşa etdiyini bildirirlər. Üstəgəl, bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın "OSA” zenit-raket kompleksini məhv etməsi də düşmən ölkədə zəlzələ effekti ilə qarşılanmışdı.Bu hadisə Ermənistanda ciddi etirazlar yaratdı və Sarkisyanın istefası yenidən gündəmə gəldi.Ermənistan mediası bu baxımdan hərbi dairələrdəki son dəyişiklikləri hakimiyyətin kadr islahatlarıyla yox, problemlərin getdikcə ciddiləşməsi ilə əlaqələndirir.Hesab olunur ki, proses davamlı olacaq.

"Düşmən havadarlarına arxayındır”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə Ermənistan ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olmadığını bildirib. Ekspert hesab edir ki, düşmən poliqonda Azərbaycan Silahlı Qüvvələrinə ciddi rəqib deyil:

"Ermənistan ordusunu heç vaxt güclü hesab etməmişəm. Düşmən tərəfin arxasında həmişə havadarları dayanıb, onun aqressivləşməsi üçün bütün maksimum şəraiti yaradıb.Ermənistan da zaman-zaman həmin havadarlarına arxalanıb Azərbaycan əleyhinə bəyanatlar verir. Ermənistan Silahlı Qüvvələrində baş verən dəyişikliklərə gəlincə, bu gözlənilən idi və proses davam edəcək. Sarkisyan öz mövqeyini gücləndirmək üçün bölmələrə yeni və özünə yaxın simaları gətirməyə çalışacaq.Həmin adamlar da güclü hərbi savada malik şəxslər deyil, sadəcə Müdafiə Nazirliyinin rəhbərliyini dəstəkləmək üçün vəzifəyə təyin olunublar.

Hesab edirəm ki, qarşıdakı bir neçə il ərzində Ermənistan özünü gücləndirmək iqtidarında deyil. Amma arxayınlaşmaq da olmaz.Ermənistanın bir sıra imkanları var ki, təxribatlar və digər yollarla Azərbaycana təzyiqlər etsin.Unutmamalıyıq ki, Ermənistan həmişə başqasının əlində alətdir.Amma bütövlükdə, Ermənistan ordusu heç vaxt güclü olmayıb.Düşmən ancaq, Rusiyanın Gümrüdəki hərbi bazasına arxayındır.Ordusunun döyüş hazırlığı isə aşağı səviyyədədir”.

"Sarkisyan gözdən "pərdə” asır”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, düşmənin öz ordusu haqda yaratdığı "mif” ötən ilin aprel döyüşlərində Azərbaycana ağır məğlubiyyətdən sonra darmadağın oldu. Politoloqun sözlərinə görə, döyüşdən sonra Ermənistanın Baş Qərargahından tutmuş, taboruna qədər ordunun döyüş vəziyyəti və təchizatının aşağı səviyyədə olduğu məlum oldu:

"Hadisələrdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Sarkisyanın Müdafiə Nazirliyində apardığı dəyişikliklər səmərə vermir, orduda ölüm halları çoxalıb və təmas xəttində mövqeləri də xeyli dərəcədə zəifləyib. Ötən həftə Sarkisyanın Müdafiə Nazirliyində keçirdiyi qapalı görüşlər də bununla bağlıydı.Digər yandan Azərbaycanın işğal olunmuş ərazilərində erməni ordusunda döyüş və qeyri-döyüş şəraitində ölüm halları çoxalıb.Nizam-intizamın pozulması və orduda regionçuluq halları genişlənib.Təchizat problemi də ciddiləşib.Görünən budur ki, yeni müdafiə naziri Vigen Sarkisyan da problemlərin öhdəsindən gələ bilmir.Silahlı Qüvvələrdəki son dəyişikliklər də orduda ciddi problemlərin olduğundan xəbər verir, bu islahat deyil”.

Məhəmməd Əsədullazadə hesab edir ki, düşmən ordusunda davam edəcək dəyişiklik prosesi inkişafa səbəb olmayacaq: "Azərbaycan ordusunun cəbhə xəttində düşmənə vurduğu ən kiçik zərbə də Ermənistanda zəlzələ effekti yaradır. Ermənistan tez-tez təxribata əl atsa da müharibəyə hazır deyil.Kadr dəyişiklikləri də gözdən "pərdə” asmağa hesablanıb”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları