Yuxarı

Qərbdən lüzumsuz sülh bəyanatları

Qərbdən lüzumsuz sülh bəyanatları

Zahid Oruc: "Dağlıq Qarabağ probleminin həlli Azərbaycan əsgərinin, diplomatiyasının, iqtisadiyyatının üzərində dayanır”

30 ilə yaxındır ki, başlanmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu günə qədər müxtəlif variantlar təklif edilib. Qərb və xüsusilə, Ermənistanın maraqlarına xidmət edən Rusiya bu münaqişənin həllinin yalnız sülh yolu ilə mümkün olduğunu bəyan edir. Siyasi analitiklər hesab edir ki, Rusiyanın danışıqlar prosesinə dəstək verməsi yalnız münaqişəsinin uzadılmasına xidmət edir. Bu da yalnız və yalnız Ermənistanın xeyrinə işləyən faktordur.

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonun Azərbaycan prezidentinə göndərdiyi məktubda qeyd edilir: "ABŞ Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”. 20 ildən artıqdır bu yolla tənzimlənməyə çalışılan münaqişədə Azərbaycanın xeyrinə, haqlı tələblərinin bərpası effekt verəcək heç bir addım atılmayıb. 20 ildən artıqdır ki, sülh danışıqları effekt vermirsə, bu cür bəyanatların səsləndirilməsi kimə və nəyə lazımdır?

Milli Məclisin üzvü Zahid Oruc "Cümhuriyət” qəzetinə şərhində ilk olaraq Qafqazda yaşanan ümumi mənzərəyə nəzər salıb. Z.Orucun sözlərinə görə ABŞ Qafqazda lazımi hərbi gücə sahib deyil:

"2014-cü ildə Ukrayna ətrafında məlum hadisələr yaşanmasaydı, bəlkə də beynəlxalq məkanda diplomatik baxımdan Azərbaycana dərs keçmək istəyənlərin mövqeyini dərk edən, inanan adam tapmaq olardı. Ancaq post-sovet məkanı NATO-nun yürütdüyü siyasət üzündən Rusiya əleyhinə olmaqda davam etdi və Maydan hadisələri reallaşdı. Yanukoviç devrildi, Poroşenkonun iqtidara gəlməsilə ilə mərkəzdənqaçma prosesi başladı. Krımın itirilməsindən sonra 60 min kvadratmetr ərazisi olan Donbasda vəziyyət gərginləşdi. Hal-hazırda isə Donbasda vəziyyət dondurulmuş olaraq saxlanılır. Ancaq göründüyü kimi Qərb dairələri Ukraynanın mövqeyini ciddi şəkildə müdafiə edirlər. Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Krım və Donbasda olan radikal qüvvələri çıxdaş edirlər. Həmin ərazilərdə fəaliyyət göstərən transmilli şirkətləri Qərb dairələri qəti şəkildə bu fikirdən daşındırmağa başlayırdılar. Bu mənzərədə ortalığa çıxan davranışlar onu göstərdi ki, Avropa dairələri istəyəndə bütün iqtisadi və siyasi resursları beynəlxalq hüququ pozan dairələrin əleyhinə yönəldə bilirlər. Bu proses uzun illər ATƏT, Avropa Birliyi və digər qurumlarda özünü göstərib. Azərbaycan diplomatları bu cür fikirlər bəyan edəndə bunu nəzərdə tuturlar ki, bu cür münasibət Ermənistana qarşı göstərilsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan öz həllini tapmışdı. Reks Tillerson hal-hazırda Tramp komandasının üzvü kimi ölkə daxilində məlum orqanın içindədir. Və daxili və xarici böhranı çözmək o, qədər də asan deyil. Hazırkı mənzərədə bu komandanın xarici siyasət konturları hələ ki, o qədər də bəlli deyil. Son 1 ayda Azərbaycan prezidentinə göndərilən 2 məktubda bəyan edilən mövqe, əgər gerçəkdən də Azərbaycan-ABŞ münasibətlərinin gələcək mərhələsinə daşına bilinsə, bu Qarabağ probleminə də bir qədər təsir göstərə bilər”.

Zahid Oruc Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından Obama dövrünü itirilmiş zaman hesab etdiyini deyib: "Çünki iki ölkə arasında formalaşmış münasibətlər regionda 100 illər ərzində qərarlaşmış düzəni dəyişməyə imkan verdi. Burada transmilli korporasiyalar gəlib iş apardılar, Azərbaycan enerji resursları üzündən Avropaya yaxşı transformasiya etdi. Bu faktor isə münasibətlərin daha da formalaşmasına, inkişafına səbəb oldu. Ancaq Obamanın hakimiyyətə gəlməsilə bu proses dayandı. Ona qədərki dövrlərdə əldə olunmuş uğurlar, formalaşan münasibətlər sanki qırıldı, iflic edildi. Sonraki illərdə ayrı-ayrı şəxslərin ölkəyə gəlməsi, Klintonun dövlət katibi olduğu zaman görülməsi planlaşdırılan işlər ümumi götürsək Azərbaycanın xeyrinə olmadı. Bu baxımdan ilk olaraq danışmaq lazımdır ki, bu bölgə üçün Qərbin elə bir resepti varmı münaqişəni həll etsin və bölgəyə tam şəkildə baxsın. Eyni zamanda demokratik proseslərə yaxından qatqısı və Qərbin yaxşı tərəfdaşına çevrilməsi mümkün olacaqmı? Hətta Gürcüstanda baş verənlər də məlum sualı çözməyəcək. Regionun ağası kim olacaq? Bölgə kimlərin təsir dairəsinə verilə bilər? ABŞ iqtisadi cəhətdən regionda fəaliyyət göstərsə də, ancaq hərbi və siyasi baxımdan imkanları o, qədər də geniş deyil. Baxmayaraq ki, Gürcüstanda ABŞ-ın tankları var və bu ölkənin hərbi inkişafında Qərb generalları yaxından iştirak edirlər. Ancaq bununla gürcü demokratiyasının bərpasını düşünmək yanlışdır. Proseslər sıfırlana bilər. Çünki resurs dövləti deyil, müdafiəsi isə uzaq məsafə baxımında zəifdir. Bu gün ABŞ-ın tankı, topu, əsgəri gəlib Gürcüstanı müdafiə etməyəcək. Bu o, qədər də inandırıcı deyil”.

Zahid Oruc həmçinin bildirib ki, bu gün Dağlıq Qarabağ üçün uğurlu bir reseptin ortaya qoyulacağı mümkün görünmür: 

"Əvəzində Rusiya öz maraqlarını beynəlxalq səviyyədə ifadə edib və Qarabağ məsələsinin həlli daha çox Moskvadan asılı vəziyyətdə görünür. Bunu inkar etmək mümkün deyil. Geopolitik qüvvələr nisbəti Kremlin xeyrinə dəyişib. Bu reallıqları görmək lazımdır. Belə olduğu məqamda Azərbaycan Rusiya ilə əlaqələrini davam etdirməklə bərabər, Qərblə də 3-lü, 4-lü formatda münasibətlərini inkişaf etdirməlidir. Hər bir halda Dağlıq Qarabağ probleminin həlli Azərbaycan əsgərinin, diplomatiyasının, iqtisadiyyatının üzərində dayanır. Yəni, hansısa bir xarici ölkədən yardım gözləmək, Ukrayna kimi Qərbin ümidinə yaşamaq doğru deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları