Yuxarı

ATƏT-dən saxta ədalət görüntüsü

ATƏT-dən saxta ədalət görüntüsü

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Füzuli istiqamətində Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı olmaqla iki kənd sakininin dünyasını dəyişməsi sərt təpki ilə qarşılandı. Ancaq bəzi dövlətlər və sülh missiyası daşıyan ATƏT-in Minsk Qrupu yenə də əvvəlki mövqedən çıxış etdi. ATƏT-in Minsk Qrupu yaydığı bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa və atəşkəs rejiminə riayət etməyə çağırdı. Ancaq atəşkəs rejimini Azərbaycan tərəfi pozmayıb. Hər zamankı kimi yenə Ermənistan tərəfi  təxribatlara əl atıb və sadə əhalinin yaşadığı kəndləri atəşə tutub. 

Maraqlıdır, ATƏT-in Minsk Qrupunun səlahiyyətləri, imkanları və gördüyü işlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nə qədər təsirlidir? 

Beynəlxalq analitiklər hesab edir ki, əslində Minsk Qrupunun tərəfləri sülhə məcbur etmək üçün heç bir təsir mexanizmi yoxdur. Tərəfləri sülhə məcbur etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün yeganə səlahiyyətli beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. ATƏT və digər beynəlxalq təşkilartların nizamnaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsinlər. Bütün bunları nəzərə alsaq, o zaman belə bir sual yaranır. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac varmı? Əgər münaqişənin həllində heç bir effektli iş görə bilmirlərsə, niyə Azərbaycanda Minsk Qrupunun fəaliyyətindən imtina edilmir?

Ümumiyyətlə, Azərbaycan Minsk Qrupundan imtina edə bilərmi?

"Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov deyib ki, işğala son qoymağın yeganə yolu müharibədir. Ə.Orucovun fikrincə, Minsk Qrupu və ya digər beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməyəcəklər:

"ATƏT-in Minsk Qrupuna münaqişə tərəfləri arasında vasitəçilik funksiyası verilib. Azərbaycan səhv edərək bütün münaqişənin taleyini onlara tapşırıb, özünü məsuliyyətdən kənarda saxlayıb. Guya ATƏT-in Minsk Qrupunun borcudur ki, Azərbaycanın yerinə münaqişəni həll etsin. Bu tamamilə yanlış fikirdir. Münaqişə bizimdir, bizim vətəndaşlar öldürülür, bu problemi də biz həll etməliyik. Azərbaycan niyə ATƏT-dən, Rusiyadan, ABŞ-dan və ya digər beynəlxalq təşkilatlardan nəsə gözləməlidir? Bu sadəcə olaraq acizlikdən və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. İndi hərə bir söz deyir. Mitinq keçirmək, yürüşlər keçirmək istəyənlər, təkliflər verənlər var. Bunların hamısı sadəcə boşboğazlıqdır. Cəbhədə sadə vətəndaşların həlak olmaması üçün Azərbaycan Ordusu işğal olunmuş əraziləri geri qaytarmalıdır. Bunun yeganə yolu budur. ATƏT-in hansı bəyanatlar verməsi, məsələyə hansı rakursdan yanaşması onuncu məsələdir. Bu günə qədər ATƏT-in sərsəm bəyanat verdiyi birinci hal deyil, bundan sonra da davam edəcək. Bu günə qədər ATƏT-in Minsk Qrupunun dedikləri və ya göstərdiyi fəaliyyət heç nəyi dəyişməyib. Azərbaycan hakimiyyəti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Bunun da yeganə yolu müharibədir. ATƏT-in nəyinə lazımdır ki, Qarabağ münaqişəsini həll etsin? Torpaqları işğaldan azad etmək üçün hərbi, siyasi, iqtisadi gücə malikdir. Bəs niyə müharibə etmir? Nə qədər ki, Azərbaycan qəti addımlar atmayacaq, torpaqların azad olunması üçün lazımi işlər görülməyəcək ATƏT və ya digər beynəlxalq qurumlara hədə-qorxu gəlmək mənasız olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları