Yuxarı

ABŞ Qafqazdan çəkilir

ABŞ Qafqazdan çəkilir

Elçin Mirzəbəyli: "ABŞ iddialarından geri çəkilməyəcək”

Əli Orucov: "Çalışmalıyıq ki, Rusiyanın qəzəbinə tuş gəlməyək”

ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Rusiyanın Cənubi Qafqaz ölkələrinə təzyiqlərindən danışıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, səfir Rusiyanın bu təzyiqlərlə ölkələrin NATO-ya qoşulmasının qarşısını almağa cəhd etdiyini deyib.

"Rusiya Gürcüstanın NATO-ya qoşulmasını əngəlləyir və onun müstəqilliyinə hörmət etmir. Rusiya Gürcüstanın NATO-ya daxil olmaması üçün əlindən gələni edir. Gürcüstanın, qonşularının müdafiəsi və suverenliyindən çox danışan, amma əslində heç nəyi müdafiə etməyən qonşusu var”, deyə səfir vurğulayıb. Kellinin sözlərinə görə, Moskva Gürcüstanı suveren, müstəqil dövlət hesab etmir və elə vəziyyətdə saxlayır ki, NATO-ya daxil ola bilməsin.

Rəqiblərin Qafqaz çəkişməsi

Səfirin fikirlərini şərh edən analitiklər hesab edirlər ki, onun bu açıqlaması ABŞ-ın Rusiyanın Cənubi Qafqazda təsir dairəsinin geniş olduğunun rəsmən elanı və bu ölkənin bölgədə söz sahibi olduğunun etirafıdır. Donald Tramp Amerika prezidenti seçildikdən sonra Cənubi Qafqaz demək olar ki, Ağ Evin diqqətindən kənarda qalıb. Hazırda Amerika xarici siyasətdə əsasən Suriya, Şimali Koreya və İran üzərində dayanıb. Amerikanın siyasi gündəmində bu ölkələrdən daha çox danışılır, nəinki Cənubi Qafqazdan. Üstəgəl, ABŞ-dan Rusiyaya azalan təzyiqlər də Şimal qonşumuzun Cənubi Qafqazda geniş manevr imkanları əldə etməsinə zəmin yaradır.

Dar çərçivədə böyük oyunlar

Rusiyanın hər üç Cənubi Qafqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana təzyiq etmək üçün imkanlarının olduğu bilinən faktdır. Məsələn, 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanı işğal edərək özünə birləşdirən Rusiya Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq cəhdlərinin qarşısında keçilməz sədd çəkdi. 1990-cı illərdə Ermənistana verdiyi hərbi-texniki dəstəklə Azərbaycan ərazilərinin işğal olunmasında böyük pay sahibi idi. Hazırda da Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın Qərbə inteqrasiyasının qarşısını əngəlləyən əhəmiyyətli faktordur. NATO və Aİ-nin nizamnamələrinə görə, münaqişəli ölkələri bu qurumlara üzv etmək olmaz. Başqa sözlə, həmin münaqişələr həllini tapmadan Cənubi Qafqazın NATO və Aİ-də iştirakı mümkün olmayacaq. Müəyyən məqamlarda - NATO və ABŞ bölgədə öz təsir dairəsini genişləndirmək planlarını işə salanda Rusiya prosesləri lehinə çevirmək üçün bu "kart”lara əl atır. Başqa sözlə, ABŞ nəzəri olaraq regionda cərəyan edən hadisələrdə yer alsa da praktiki olaraq Rusiyanın qarşısına keçmək baxımından imkanları məhduddur.

"Qısa müddətə geri çəkilə bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələr üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, səfirin açıqlamasını birmənalı şəkildə qiymətləndirmək çətindir. E.Mirzəbəyli hesab edir ki, bunlar ikibaşlı diplomatik dillə deyilmiş fikirlərdir: "Hazırkı vəziyyətdə Birləşmiş Ştatların xarici siyasəti ilə bağlı anlaşılmayan məqamlar var. Yəni, bu siyasətdə prioritet təşkil edən bir sıra dövlətlər dəyişib. Hazırda Trampın siyasətində İran faktoru daha öndə dayanır. Amma qənaətimə görə, ABŞ-ın Cənubi Qafqaz və digər regionlardan getməsi mümkün deyil. Nə qədər ki, Amerikanın bu regionlarda maraqları var və hegemon gücdür, bu baxımdan iddialarından geri çəkilməyəcək. Qısa müddətli geri çəkilmələr və prosesləri kənardan müşahidələr ola bilər. Amma bu açıqlamanın özü heç nə demir. Bu, əslində Rusiyanın Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalının etirafıdır, ABŞ-ın Cənubi Qafqazda Rusiyaya uduzmasının etirafı deyil”.

"Azərbaycan və Ermənistana təzyiqlər artacaq”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə deyib ki, Rusiya Cənubi Qafqaz ölkələrinə təzyiq edərək, region ölkələrini öz təsir dairəsində saxlamağa çalışır. Ə.Orucov bunun üçün də bütün vasitələrdən istifadə etdiyini vurğulayıb: "Rusiya Cənubi Osetiya və Abxaziyanı özünə birləşdirdikdən sonra da Gürcüstana təzyiqləri davam etdirir. Başa düşür ki, Gürcüstan Xəzər regionunda çıxarılan enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit rolunu oynayır. Buna görə də Gürcüstanı öz dairəsindən çıxarmaq istəmir. Amma Gürcüstanın Avropa ilə sıx münasibətləri var, NATO ilə əməkdaşlıq edir. Rusiya da bunu narahatlıqla izləyir və prosesin qarşısına keçməyə cəhd edir.

Rusiya eyni zamanda Dağlıq Qarabağ münaqişəsi amilindən istifadə edərək həm Azərbaycan, həm də Ermənistana təzyiqlərini artıracaq. Çünki dünyada gedən proseslər Rusiyanı təcrid edir və buna görə də alternativ addımlar atmaq məcburiyyətində qalıb. Amma bu ağrısız və itkilərsiz ötüşməyəcək. Çalışmalıyıq ki, Rusiyanın qəzəbinə tuş gəlməyək. Hesab etmirəm ki, ABŞ bunlara görə Cənubi Qafqazdakı maraqlarından geri çəkiləcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları