Yuxarı

Daha bir dövlətdə çevriliş ssenarisi

Daha bir dövlətdə çevriliş ssenarisi

Səudiyyə Qətərdə hakimiyyəti dəyişmək istəyir

Sədrəddin Soltan: "Məqsəd həddindən artıq varlanmış Qətərin pulunu əlindən almaqdır”

Küveyt əmiri Şeyx Cabir əs-Sabah Qətərlə diplomatik əlaqələri kəsmiş dövlətlərin tələblərini rəsmi Dohaya çatdırıb. Siyasi böhranın həllində vasitəçilik təklif edən Küveytə Qətər rəhbərliyinin cavabı gözlənlən olub. Ərəb dövlətlərinin Qətərdən İranla diplomatik və digər sahələrdə əlaqələrə son qoymağı, Türkiyəyə məxsus hərbi bazanı ölkə ərazisindən çıxarmağı və "Əl-Cəzirə” telekanalının fəaliyyətini məhdudlaşdırmağı tələb edib. 

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhmən əl-Tani yaxın günlərdə Vaşinqtona rəsmi səfər edəcəyini deyib. O, ABŞ rəsmiləri ilə görüşdə Qətərin iqtisadi blokadadan çıxması məsələsini müzakirə edəcəyini bildirib. Rəsmi Dohanın yekun mövqeyini məhz Ağ Evdə aparılan danışıqlardan sonra ortaya qoyacağı gözlənilir. Ancaq ilkin açıqlamalarda tələblərin qəbuledilməzliyi vurğulanıb.  

Siyasi müşahidəçilərin rəyinə görə, Qətər rəhbərliyinin İran məsələsində güzəştə getmək ehtimalı olsa da Türkiyə silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılması ilə razılaşa bilməz. Bu da Qətərlə Türkiyə arasında strateji münasibətlərin mövcud olması ilə bağlıdır. 

Livanın "Əl-Manar” qəzeti isə Səudiyyə Ərəbistanının Qətər əmiri Şeyx Təmim bin-Həmədi devirmək üçün plan hazırladığını yazır. Mənbənin açıqlaması belə qənaətə gəlməyə əsas verir ki, Qətər əmiri qoyulan şərtləri yerinə yetirməsə, onun hakimiyyətdən salınması üçün hərəkətə keçiləcək. Bu məlumatı Qətər Kəşfiyyat İdarəsinin general-mayoru, xaricdə yaşayan Mahmud Mənsur açıqlayıb. Qeyd edilir ki, Şeyx Təmim bin-Həməd devrilərsə, onun yerinə əl-Tani sülaləsindən olan başqa bir şəxs gətiriləcək. Hazırda Qətər əmiri postuna dörd namizədlə gizli anlaşma əldə edilib. Həmin namizədlərin hər biri hakimiyyət başına gələcəyi təqdirdə terrorizmə dəstək siyasətindən imtina edəcəyinə, ərəb ölkələrinin daxili işlərinə qarışmayacağına, həmin dövlətlərdə iğtişaşlara və qiyama gətirib çıxaran hərəkətə yol verməyəcəklərinə dair öhdəlik götürüblər. 

Şeyx Təmim bin Həməd əl-Taninin yerinə əsas iddialı şəxslərdən biri onun ögey qardaşı Abdulla bin Həməddir. Lakin o, Səudiyyə Ərəbistanına qarşı düşmən münasibətdə olduğu üçün Ər-Riyad Abdulla bin-Həmədə dəstək verməz. Qətərin hakim ailəsi ilə razılığın əldə olunmasında vasitəçi kimi Küveyt çıxış edir: "Əgər Şeyx Həmim bin-Həməd əl-Tani devrilsə, bu, Qətər üçün böyük dəyişikliyə gətirib çıxaracaq. Səudiyyə Ərəbistanının düşmənçiliyi məhdudlaşdırılacaq. Gec-tez Dohada baş verəcək bu hadisə bütün ərəb dövlətlərinin maraqlarına zərbə vuracaq. Hətta ola bilsin ki, tezliklə baş verəcək”-mənbə belə qeyd edir. 

Məsələni şərh edən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Qətərə qarşı sanksiya tətbiq edən dövlətlər 13 şərt irəli sürüb. Türkiyə ilə bağlı qoyulan tələb də onlardan yalnız biridir: "Türkiyənin müdafiə naziri Fikri Işık belə bir rəsmi sənədin olmadığını bəyan edib. Digər tərəfdən isə müdafiə naziri NTV telekanalına açıqlamasında bildirib ki, ərəb dövlətlərinin Türkiyə ilə Qətər arasında hərbi bazanın mövcudluğuna dair müqaviləyə belə yanaşması iki ölkənin daxili işlərinə müdaxilə deməkdir. Bu, həm də Qətərə qarşı güc nümayiş etdirilməsi deməkdir. Amma Türkiyənin də Misir hakimiyyəti istisna olmaqla sanksiyalara qoşulmuş Səudiyyə Ərəbistanı, İordaniya və digər dövlətlərə münasibətləri normaldır. Hətta bir neçə ay bundan əvvəl Səudiyyə kralı Türkiyəyə səfər etmişdi. Həm Səudiyyə Ərəbistanı, həm də Qətərlə Türkiyənin iqtisadi əlaqələri çox genişdir. Sadəcə olaraq, Türkiyəyə təzyiq etməyə çalışırlar. Bu prosesin arxasında yalnız Səudiyyə Ərəbistanının başçılıq etdiyi qrup dayanmır. Burada Qərbin də maraqları var. Qətərə silahlı qüvvə göndərən dövlətlərdən biri də Pakistandır. Nəyə görə Pakistanın deyil, Türkiyənin hərbi bazasının Qətərdən çıxarılması tələb olunur? Halbuki, Qətərlə diplomatik əlaqələrin kəsildiyi gündən dərhal sonra Türkiyə ilə yanaşı Pakistan da bu ölkəyə hərbi yardım edib. Ona görə də Türkiyənin adının hallanması rəsmi Ankaraya təzyiq vasitəsidir. Türkiyə Suriyada, İraqda İŞİD-ə və başqa terrorçu təşkilatlara qarşı mübarizə aparan başqa ərəb dövlətləri ilə eyni qrupda yer alır. Suriyanın və İraqın ərazi bütövlüyünün qorunmasında Türkiyənin maraqları ərəb dövlətləri ilə üst-üstə düşür. Həmin dövlətlər də Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasına qarşı çıxır. Başqa məqam isə Türkiyənin bölgədə fəallığının artmasıdır. Bir müddət əvvəl Türkiyənin Bruneydə hərbi bazasının yaradılması ola bilər ki, başqa dövlətlərin xoşuna gəlmir. Qətərə qarşı aksiyanın arxasında dayanan güclər ola bilsin ki, Türkiyəyə təzyiq edir. Ehtimallar nə qədər çox olsa da ümumi rəy bundan ibarətdir ki, baş verənlər Türkiyəyə qarşı təzyiqdir. Hətta bir müddət əvvəl İran və onları dəstəkləyənlər Türkiyənin İraqdakı hərbi bazasının mövcudluğuna da etiraz edirdilər. Amma Türkiyənin istər İraqda, istərsə də Qətərdəki hərbi bazası beynəlxalq hüquq çərçivəsində ikitərəfli müqavilə əsasında yaradılıb. Bu məqalədə Türkiyəyə dəyən ziyan ödəniləcək. Çünki həmin türk hərbçilər Qətərin dövlət təhlükəsizliyi, terrora qarşı mübarizə məqsədilə oraya yerləşdirilib. Ona görə də hesab edirəm ki, Türkiyənin adının hallanması heç də kral Salmanın istəyi ilə deyil”.

Sədrəddin Soltan bildirdi ki, Qətər əmiri Əl-Taninin dövlət çevrilişi yolu ilə hakimiyyətdən salınması barədə deyilənlər Şeyx Təmim bin Həmədi siyasi güzəştlərə vadar etmək məqsədi daşıyır. Burda ikinci hədəf Qətərin zəngin maddi gəlirlərini əlindən almaqdır: "ABŞ prezidenti Donald Tram may ayında Ər-Riyada səfəri zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah alqı-satqısına dair müqavilə imzaladı. Bu yaxınlarda isə Birləşmiş Ştatlar Qətərə 35 ədəd F-16 qırırcısının satılmasına dair 12 milyard dollarlıq saziş imzaladı. Buradan çıxan nəticə ondan ibarətdir ki, bölgənin ən zəngin dövlətinə çevrilmiş Qətərin pulunu əlindən almaq istəyirlər. Hətta ola bilsin ki, həmin təyyarələrin hamısı Qətərə verilməyəcək. Türkiyə də ABŞ və digər dövlətlər kimi pul qazanmaq istəyir. Türkiyə silahlı qüvvələri Qətərin təhlükəsizliyini təmin etmək müqabilində ölkəsinə gəlir gətirir.

Bu oyunlardan biri də vaxtilə Küveytin başına gətirilmişdi. Küveytin külli miqdarda gəliri var idi. Səddam Hüseyni təxribat yolu ilə Küveytin üzərinə yönəltdilər. Səddam Hüseyn də Küveyti işğal etdi. Nəticədə Küveyt əmiri ABŞ-a qaçdı. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq ordusunu Küveytdən çıxartdı. Küveytin dövlət vəsaitlərinin bir hissəsi buna xərcləndi. Eyni zamanda, Küveytdəki dağıntıların bərpasına da xeyli pul sərf olundu. İndi görünür, Qətərin də pulunun çox olduğunu görüb əlindən çıxartmaq istəyirlər. Həmin vəsaitin 12 milyard dolları alınıb, yerdə qalanının də çıxarılması üçün plan hazırlanır. Qətərdə hakimiyyət dəyişikliyi də ola bilər, islahatların aparılmasına cəhd də. Hər halda məsələni ABŞ-la həll etmək lazımdır. Ola bilsin ki, Amerikada Qətər rəhbərliyinə məlum olmayan məxfi informasiyalar var. Bütün bu məsələlərin həlli Birləşmiş Ştatlar və ərəb ölkələri ilə müzakirələrdən sonra həllini tapmalıdır. İran məsələsinə gəldikdə, problem yalnız Tehran rejimi ilə münasibətlərlə bağlı deyil. Qətərin İranla əlaqələri əvvəl də mövcud olub. Sanksiyalara qoşulan başqa ərəb dövlətlərinin də İranla münasibətləri normaldır. Burada problemin bir tərəfi "Əl-Cəzirə” telekanalı ilə bağlıdır. Məlum olduğu kimi, "Əl-Cəzirə” ərəb dünyasında yeganə və qismən azad kütləvi informasiya vasitəsidir. 

Həmin telekanal "ərəb baharı”nın baş verməsində mühüm rol oynadı. Ona görə ərəb dövlətləri "Əl-Cəzirə”nin bağlanmasını tələb edir. Ancaq Qərb dövlətləri belə bir şərti qəbul etməz. Qərb "Əl-Cəzirə”nin fəaliyyətini dayandırmasına tərəfdar çıxsa, deməli söz azadlığına qarşı çıxmış olar. Halbuki, "Böyük Orta Şərq” layihəsinin əsas məsələlərdən biri bölgənin demokratikləşməsi, söz və media azadlığının inkişaf etdirilməsidir. "Əl-Cəzirə” də həmin media vasitələrdən biridir”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları