Yuxarı

Tramp Yellenə uduzdu

 Tramp Yellenə uduzdu

Fuad İbrahimov: "Əgər dolların möhkəmlənməsi uçot dərəcəsinin azaldılması fonunda getsəydi, o zaman...”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın hələ seçki kampaniyasında  Federal Ehtiyatlar Departamentinin (FED) dolların uçot dərəcəsini artırmasından narazı olduğunu sərt şəkildə ifadə etmişdi. Hətta prezident Tramp bunun ABŞ iqtisadiyyatı üçün ciddi fəsadlar törədəcəyini bəyan etmişdi. Təbii ki, FED haqqında deyilən birbaşa olaraq bu qurumun rəhbəri Cannet Yellenə ünvanlanırdı. Çünki FED-in dollar haqqında verdiyi bütün qərarların arxasında məhz Yellen dayanırdı. 

FED-in ötən gün keçirdiyi son iclasında da Trampın dediklərinin əksinə olaraq, dolların uçot dərəcəsi sabit saxlanılsa da bu il ərzində ən azı 1 dəfə artırılacağı mesajı verildi. Qeyd edək ki, FED ABŞ Konqresinə tabe olduğu üçün prezidentin bu quruma birbaşa müdaxiləsi qanunvericilik baxımından mümkün deyil. Tramp və Yellen arasında baş verən qarşıdurma davam etsə də ABŞ prezidentinin son müsahibəsindən belə məlum olur ki, Tramp artıq geri çəkilir.

Belə ki, Yellenin ilk sədrlik dövrünün  2018-ci ilin fevral ayında başa çatmasından sonra yerinə kimin keçəcəyi sualına cavab verən Tramp, FED-ə növbəti dövrlərdə rəhbərlik etmək üçün namizədlər arasında Yellenin də adının olduğunu açıqlayıb. Bununla yanaşı namizəd siyahısında daha 2-3 adın  olduğunu bildirən Tramp, müsahibədə yanında olan Ağ Ev Milli İqtisadiyyat Şurasının direktoru Gary Cohnun bunlardan biri olduğunu təsdiq edib.
FED-ə rəhbərlik edəcək namizədlərin arasında hazırkı sədr Cannet Yellenin olması isə daha çox diqqət çəkən məsələlərdəndir. FED sədri üçün namizəd siyahısında yer alan digər adları açıqlamayan Tramp, qərar vermək üçün hələ erkən olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, Tramp prezident seçilməzdən öncə Yellenin ilk dörd illik vəzifə müddəti 3 fevral 2018-də başa çatandan sonra onu yenidən namizəd göstərməyəcəyini açıqlamaşıdı. Ancaq görünən odur ki, ABŞ prezidenti FED rəhbəri qarşısında geri addım atmağa məcbur olub. Ümumiyyətlə, Trampın prezidentlik dönəmində verdiyi bir çox qərarların, səsləndirdiyi bəyanatların ABŞ Konqresi tərəfindən qəbul edilməməsi prezidentin imicinə kifayət qədər zərər vurub. Bəs Tramp niyə geri çəkildi? Yellenin növbəti dəfə seçilmək imkanları nə qədərdir?

İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasına Yellen haqqında Trampın fikrinin dəyişməsini ABŞ-da iqtisadçıların rəyi ilə əlaqələndirib.

Onun sözlərinə görə, bu gün Yellenin siyasəti ABŞ iqtisadiyyatı üçün uğur gətirir:

"Praktikada görünür ki, ABŞ prezidentin hansısa məsələyə qətiyyətli fikir bildirir, ancaq sonra bu fikri yumşaldır. Prosesləri izləyən hər kəs bunu müşahidə edir. FED məsələsinə gəlincə isə Yellenin rəhbərlik etdiyi bu qurum təkcə ABŞ iqtisadiyyatında yox, bütün dünyanın dönərli valyutalarına, xarici ticarət əlaqələrinə təsir göstərə biləcək gücdədir. Yəni, bu qurumun siyasətindən təkcə ABŞ iqtisadiyyatı qidalanmır. FED-in təsir mexanizmi daha geniş miqyaslıdır. Bu nöqteyi-nəzərdən Yellenin vəzifəsini yerinə yetirə bilməməsi fikrini iqtisadçılar gündəmə gətirir. ABŞ dolları dünyanın flaqman valyutası kimi elastikliyini bir müddət itirməsinə baxmayaraq, tez bir zamanda öz yerini bərpa etdi. ABŞ dolları 2014-cü ilin 2 sentyabr tarixindən başlayaraq mövqelərini gücləndirməsi ticarət bazarında mövqelərini itirməyə başladı. İqtisadiyyatda bu hər zaman əks effekt verir. Əgər dollar Avroya nisbətən ucuzdursa, bütün dünya çalışır ki, dollar bazarında ticarət əldə etsin.

Məsələn, dollar ucuzlaşan kimi dərhal iş adamları ABŞ-dan ölkəyə avtomobillərini idxal edirlər. Avro ucuzlaşmaya doğru getdikdə isə ticarətçilər Almaniyadan avtomobil idxal etməyə başlayırlar. Valyuta möhkəmlənirsə, onun cazibədarlığı itir. Bu gün manatın ucuzlaşması bir çox sahələrə zərər vurur, ancaq turist axını artır. Səbəb isə dönərli valyuta ilə Bakıda daha çox manat əldə etməyin mümkündür. Bu nöqteyi-nəzərdən Yellenin siyasəti ondan ibarət oldu ki, dollar möhkəmləndiyi halda belə, ABŞ ticarət bazarında öz mövqelərini qoruyub saxlaya bildi. Bir çox göstəricilərdə zəifləmə var idi, ancaq tədqiqatlar göstərir ki, bu ABŞ-ın ticarət mövqeyinə ciddi təsir göstərməyib. Bu da ondan irəli gəlir ki, FED öz siyasətini çox elastik və düşünülmüş şəkildə aparır. Bu gün də FED həmin prosesi davam etdirir. Düşünürəm ki, ABŞ hökumətinin iqtisadi komandası bu incə məqamları prezidentin diqqətinə çatdırıblar. Buna əsasən də belə bir qərar qəbul olunub ki, Yellen öz vəzifəsində qalıb, siyasətini davam etdirməlidir”. 

Ekspert sonda əlavə edib ki, ABŞ dollarının möhkəmlənmsi uçot dərəcəsinin artırılması ilə paralel getdiyi üçün ABŞ iqtisadi tarazlığını saxlaya bilir: "Valyuta dünya bazarında möhkəmlənir, eyni zamanda da FED uçot dərəcəsini qaldırır. Bununla da tənzimləmə prosesi uğurlu şəkildə gedir. Əgər dolların möhkəmlənməsi uçot dərəcəsinin azaldılması fonunda getsəydi, o, zaman ABŞ iqtisadiyyatına vurduğu zərər gözəçarpan olardı”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları