Yuxarı

Qətər böhranında PKK izi

Qətər böhranında PKK izi

Elşən Manafov: "ABŞ və Səudiyyə Qətərin dünya enerji bazarında mövqeyini zəiflətmək və siyasi rəhbərliyinə yerini göstərmək istəyir”

Qətərdə baş hadisələrlə bağlı müxtəlif şərhlər verilib. ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən başladılan proses getdikcə daha da kəskin hal alır. Bütün bunların fonunda Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyeyi baş verən böhranın səbəbləri ilə bağlı sensasion açıqlama ilə çıxış edib. "PKK terror təşkilatının liderləri ilə Birləşmiş Ərəb Əmirlikləri arasında gizli görüş keçrildi və biz bu haqda Türkiyəyə məlumat verdik”.Nazir baş verən böhranın məhz bundan qaynaqlandığını deyib.Türkiyəyə qarşı planı faş edən Qətər kimin təzyiqi ilə üz-üzədir?ABŞ, yoxsa Səudiyyə Ərəbistanı?

Baş verənləri "Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov hər iki ölkənin eyni maraqlardan çıxış etdiyini deyib. Onun sözlərinə görə, Qətərin İranı dəstəkləməsi ABŞ-la yanaşı, Səudiyyəni də qıcıqlandırır: 

"Düşünürəm ki, Qətərə münasibətdə ərəb dövlətlərinin sərgilədiyi mövqe Yaxın Orta Şərqdə Qətər hakimiyyətinin yürütdüyü siyasi xətlə bağlıdır. Qətər şeyxinin bir müddət öncə, İranla münasibətləri yaxınlaşdırmaq, əməkdaşlıq qurmaq olar kimi açıqlaması Səudiyyət Ərəbistanı və ABŞ rəhbərliyini qıcıqlandırdı. Tramp hakimiyyətə gəldikdən sonra Obamanın İranla bağlı apardığı siyasətə yenidən baxacağını demişdi. Prezident seçildikdən sonra isə İranı beynəlxalq terrorizmə dəstək verməkdə ittiham etdi və İranın nüva silahları ilə bağlı çalışmasına yenidən baxacaqlarını bəyan etdi.Eyni zamanda bölgədə İranın bəzi ərəb dövlətlərinə, Suriya, Yəmən və Liviya hakimiyyətlərinə dəstəyi ona qarşı ərəb dövlətlərinin koalisiyasının yaranması zəruri edirdi.Burada isə Səudiyyənin maraqları ön plana keçdi.

Bu baxımdan Trampın Səudiyyəyə məlum səfəri və bu ölkənin ABŞ-dan alacağı 200 milyard məbləğində silah ilk növbədə İranın bölgədəki nüfuzuna, imkanlarına və geosiyasi mövqeyinə qarşı yönəlmişdi.Əlbəttə ki, İranın mövqeyi ABŞ-la yanaşı Səudiyyəni də qıcıqlandırırdı. Çünki zaman-zaman ərəb ölkələrindən yaşanan "ərəb baharı”na İranın münasibəti də bəlli idi. Misirdə Məhəmməd Mursi hakimiyyətinə İranın dəstəyi də bu qəbildən olan məsələlərdən idi ki, ABŞ-ın ciddi səyi nəticəsində bu iqtidar yıxıldı. Keçən ilin iyulunda Türkiyədə baş verən çevriliş cəhdindən sonra prezident  Qətər əmirinə müraciət etmiş,  Qətər əmiri də  Ərdoğanı qorumaq üçün 100 nəfər xüsusi xidmət orqanlarının əməkdaşını göndərmişdi. Türkiyədə çevriliş təhlükəsi keçdikdən sonra həmin hərbi qüvvə geri qayıtdı.Türkiyə də bunun müqabilində Qətəri dəstəklədi”.

Elşən Manafov  ərəb ölkələrinin tətbiq etdiyi embarqonun Qətər üçün ciddi problemlər yaradacağını istisna etmədi: 

"Bu boşluğu da Türkiyə və İran doldurmağa çalışır. Qətərə tətbiq edilən sanksiyalar müəyyən mənada Türkiyə şirkətlərinin maraqlarına cavab verdi. Türk şirkətləri öz məhsullarını Qətərə yönəltmək üçün bu faktordan çox məharətlə istifadə etdi.Təbii ki, Qətərin "Əl-Cəzirə” kimi bir media quruluşuna sahib olması Səudiyyənin diqqətindən yayınmır.Bundan əlavə Qətər ümumdaxilin nisbətinə və əhali arasında bölgüsünə görə ərəb ölkələri arasında liderdir.Bu baxımdan Qətəri Avropanın İsveçrəsi ilə müqayisə edirlər.Qətər özünün neft-qaz yataqlarından çox məharətlə istifadə edərək ərəb dövlətlərinə investisya yatıran ölkələr sırasına daxil olub.Qətərin Mürsi zamanında Misirə 2 milyard dollar investisiya qoyması ABŞ və Səudiyyənin diqqətindən yayına bilməzdi”.

Politoloq hesab edir ki, Qətər dünya bazarında neftin qiymətinə təsir etmək imkanında olduğu üçün ABŞ və Səudiyyə bu imkanları zəiflətməkdə maraqlıdır: 

"İki gün öncə Qətərin xarici işlər nazirinin Moksvaya səfər etməsi və Rusiyanın da Qətərdə baş verənləri diqqətlə izləməsi, bu kontekstdə ABŞ və Səudiyyəyə sərt mövqe sərgiləməsi göstərir ki, Rusiya özü də Qətəri bu vəziyyətdə tək qoymaq fikrində deyil. Qətər OPEC-in üzvüdür və bu qurumun dünya bazarına çıxardığı neftin qiymətlərinə təsir etmək imkanlarına malikdir.Digər tərəfdən qaz ehtiyatlarına görə dünyada 3-cü yerdədir.Bu mənada ABŞ-ın və Səudiyyənin Qətərə sərgilədiyi mövqe həm də Qətərin dünya enerji bazarında mövqeyini zəiflətmək və siyasi rəhbərliyinə yerini göstərmək istəyindən irəli gəlir.Ancaq bütün baş verənlərə baxmayaraq düşünürəm ki, Qətərin hələ də vəziyyətdən çıxmaq üçün müəyyən həmlələr etmək imkanı var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları