Yuxarı

ABŞ-a giriş üçün "Facebook tələsi”

ABŞ-a giriş üçün

Natiq Miri: "Bu, kütləvi narazılığa gətirib çıxaracaq”

Amerika prezidenti Donald Tramp yeni viza layihəsini təsdiqləyib.Yeni şərtlərə görə Amerikaya viza almaq istəyənlərin sosial media hesabları araşdırılacaq.Paylaşmaları, məlumatları şübhəli görünənlərə viza verilməyəcək. Məlum qanun layihəsinə görə, Amerika səfirlikləri artıq viza istəyənlərin son 5 il ərzindəki bütün sosial media hesablarındakı fəaliyyətini, elektron poçtlarını və səyahət keçmişini araşdıracaq. Sosial şəbəkələrdəki paylaşmaları şübhəli görünənlərə viza verilməyəcək.ABŞ səfirlikləri və konsulluqları bu araşdırmaları apardıqdan sonra, viza almaq üçün müraciət edən şəxslərdən "kimlərin ABŞ üçün təhdid olub-olmayacağını” ilə bağlı qərar verəcəklər.

Qeyd edək ki, məlum qanun layihəsi ölkədə baş verə biləcək terror aktları və bu kimi digər olayların qarşısını almaq məqsədilə qəbul edilib.Baş verə biləcək terror aktlarından sonra viza müraciətlərinə daha diqqətlə yanaşılacaq, ərizəçilərin bütün məlumatları, hətta sosial şəbəkələrdəki hesabları da yoxlanılacaq.Əgər hesabdakı məlumatların kənar şəxslər tərəfindən oxunması məhdudlaşdırılıbsa, bu zaman həmin şəxslərlə vizaya qəbul söhbəti aparılan müddətdə hesaba baxış keçiriləcək.Hesab edilir ki, ABŞ rəhbərliyinin bu tədbiri fikir azadlığına qarşı yönələn addımdır.Bu ABŞ cəmiyyəti üçün daha məqbul addım hesab olunsa da digər ölkələr tərəfindən narazılıqla qarşılanacaq.

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, son illərdəki qlobal səviyyədə terror təhlükəsi nəzərə alınaraq bu yöndə atılan addım müəyyən mənada anlaşılandır:

"Tramp əslində bu cür qərarları terror təhlükəsi ilə izah edir və bir növ ABŞ-ı bu terror bəlasından qorumaq istəyindədir. Məsələyə prinsipial yanaşanda təbii ki, bu müəyyən mənada fikir azadlığının məhdudlaşdırılması anlamına gəlir. O həm ABŞ-da, həm də Avropa Birliyi məkanında belədir. Sosial statusun yoxlanılması təbii ki, fərdlərin, şəxslərin bilavasitə daxili işlərinə qarışma anlamına gəlir ki, bu da insan hüquqları ilə heç cür uzlaşmır. Bu məsələnin total olaraq bütün insanlara tətbiq olunması da hüquqi cəhətdən doğru deyil. 

Əgər hər hansı bir şəxs hansısa hüquqi nöqteyi nəzərindən və yaxud hansısa terror təhlükəsi baxımından müəyyən mənada şübhə yaradırsa, o insanın araşdırılması təbiidir. Ancaq bütövlükdə bu məsələnin total olaraq tətbiqi yalnış bir addımdır və bu da kütləvi narazılığa gətirib çıxaracaq. Çünki bundan sonra artıq repressiv addımlar gəlir ki, bu da ABŞ-ın Konstitusiyasına heç cür uyğun gəlmir.Hesab edirəm ki, Trampın bu addımı ABŞ ictimaiyyətində, bütövlükdə Qərbdə böyük narazılıqla qarşılanacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları