Yuxarı

Monarxiya Gürcüstana qayıdır?

Monarxiya Gürcüstana qayıdır?

Məhəmməd Əsədullzadə: "Ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ehtimalı real görünmür”

Zəlimxan Məmmədli: "II İlyanın nüfuzu olduqca yüksəkdir, bu fikri o  səsləndiribsə, demək  təsadüfi deyil”

Bütün Gürcüstanın patriarxı II İlya gürcü xalqını ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb."Cümhuriyət” qəzeti Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, II İlya ölkəsinin qədim monarxiya olduğunu bildirib. O, konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib. "Bizi çar idarə edib.Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər.Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq”, II İlya deyib.

2004-cü ildə Mixal Saakaşvilinin liderlik etdiyi inqilabla gürcülər Gürcüstanın siyasi həyatında ciddi dəyişiklik etdilər.Mərhum prezident Edvard Şevardnadze başda olmaqla bütün siyasi sistem köhnə Sovet adamlarından təmizləndi.Şevardnadze də cəmiyyətin böyük çoxluğunun istəyinə adekvat olaraq, vətəndaş müharibəsinə yol açmamaq üçün könüllü istefa vermişdi.Yəni, demokratik inqilabi dəyişikliklərdə Saakaşvili ilə yanaşı, Şevardnadzenin böyük rolu vardı.Beləliklə, Gürcüstan Cənubi Qafqazda "demokratiyanın beşiyi”nə çevrildi.Moskvayla yaxınlığı ilə seçilən Şevardnadzedən sonra Gürcüstan Rusiyadan üz çevirərək NATO və Avropa İttifaqına üz tutdu.Amma Saakaşvili hökumətinin antiRusiya siyasəti ölkəsinə baha başa gəldi.Rusiya ordusu bir neçə saat ərzində Abxaziya və Cənubi Osetiyanı işğal edərək, bu ölkə ilə Qərb arasında sədd çəkdi.Lakin Moskvadan olan təzyiqlər üzünü Avropaya çevirmiş Gürcüstanı geriyə qaytarmadı.Saakaşvili və ondan sonrakı hökumət də Rusiyanın bu təzyiqləri ilə hesablaşmadı, əksinə, Gürcüstanı NATO-nun təlim poliqonuna çevirdi. Hazırda da burada ABŞ və NATO-nun məhdud sayda hərbi birləşmələri var. Üstəgəl, Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı Proqramı” üzərində assosiasiya sazişi imzalayan Tiflis dişlərini Rusiyaya daha ağır şəkildə sıxdı.

Hazırda baş nazir Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi gənc siyasi komanda bu gün də Rusiyanın təhlükəli manevrləri qarşısında Gürcüstanı Avropaya yaxınlaşdırır. Hər halda ABŞ kimi dünyanın böyük siyasi qütbünün prezidenti Donald Trampın Kvirikaşvilini Vaşinqtona görüşə dəvət etməsi, üstəgəl, Gürcüstandakı demokratiyanı Ukraynaya nümunə kimi göstərməsi bundan xəbər verir ki, buradakı demokratik parlamentli idarəetmə sistemi Qərb üçün daha məqbuldur, nəinki köhnə siyasi texnologiya ilə idarə olunacaq bir Şərq ölkəsi.

"Köhnə çar sistemini ölkə üçün uyğun hesab edirlər”

"Cümhuriyət” qəzetinə açıqlamasında "Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, II İlya Gürcüstanda siyasi idarəetmə sisteminin konstitusiyalı monarxiya sisteminə keçidini, ölkənin ərazi bütövlüyü və Gürcüstan xalqları arasında sülhün bərqərarı kimi dəyərləndirir. Politoloqun sözlərinə görə, katalikos keçmişi xatırlamaqla Gürcüstanın sülh içində olduğunu deyir:

 "Lakin bu, keçmişin eyforiyası ilə yaşamaqdır. Gürcüstanda mürəkkəb vəziyyət hökm sürür, ərazi bütövlüyü pozulub, separat proseslər davam edir.Təkcə, Rusiyanın işğal faktoruna baxsaq, ölkənin təhlükəsizlik səviyyəsi aşağıdır.Amma bununla belə, gürcü hökuməti Avropaya inteqrasiya siyasətinə sadiqdir.Bura parlamentli respublikadır.Gürcüstan Cənubi Qafqazda Qərb siyasi dəyərlərinin mərkəzi sayılır.Belə bir siyasi idarəetmə sistemi olan ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ehtimalı real görünmür.NATO və Avropa İttifaqına inteqrasiya siyasəti Gürcüstanın təhlükəsizliyi üçün müsbət hal olsa da görünür ki, bir sıra siyasi dairələr ümumi birlik naminə köhnə çar sisitemini bu ölkə üçün uyğun hesab edirlər.Konstitusiyalı monarxiya Qərbin bir sıra ölkələrində də var. Amma həmin ölkələrdə din siyasətə qarışmır, ölkədə milli birlik təhlükəsizliyin qarantiyasıdır.Gürcüstanda hazırda prezidentin səlahiyyətləri azaldılır.Təbii ki, prezident dövlətin başçısı və milli bütövlüyün rəmzidir.Mümkündür ki, II İlya prezidentin səlahiyyətlərinin azaldılmasını, Gürcüstanda milli birlik üçün təhlükə hesab edir”.

"Nəticəsi olacaq məsələyə oxşayır”

"Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə deyib ki, Gürcüstanda II İlyanın nüfuzu olduqca yüksəkdir, burada katalikosun sözü bir çox hallarda siyasətçilərin sözü kimi qəbul edilir. Cəmiyyət sədri qeyd edib ki, əgər o, bu fikirləri səsləndiribsə, bu, təsadüfi ola bilməz: 

"Hesab edirəm ki, düşünülmüş məsələdir, nəticəsi olacaq məsələyə oxşayır. Lakin "Gürcüstanda hazırkı situasiyada konstitusiyalı monarxiya üçün əsas varmı?”, sualı ortaya çıxsa, bunun üçün heç bir əsas görmürəm. Mövcud siyasi sistem Qərbə inteqrasiya xəttini seçib və Gürcüstan addım-addım Avropa İttifaqına yaxınlaşır.Amma Avropa modelində belə bir təcrübə var və həmin ölkələrdə monarxiya sistemi ilə demokratiya arasında ziddiyyətlər yoxdur.Amma bunun Gürcüstanda ayaq açıb yeriyəcəyini düşünmürəm.Bütün hallarda Gürcüstanın dini vəziyyəti mükəmməl şəkildədir.Həmin ölkədə prezidentdən tutmuş sadə vətəndaşadək, bütün Gürcüstan cəmiyyəti üçün II İlyanın çiyinlərinə əlini qoymaq müqəddəs dəyər sayılır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları