Yuxarı

Böyük sövdələşmə olacaq

Böyük sövdələşmə olacaq

Zaur İbrahimli: "Kremlin  Tramp adminstrasiyası ilə anlaşmaq səyləri nəzərdən qaçmır”

Məhəmməd Əsədullazadə: "Bu görüşdən sonra Tramp terrorizmlə bağlı Rusiya ilə əməkdaşlığa önəm verəcək”

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin ilk görüşü "G- 20”-nin iyunun 7-8-də Hamburqda keçirilən sammiti çərçivəsində baş tutacaq. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi Tramp administrasiyasına istinadən məlumat yayıb.Məlumatda o da bildirilir ki, Hamburq rəhbərliyi həmin gün bütün növ nümayişlərə qadağa qoyub.

Görüş nə vəd edir?

Donald Tramp hələ bir müddət əvvəl Vladimir Putinlə görüşməkdə maraqlı olduğunu bildirmişdi.Rusiyalı həmkarını xeyli tərifləyən Ağ Ev rəhbəri bu görüşün tərəflər arasındakı münasibətlərin nizama salınmasında mühüm əhəmiyyət kəsb edəcəyini demişdi.Putinin Trampa verdiyi cavab da diqqətçəkən idi. O, Amerika başçısının səmimi insan olduğunu demişdi. Nəzərə alsaq ki, tərəflər arasında son dönəmlərdə hissolunan gərginlik var və bu baxımdan görüş bir sıra məqamlara aydınlıq gətirilməsi üçün əhəmiyyətli ola bilər. Xüsusilə, ABŞ ordusunun ard-arda iki dəfə Suriyada Bəşər Əsəd rejiminin mövqelərini bombardman etməsi Rusiyanın narazılığına səbəb olmuşdu.Kreml yetkililəri bunu ABŞ-ın Suriyanın daxili işlərinə qarışması kimi qiymətləndirdi.

Üstəgəl, Ağ Evdən son zamanlarda Ukrayna böhranına görə Rusiyaya təzyiqlərin artırılmasıyla bağlı çağırışlar da münasibətləri gərginləşdirir.ABŞ və NATO-nun Şərqi Avropada - Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi qüvvələrinin sayını artırması isə müharibə riski yaradır.Rusiyanın da "Qərb bloku” və ABŞ-a qarşı cavabları sərtdir.Krımda nüvə başlıqlı raketlər yerləşdirən Rusiya, eyni zamanda NATO-ya daxil olan dövlətlərin hava məkanlarını pozan təhlükəli manevrlər edir. Başqa sözlə, mövcud vəziyyəti gərginləşdirən səbəbləri aradan qaldırmaq baxımından ilk Putin - Tramp görüşü həmin məsələlərin həlli baxımından təkanverici ola bilər. Hesab etmək olar ki, görüşdə ən az fundamental problemlərin həlli üçün yaxın gələcəkdə ikitərəfli görüşün təyin olunması mümkündür. Bu da qısa müddət üçün olsa da tərəflər arasında nisbi sakitlik yarada bilər.

"Böyük sövdələşmə...”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya rəsmiləri prezidentlərin görüşü haqda konkret danışırlar, Vaşinqtondan isə görüşün baş tutacağını hələ təsdiqləməyiblər. Politoloqun sözlərinə görə, bununla belə fövqəladə hadisələr baş verməsə, ehtimal etmək olar ki, "G-20”, yaxud digər formada Putin - Tramp müzakirələri baş tutacaq:

"Müzakirələrin nəticələri ilə bağlı hər hansı ehtimal irəli sürərkən, tərəflərin gözləntilərini nəzərə almalıyıq. Rusiya üçün prioritet məsələlər sanksiyaların götürülməsi, Ukrayanadkı böhranın nizamlanması, Suriyadakı problemlərin həlli, NATO-nun böyüməsi strategiyasında Kremlin maraqlarının nəzərə alınmasıdır.ABŞ üçün də Rusiyanın Ukrayna və Suriyada baş verənlərə təsirini azaltmaq, Kremlin aqressiv xarici siyasət kursundan imtina etməsi, eyni zamanda Vaşinqtonun hegemon mövqeyinin tanınmasıdır”.

Zaur İbrahimli qeyd edib ki, Tramp seçildikdən sonra onunla Putin arasında 3 dəfə telefon danışığı olub, eyni zamanda Tramp Rusiya XİN başçısı ilə də danışıqlar aparıb:

"Bütün bunların nəticəsi, Ağ Evlə Kreml arasında təmasların bərpası olub. Hazırda Klinton adminstrasiyası dövründən fərqli olaraq Vaşinqton Kremllə müzakirələrdən tam imtina etmək siyasətindən əl çəkib.Bununla belə Vaşinqton siyasi istiblişmentinin əksəriyyətinin hələ ki, Rusiayaya qarşı təzyiqlərin davam etdirilməsi, Moskva ilə yalnız Reyqan dövründə olduğu kimi güc mövqeyindən danışmağın düzgün olacağı fikirini bölüşdüyü müşahidə olunur.

Kremlin də Tramp administrasiyası ilə anlaşmaq səyləri nəzərdən qaçmır.Amma güman edirəm ki, hələ Trampın vurğuladığı kimi, "böyük sövdələşmə” üçün zəmin yoxdur.Əksinə, Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səy göstərir.Rusiya isə İranla birgə Qətərə dəstək verir.Bununla belə Rusiya və ABŞ-ın terrorizmə qarşı mübarizə ilə bağlı bu və ya digər fomada razılıq əldə edəcəyini, Ukrayna və Suriya ilə bağlı müəyyən ortaq qənaətlərə gələcəyi istisna olunmur.Unutmaq lazım deyil ki, son 9 ildə Rusiya - ABŞ münasibətləri demək olar ki, kəskin rəqabət və böhran xarakterli olub.Tərəflər arasında çox böyük etimadsızlıq var. Bunların bir görüşlə aradan qalxacağını isə təbii ki, gözlətmək lazım deyil”.

"Bir sıra məsələlər həllini tapa bilər”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə deyib ki, ABŞ-la Rusiya arasında davam edən siyasi qarşıdurma Yaxın Şərq və Şərqi Avropada dərinləşir. Politoloq hesab edir ki, iki ölkə kompromisə getmək əvəzinə biri-birinə güc nümayiş etdirirlər:

"Əlbəttə, iki böyük ölkə arasındakı ziddiyyət, geosiyasi maraqlar uğrunda mübarizə dünyanın təhlükəsizliyini ciddi təhdid edir. Tərəflər arasında güclənən silahlanma yarışı yeni toqquşmalara rəvac verə bilər.Ukrayna və Suriyada sülhün əldə edilməməsi, aradakı ziddiyyətin nəticəsidir.Trampla Putin bir neçə dəfə telefon danışığı aparsa da, digər səviyyələrdə görüşlər olsa da ortaq məxrəcə gəlmək mümkün deyil.Həmin məsələlərin Tramp - Putin görüşündə masaya qoyulacağı inandırıcıdır.

Əsasən Ukrayna və Suriya məsələlərinin üzərində dayanılacağı gözləniləndir.Hesab edirəm ki, bu görüşdən sonra Tramp terrorizmlə bağlı Rusiya ilə əməkdaşlığa önəm verəcək.Amma Suriya və Ukrayna məsələlərində razılıq olacağı mümkün görünmür.Rusiya əvvəlki kimi Ukrayna və Suriya siyasətinə sadiq qalacaq.Bu kontekstdə gedən müzakirələrin nəticəsiz olacağı şübhə doğurmur.ABŞ istəyir ki, ilk addımı Moskva atmaqla Ukraynadan geri çəkilsin.Rusiya da ABŞ-ın Şərqi Avropadan geri çəkilməsinin vacibliyinə diqqət çəkəcək.Görünən budur ki, ziddiyyətli məqamlar iki liderin ortaq məxrəcə gəlməsinə imkan verməyəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları