Yuxarı

Prezidentlə hökumət üz-üzə

Prezidentlə hökumət üz-üzə

İqor Dodonun Moldova prezidenti seçilməsindən sonra Rusiya ilə münasibətlərdə müşahidə olunan yaxınlaşma ciddi zərbə alıb. Moldova Xarici İşlər Nazirliyinin Rusiyanın Kişinyovdakı səfirliyinin beş nəfər əməkdaşını arzuolunmaz şəxs etməsi iki ölkə arasında diplomatik gərginlik həddinə çatıb. Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin notası əsasında Rusiyanın beş diplomatı persona non-qrata edilərək ölkədən qovulub. 

Rusiyanın Moldovadakı səfiri Farit Muhəmmədşin məsələni şərh etmək istəməyib.Moldovanın baş naziri Pavel Filip isə bildirib ki, Rusiya diplomatları xüsusi xidmət orqanlarından alınmış dəqiq informasiya əsasında ölkədən xaric edilib.Baş nazir alınan məxfi məlumatları açıqlamaq istəməsə də artıq baş vermiş insidentin bir sıra motivləri artıq mediaya sızıb.Diplomatların kimliyi ilə yanaşı, onların arzuolunmaz şəxs elan edilməsinin səbəbləri də bəlli olub.Onlardan biri Rusiya səfirliyinin hərbi attaşesinin köməkçisi Aleksandr Qrudindir.Hələ 2017-ci ilin mart ayında Moldovanın Əks-Kəşfiyyat Xidməti A.Qrudinin parlamentin sabiq deputatı Yuri Bolbaçanla əlaqə qurduğuna dair məlumatlar əldə edib.İşin araşdırılması zamanı Y.Bolbaçan Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

Persona non-qrata elan edilmş diplomatlardan biri Rusiya səfirliyinin hərbi attaşesi İqor Dovbnyadır.Bundan başqa, səfirliyin birinci katibi Rinat Anderjanovun adı casusluq qalmaqalında çəkilir.Mart ayında Moldovanın Müdafiə Nazirliyi Dobvnyanın separatçı Dnestryanı bölgədə silahlı münaqişənin başlanmasına həsr olunmuş tədbirlərdə iştirakından narazılığı bildirib. O, Dubossarda hərbi münaqişə zamanı ölən separatçıların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmasında iştirak edib. 2016-cı ilin avqust ayında Moldova mediası Anderjanovu diplomatik nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə tənqid etmişdi.Həmin vaxt Rusiya səfirliyi ictimai qaydanı Anderjenovun deyil, onun maşınını videoya çəkən şəxsin pozduğunu bəyan etmişdi.Lakin rusiyalı diplomatların qovulması yalnız Kişinyovla Moskva arasında deyil, həm də Moldova hakimiyyətinin öz daxilində də qarşıdurma yaradıb.Məsələyə münasibətini bildirən prezident İqor Dodon "Moldova diplomatiyasının nümayəndələri tərəfindən atılan addımdan çox qəzəbləndiyimi bildirmək istəyirəm və onu qəti şəkildə qınayıram”-deyib.

Əslində, Kremlə yaxınlığı ilə seçilən Qərbyönümlü Moldova hökuməti arasında mövqe ayrılığının açıq müstəviyə keçəcəyi əvvəldən gözlənilirdi.Hökumət İ.Dodonun Moldovanı Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusu ilə üzv etmək və Rusiya ilə strateji əməkdaşlıq qurmaq siyasəti ilə razılaşmır.Ona görə də Rusiya diplomatik missiyasının Moldovada casusluq fəaliyyəti ilə məşğul olmasına dair məlumatların meydana çıxması Qərbyönlü hökumətin Kremlin dostu sayılan İqor Dodonu ittiham etməsi üçün tutarlı siyasi və hüquqi arqument yaradıb.

Öz növbəsində, prezident Dodon səfirlik əməkdaşlarının ölkədən çıxarılmasını strateji tərəfdaş olan Rusiya Federasiyasına qarşı atılmış iyrənc addım adlandırıb: "Bu, hər şeydən əvvəl Qərbin sifarişi ilə hazırlanıb. Hətta ola bilsin ki, göstəriş prezidentlə Kreml arasında konstruktiv və səmərəli dialoqun baş tutmasından narahat olan okeanın o tayından verilib”-prezident Dodon belə deyib. 

Bir sıra siyasi müşahidəçilərin rəyinə görə, baş vermiş diplomatik qalmaqal Moldovadakı daxili siyasi ziddiyyətlərlə bağlıdır.Dodon 2016-cı ilin noyabr ayında prezident seçildikdən sonra Avrointeqrasiya tərəfdarlarının oyununu pozdu. O, seçkidən əvvəl Moskva ilə əlaqələrin qaydaya salınmasına çağırırdı və Ruminiya ilə birləşməyin tərəfdarı olan unionistlərin Qərbyönlü xarici siyasət kursundan imtina etməyi təklif edirdi. Seçildikdən sonra İ. Dodon öz məqsədilərini reallaşdırmağa çalışdı.Onun fəaliyyətə başlaması ilə Moldovadakı prezident sarayından Avropa Birliyinin bayrağı çıxarıldı.NATO ilə yaxın münasibətdə olan müdafiə naziri Anatoli Şalaru istefaya göndərildi.

Moldova lideri Dnestryanı münaqişəsinin həllində separatçı qurumla kompromisə hazır olduğunu dedi. Dodon qondarma Dnestryanı Respublikanın rəhbəri Vadim Krasnoselski ilə iki dəfə görüş keçirdi.İlk görüş bu ilin yanvar ayında Benderdə baş tutmuşdu.Martın 30-da da Dnestr sahilindəki Qolerkanda ikinci danışıqlar keçirilsə də münaqişənin həllli və status məsələsi müzakirə olunmayıb. Daha çox humanitar yardımın çatdırılması, telefon-rabitə əlaqəsinin bərpası, ali təhsil müəssisələrinin diplomlarının, avtomobil nömrə nişanlarının, sərhəd nəzarətinin qaydaya salınması məsələləri danışıq predmeti olub. 

Dodon AB-nin 100 milyon avro həcmində kreditindən imtina edib.Həmçinin AB ilə Assosiasiya Sazişini pozmağa cəhd göstərən dövlət başçısı, Moldovanın NATO-ya daxil olacağını istisna edib.Onun təşəbbüsü ilə Maldova Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu əldə etdi.Dodon Rusiyameyyli siyasətdə xüsusi fəallıq göstərdi.2017-ci ildə o, Moskvada Rusiya prezidenti Putinlə üç dəfə görüşüb.Moskvada isə diqqəti yaranmış gərginliyin daha çox daxili siyasi tərəflərinə yönəldirlər. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin hadisəyə daha kəskin reaksiya verib: "Bu, Moldovada İqor Dodonun başçılıq etdiyi və ikitərəfli münasibətlərin sağlam şəkildə qaydaya salınmasının tərəfdarı kimi çıxış edən saglam qüvvələrə qarşı kobud təxribatdır”-Karasin belə deyib. 

Rusiyanın siyasi dairələri isə prezidentə qarşı çıxan qüvvələrin arxasında Demokrat Partiyasının lideri, oliqarx Vladislav Plaxotnyukun dayandığını iddia edir.Qeyd edək ki, ABŞ-la sıx siyasi əlaqələri olan V.Ploxotnyuk Moldovada Qərbə inteqrasiya tərəfdarlarının lideri hesab olunur. O, bu yaxınlarda ABŞ Dövlət Departamentinə səfərdən qayıdıb. Həmin görüşdə Rusiyanın təsirinin qarşısnın azaldılması tədbirləri barədə söhbət aparılıb.Kremldə hesab edilir ki, Rusiya səfirliyinin casusluq fəaliyyəti barədə kəşfiyyat məlumatları da ABŞ tərəfindən ötürülüb.Ona görə də yaxın perspektivdə Moldova prezidentinə siyasi təzyiqlərin artacağı proqnozlaşdırlır.Rusiya isə buna qarşı biganə qalmadığını nümayiş etdirmək üçün Dnestryanı bölgədə separatçıları yenidən fəallaşdıra bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları