Yuxarı

Rusiyanın 2018-ci il planı

Rusiyanın 2018-ci il planı

Natiq Miri: "5-ci kolon”un aktivləşəcəyini müşahidə edəcəyik”

Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Mühüm seçki ilində şimal qonşumuzun Azərbaycana təzyiqləri artıracağı istisna olunmur.Rusiya bütün seçkilərdə aktivlik göstərir, öz şərtlərini diktə etməyə çalışır.Bu dəfə necə olacaq?Şimal qonşumuz Bəs Rusiya Azərbaycana qarşı hansı təzyiq vasitələrindən istifadə edə bilər?

"Cümhuriyət” qəzetinə şərhində politoloq Natiq Miri deyib ki, gələn ilki seçkilərdə Rusiya öz maraqlarının təmin olunmasına çalışacaq.

 Ekspertin fikrincə: "Rusiyanın dəstəklədiyi "5-ci kolon”un da aktivləşəcəyini müşahidə edəcəyik. Bu normaldır.Çünki Rusiya hələ də Azərbaycanı özünün əhatə dairəsi sayır. Azərbaycanda hakimiyyət başında  kimin olacağı Rusiyanın bilavasitə marağındadır. Ayrıca bu cür həssas zamanlarda Rusiyanın Azərbaycandan bir sıra istəkləri olur.Bu istəklər zaman-zaman siyasi, iqtisadi və hətta maddi yöndə olub. Biz bunu 2013-ci il prezident seçkiləri öncəsində də gördük. Düşünürəm ki, 2018-ci il prezident seçkilərində də vəziyyət fərqli olmayacaq. Yenə də Rusiya aktivləşəcək və bu aktivlik siyasi istiqamətdə olacaq.Rusiya müəyyən siyasi təzyiqlər etməyə çalışacaq.Bu da təbii ki, Azərbaycan hakimiyyətinə süni və ya qeyri-süni müəyyən alternativlər yaratmaq yolu ilə olacaq.Sonda həmişə olduğu kimi Rusiya yenə də Azərbaycan hakimiyyətindən öz maraqlarının təmin olunmasını istəyəcək. Əgər Rusiya yenə də öz istədiklərini alarsa bütün proses yenidən səngiyəcək. Hesab edirəm ki, Azərbaycan müxalifəti də bu prosesə qoşularkən, ən azından iki dəfə düşünməlidir”.

"Qarabağ artıq təzyiq rıçaqı deyil”

Natiq Miri Dağlıq Qarabağ probleminin artıq təzyiq riçaqı olmadığını deyib:

"Açığı bu məsələ artıq prezident seçkiləri ilə bilavasitə bağlı deyil. Çünki vəziyyət elə bir həddə  çatıb ki, artıq Azərbaycanın bundan sonra gözləmək imkanları yoxdur. Bu günə qədər Azərbaycana müəyyən moizələr oxunurdu ki, güya Ermənistanda seçkilər keçirilir və Sarkisyan hakimiyyəti bu həssas məqamı düşünmək məcburiyyətindədir.Amma Ermənistan hakimiyyəti hal-hazırda zəif durumda olduğu üçün gözləməyi məsləhət görür.Artıq Ermənistanda bütün bu proseslər sona çatıb.Yəni, artıq gözləməyə heç bir səbəb qalmayıb.Bundan sonra həqiqətən də sülh masası ətrafında əsas müzakirələr olunmasa, təbii ki, cəbhə xəttində yeni lokal əməliyyatların şahidi olacağıq.

Hesab edirəm ki, bu dəfə artıq bir neçə təpədən, strateji obyektdən söhbət getməyəcək.Bu da yüzlərlə erməni əsgərinin tələf olunması deməkdir.Bu həm də Ermənistanda ictimai-siyasi vəziyyətin qarışması anlamına gəlir. Ona görə də prezident seçkilərindən asılı olmayaraq Dağlıq Qarabağ cəbhəsində hər an belə bir hərbi əməliyyatların başlmasını gözləmək mümkündür. Ona görə də artıq həmsədrlər müəyyən addımlar atır və prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışırlar.Bununla da vaxt qazanmaq istəyir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları