Yuxarı

MDB ölkələri üçün təhlükəli dönəm

MDB ölkələri üçün təhlükəli dönəm

Elçin Mirzəbəyli: "NATO-ya üzvlüyün xeyri ziyanından daha çoxdur”

Elxan Şahinoğlu: "NATO hansısa ölkəni tez üzv edirsə, bu, ilk növbədə həmin ölkənin təhlükəsizliyinin təmin olunması deməkdi”

Monteneqro rəsmi olaraq bir neçə gün əvvəl NATO-nun 29-cu üzvü oldu."Cümhuriyət” qəzeti xəbər verir ki, bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında xüsusi mərasim keçirilib.Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Qeyd edək ki, 2016-ci il mayın 19-da NATO-ya daxil olan ölkələr Monteneqronun alyansın tərkibinə daxil olması ilə əlaqədar sənəd imzalamışdılar. Monteneqro parlamenti isə həmin sənədi 2017-ci il aprelin 28-də ratifikasiya edib.

NATO keçmiş SSRİ-yə doğru

Monteneqronun üzvlüyə qəbul edilməsi, NATO-nun Şərqi Avropaya doğru genişlənmək strategiyasında atdığı vacib addım idi.Rusiyanın təzyiqlərinə baxmayaraq, keçmiş Yuqoslaviya respublikası qərarından imtina etmədi. Monteneqrodan əvvəl Şərqi Avropadan olan yeni üzvlər arasında Rumıniya da var. 93 min canlı hərbi qüvvəsi, 1 milyard avroluq hərbi büdcəsi ilə Qara dəniz ölkəsi olan Rumıniya NATO-ya əhəmiyyətli dəstək təmin etdi. Bolqarıstan, Slovakiya və Sloveniyanın üzvlüyü ilə də NATO regionda əhəmiyyətli məsafə qət etdi.Genişlənmə strategiyasında əsas məqsəd əlbəttə, ABŞ və Avropa arasındakı münasibətləri gücləndirməkdir ki, Rusiya alyansın Şərqi Avropaya - öz sərhədlərinə doğru genişlənməsindən narahatdır.Çünki bu halda NATO-nun növbəti hədəfi keçmiş Sovet respublikaları olacaq.Artıq post-Sovet respublikaları - Estoniya, Latviya və Litcanı üzv qəbul etməklə keçmiş SSRİ məkanına addımlarını atıb.Baltikyanı dövlətlərdən sonra Gürcüstan və Ukrayna da Avro-Atlantik məkana inteqrasiyada maraqlı görünürlər.Hər iki ölkə ilə təmasları sıxlaşdıran NATO artıq bu məsələləri də həll etmək üzrədir.Düzdür, Ukrayna və Gürcüstan münaqişələrlə üzləşsələr də alyans yetkililəri və ABŞ buna o qədər də əhəmiyyət vermir. Çünki münaqişələrin mərkəzində yer alan Rusiya problemlərin həllini məhz bu amilə görə uzadır.

Alyansa üzvlük nə vəd edir?

Kreml NATO Şərqi Avropaya genişlənməsini post-Sovet məkanındakı maraqları baxımından təhdid kimi qəbul edir.Xarici işlər naziri Sergey Lavrov sonuncu çıxışlarından birində də buna diqqət çəkmişdi.Çünki NATO-nun genişlənmə strategiyasına uyğun olaraq, ABŞ da öz hərbi bazalarını Şərqə doğru çəkmək qərarını da nəzərdən keçirir.Hesab etmək olar ki, NATO və ABŞ bununla Şərqi Avropadan Cənubi Qafaz və Orta Asiyaya uzanan Rusiya böhranını mərkəzindən həll etməyi qarşısına məqsəd qoyub.Əlbəttə, keçmiş Sovet respublikalarını üzv etməklə Amerika və alyans Rusiyaya bütöv nəzarət imkanlarını əldə edəcək.Məkanda yerləşən respublikaların, o cümlədən, Azərbaycanın NATO-ya üzvlüyü ilə bu ölkələrin Rusiya və digər təhlükələrdən sığortalanması baxımından əhəmiyyətli olacaq.Lakin Gürcüstan və Ukrayna istisna olmaqla, hazırda digər respublikalar alyansa üszvlük məsələsində bir qədər ehtiyatla yanaşırlar.Məsələn, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarus və Tacikistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlükləri NATO-ya gedən yolun qarşısında əngəldirsə, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğunu əsas gətirərək, alyansın çağırışlarına adekvat cavab vermir.Hər halda Rusiyadan olan təzyiqlərin bu imtina qərarlarında ağır çəkiyə sahib olduğu istisna deyil.

"NATO-nun genişlənməsi post-sovet məkanında başa çata bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, təhlükəsizliyin təmin olunması baxımından NATO-ya üzvlük vacibdir. O, siyasi münasibətlərin gərginləşdiyi dönəmdə təkbaşına müdafiə olunmağın çətinliyinə də diqqət çəkib:

"Keçmiş Sovet respublikalarının NATO-ya üzv olmalarıyla, alyans genişlənmə strategiyasını başa çatdıracaq. Əlbəttə, bu halda alyansın mövqeyi də aydınlaşar, eyni zamanda bu birliyi Avro-Atlantik məkan da adlandırmağa ehtiyac qalmaz.Çünki bu halda NATO Mərkəzi Asiyanı da əhatə edəcək.Bu, NATO-nun bütün Avropa - Asiya məkanına sahiblənməsi deməkdir.İlk növbədə bu vəziyyət NATO-nun aparıcı dövlətlərinin, xüsusilə də ABŞ-ın maraqlarına xidmət edəcək.Eyni zamanda digər üzv ölkələr kimi keçmiş Sovet respublikalarının təhlükəsizliyinin təmin olunması istiqamətində də görülən tədbirlər gücləndiriləcək.Amma bu ehtimal real deyil, belə bir məsələnin yaxın dövr ərzində reallaşacağı inandırıcı görünmür.Bu, hələlik fərziyyələr üzərində mümkündür”.

Elçin Mirzəbəyli qeyd edib ki, NATO-ya üzvlüyün xeyri ziyanından daha çoxdur:

"Hazırkı situasiyada bir çox təhlükələr qarşısında təkbaşına müdafiə olunmaq da çətindir, bu, kollektiv müdafiə tələb edir. Bu baxımdan NATO-nun hərbi standartları əhəmiyyət kəsb edir.Nəticədə Azərbaycan və digər respublikalar üçün hansısa təhlükəli vəziyyətdə kollektiv müdafiə tədbirləri görüləcək, lazım olan resurslarla təminat olacaq”.

"Azərbaycan Rusiyanın təzyiqinə görə ehtiyatlıdır”

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə deyib ki, ölkələri NATO-ya qısa müddətə üzv etmirlər, bu, uzun vaxt və prosedur tələb edən məsələdir. Politoloqun sözlərinə görə, Rusiya NATO-nun genişlənmək strategiyasını narahatlıqla izləyir:

"Keçmiş Yuqoslaviya respublikası Monteneqronun NATO-ya üzv olmasına mane olmağa çalışdı, amma bacarmadı. Çünki Rusiyanın bu ölkə ilə sərhədi də yoxdur.Amma Rusiyanın öz sərhədlərində yerləşən bir sıra ölkələrə təzyiq etmək imkanları var. Məsələn, NATO-ya üzv olmağa hazırlaşan Gürcüstan və Ukraynaya təzyiq etdi, bu ölkələri parçaladı.Azərbaycan bu baxımdan da məsələyə ehtiyatla yanaşır.Amma hesab edirəm ki, NATO və Avropa İttifaqına inteqrasiyanı dərinləşdirməyə ehtiyac var. Azərbaycan ordusu da NATO standartlarına uyğun qurulub.Əgər NATO hansısa ölkəni tez üzv edirsə, bu, ilk növbədə həmin ölkənin təhlükəsizliyinin təmin olunması deməkdir.Biz indi vacib mərhələyə keçmişik.Monteneqro üçün də üzv olmaq vacib idi, indi də Ukrayna da NATO-ya üzvlüyü qarşısına məqsəd qoyub.Rusiya təhlükəsi qarşısında qalan Ukraynanın başqa alternativi də yoxdur.Amma məsələ budur ki, NATO Gürcüstan və Ukrayna kimi dövlətləri üzvlüyə qəbul etməlidir.Əgər bunu etməsə, Rusiya bu iki ölkəyə qarşı təxribatlarını daha da artıracaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları