Yuxarı

Kürd planı top atəşinə tutuldu

Kürd planı top atəşinə tutuldu

Türkiyə silahlı qüvvələri Suriya ərazisində "Fərat qalxanı” əməliyyatının ikinci hissəsinə başlayıb. İyul ayının 4-də gecə saatlarından başlayaraq, Türkiyə ordusu Kilis istiqamətindən PYD terror təşkilatının Suriyanın Afrin bölgəsindəki mövqelərini uzaqvuran haubitsalardan və raket qurğularından atəşə tutub.

"Haberler.com” PYD-nin mövqelərinə 20-ə yaxın zərbə endirilidiyini bildirir. Əldə olunan məlumatlara görə, artıq Türkiyə SQ Suriya ərazisinə daxil olub. Lakin əməliyyat barədə ictimayiyyətə rəsmi açıqlama verilmir. 

Qeyd edək ki, Türkiyə SQ-nin Afrin istiqamətindən hücuma hazırlaşdığı xəbərini Ərdoğan iqtidarı rəsmən elan etmişdi. İyulun 2-də prezident Rəcəb Tayyib Ərdoğanın Ankarada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə aprdığı qapalı müzakirələrdən sonra Türkiyə SQ hərbi əməliyyata başlayıb. Siyasi ekspertlərin fikrincə, Rusiya və Türkiyə Afrin-İdlib istiqamətində 200 kv.km-lik əraziyə ABŞ hərbçilərinin daxil olmasına qarşı çıxır. Əks təqdirdə, ABŞ həmin ərazilərin PYD-nin tam nəzarətinə keçməsini təmin edə bilər. Ona görə də son günlər Ankara ilə anlaşamaya gedən Rusiyanın öz hərbçilərini Afrin əyalətinin cənub hissəsinə çəkdiyi müşahidə edilir. 

PYD-nin terrorçularının Afrində möhkəmlənməsi Türkiyənin Hatay, Amanoslar və Kahramanmaraş bölgələri üçün ciddi təhlükə yaradır. Afrin əməliyyatı üçün Türkiyə SQ və Azad Suriya Ordusu ilə birlikdə 20 min nəfərlik hərbi qüvvə döyüş vəziyyətinə gətirilib. Bəzi məlumatlara görə, artıq bu ordu birləşmələri Afrinə daxil olub. Digər xəbərlərdə isə iyulun 4-5-də Astanada Suriya münaqişəsinin həllinə dair keçirilən danışıqlar yekunlaşdıqdan sonra Türkiyənin əməliyyata başlacağı deyilir. 

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu hazırda ABŞ-ın öz hərbi və kəşfiyyat gücündən istifadə edərək Türkiyənin sərhəddində-Suriya ərazisində dövlət yaratmaq istədiyini deyib. Söhbətin kürd dövləti ideyasından getdiyi şübhə doğurmur. Ancaq Ankara "Fərat qalxanı” əməliyyatınınn ikinci hissəsinə başlamaqla bu prosesi pozmağa cəhd edir. 

Vaşinqtonda isə hesab edirlər ki, Türkiyənin Afrin üzərinə hücuma başlaması ABŞ-la birgə Raqqa əməliyyatına qatılan PYD-nin qüvvələrini parçalaya bilər. Yəni kürd silahlı qruplarının Afrinin müdafiəsinə yönəlməsi Raqqa əməliyyatında iştirak edən PYD/YPG terrorçularını iki qrupa bölmüş olar. Ancaq Türkiyə PYD yaraqlılarının Menbiç istiqamətindən Afrinə köməyinin qarşısını almaq üçün terrorçuların Təl-Rəfat şəhərinin şimalındakı mövqelərini son günlər intensiv top atəşinə tutur. ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makkurkun bu yaxınlarda Ankaraya səfər etməsi də Türkiyəni bu mövqeyindən çəkindirmək məqsədi daşıyırdı. Suriyanın şimalında hərbi bazaya malik olan ABŞ təsir zonasını Menbiç bölgəsini nəzarətdə saxlayır. Əl-Tanif kəndində mövqe tutan Birləşmiş Ştatlar PYD-nin vasitəsilə Afrin bölgəsini nəzarətə götürmək iddiasında görünür. Ancaq Rusiya Afrin -İdlib istiqamətindəki 200 kv.km-lik əraziyə daxil olan ABŞ təyyarəsinin vurulacağına dair xəbərdarlıq edib. Kremlin bu bəyanatı PYD-ni ərazidən çıxartmağa çalışan Türkiyənin maraqlarına cavab verir. PYD isə fəaliyyətini cənuba doğru genişləndirərək Menbiç-Hələb yolunu ələ keçirməyə çalışır. İran isə Tehran-Bağdad-Dəməşq-Beyrut yolunu nəzarətdə saxlamaq istəyir. 

Türkiyənin Afrin əməliyyatının detalları artıq məlum olub. "Fərat qalxanı-2” planına əsasən, Türkiyə ordusu Əzəz-Mari-İdlib istiqamətində hərəkət etməlidir. İlkin mərhələdə Təl-Rəfat şəhərinin və Minniq hava limanının PYD-dən geri alınması nəzərdə tutulub. Həmin ərazilərin terrorçulardan azad edilməsi Afrin və Menbiç istiqamətindən YPG silahlılarının birləşməsinin qarşısını alacaq. Bu baxımdan Menbiç-Hələb avtomobil yoluna nəzarətin ələ keçirilməsi də strateji əhəmiyyət daşıyır. Türkiyənin Afrinin cənubundakı Şeyx Bərəkət təpəsində bir baza yaratdığına dair xəbərlər Azad Suriya Ordusu ilə birlikdə adıçəkilən şəhərin mərkəzinə doğru irəliləmək imkanı verir. 

Türkiyə iyulun 4-də Astanada Suriya böhranına dair başlanmış danışıqlar başa çatana qədər Afrin əməliyyatında ciddi irəliləyiş əldə etmək niyyətindədir. Çünki Astana danışıqlarında İdlib bölgəsində təhlükəsizlik zonasının yaradılması və həmin ərazinin Türkiyə ilə Rusiyanın nəzarətinə verilməsi barədə qərarın çıxarılacağı gözlənilir. İdlib əyalətində döyüşən və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən 10 min nəfərə yaxın radikal islamçının ərazidən çıxarılmasından sonra Türkiyənin nəzarətində olan ərazi 5 min kv.km-ə çatacaq. Yəni kürd, türk və ərəblərdən ibarət 200 min nəfərlik əhaliyə malik Afrin və İdlibin birləşməsi nəticəsində Türkiyənin mühafizəsi altında olan ərazi iki dəfə artacaq. Türkiyə də danışıqlar masasında ABŞ-ın qarşısına belə bir güclə çıxmaq istəyir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları