Yuxarı

Saakaşvili üçün "yaşıl işıq”

Saakaşvili üçün

Elxan Şahinoğlu: "Məsələ ciddiləşərsə, Saakaşvilinin geri qayıtmaq ehtimalı artacaq”

Zəlimxan Məmmədli: "Fövqəladə vəziyyət yaranarsa...”

Gürcüstanın sabiq baş naziri, oliqarx Bidzina İvanişvili ürəyində yaranmış problemlə əlaqədar Almaniyanın Münhen şəhərində xəstəxanaya yerləşdirilib. "Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze yazır ki, İvanişvili yaxın aylarda cəmiyyətdən tam təcrid olunacaq: "Çünki istənilən xoş və ya bəd xəbər onun vəziyyətini daha da ağırlaşdıra və nəticədə o, iflic ola bilər". Xatırladaq ki, son günlər Bidzina İvanişvilinin ağır xəstə olması barədə məlumatlar yayılır.

Siyasi anilitiklər hesab edir ki, İvanişvilinin sağlamlığında yaranan problemlər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yenidən hakimiyyətə qayıtması üçün şans yaradır. "Rustavi 2” televiziya şirkətinin baş direktoru Nika Qvaramiya da İvanişvilinin ağır xəstə olması barədə məlumat yaymışdı. Lakin İvanişvilinin nümayəndələri onun bu xəbərini yalan adlandırmış və hətta baş direktoru təhqir etmişdilər. 

Parlamentdəki çoxluğu təmsil edən deputatlar da teleşirkət rəhbərinin dediklərini cəfəngiyat adlandırmışdılar. Lakin onlar Bidzina İvanişvilinin xəstə olması barədə suala cavab verməkdən yayınmışdılar.

Hazırda Gürcüstan hakimiyyətinə nəzarət edən Bidzina İvanişvili hakimiyyətə nəzarət imkanlarını itirərsə, Saakaşvili Ukraynadan Gürcüstana dönə bilərmi?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Saakaşvilinin əsas maraqları Ukrayna ilə bağlıdır: "İvanişvili hakim partiyanı yaradan şəxsdir və mövcud hakimiyyətə təsir imkanları kifayət qədər yüksəkdir. Gürcüstanın hazırkı prezidenti də məhz onun məsləhəti ilə namizəd olub. Doğrudur, indi İvanişvilinin sağlığında müəyyən problemlər yaranıb. Əgər məsələ ciddiləşərsə, əlbəttə, Saakaşvilinin geri qayıtmaq ehtimalı artacaq. Amma düşünmürəm ki, bu o, qədər də asan olsun. İvanişvili siyasi səhnədən çəkilsə belə, onun tərəfdarları Saakaşvilinin asanlıqla geri qayıtmasına şərait yaratmayacaq.

Çünki Gürcüstan prokurorluğunda Saakaşviliyə qarşı cinayət işi açılıb və hələ də istintaq davam edir. Digər tərəfdən Saakaşvilinin tərəfdarları parlamentdə də ciddi çoxluğa sahib deyil. Yəni, İvanişvili siyasi səhnədə olmasa belə, onun davamçıları Saakaşvilinin Gürcüstana geri dönməsinə, siyasətlə məşğul olmasına şərait yaratmayacaqlar. Düşünürəm ki, Saakaşvili özü də Gürcüstanda gedən prosesləri dərindən izləyir və İvanişvilinin səhhəti onu da ciddi şəkildə maraqlandırır. Amma hər halda Saakaşvili Ukraynada hərəkat yaradıb və partiyaya çevirib. Ukraynada parlament seçkilərində iştirak etmək niyyətindədir. Eyni zamanda Saakaşvili Ukrayna vətəndaşıdır. Hesab edirəm ki, Saakaşvilinin bu gün əsas hədəfləri Ukraynadadır, nəinki Gürcüstanda”.

Politoloq Zəlimxan Məmmədli isə hesab edir ki, Gürcüstanda baş verə biləcək hər hansı bir dəyişiklik yalnız demokratiyanın prinsiplərinə uyğun olacaq: "Hesab edirəm ki, Gürcüstanda demokratiya oturuşub. Yəni, hakimiyyətin dinc qaydada dəyişməsi ənənəsi artıq Gürcüstanda qoyulub. Güman etmirəm ki, Gürcüstanda qeyri yollarla hakimiyyət dəyişikliyi baş verə bilər. Saakaşvilinin isə Ukraynada komandası, partiyası var. Amma Gürcüstanda növbədənkənar prezident və ya parlament seçkilərinin keçirilməsinə zərurət yaranarsa Saakaşvili də qanun çərçivəsində həmin seçkilərdə iştirak edə bilər. Yəni, hesab edirəm ki, Gürcüstanda nə baş verəcəksə, bu demokratiyaya uyğun, qanun çərçivəsində baş tutacaq. Digər qanunsuz yollarla hakimiyyət dəyişikliyi ehtimalı inandırıcı görünmür”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları