Yuxarı

Rusiyaya qarşı "Sovet ssenarisi”

Rusiyaya qarşı

ABŞ prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı növbəti - ağırlaşdıırlmış sanksiya layihələrini imzaladı. Sanksiyalar Rusiyanın maliyyə, iqtisadi, enerji və digər sektorlarını hədəfə alıb. Həmçinin layihə Rusiyanın bir sıra yüksək çinli diplomatlarının Amerikaya səfərlərini qadağan edir. Trampın sənədi imzalamasından bir neçə gün sonra Avropa İttifaqı (Aİ) da Rusiyaya qarşı növbəti sanksiya layihəsini qəbul etdi. Sanksiyalar Rusiyanın Almaniyanın "Siemens” şirkətindən aldığı turbinləri Ukraynanın işğal edilmiş Krım bölgəsində çəkdiyi neft boru kəmərində istifadə etməsidir. Aİ-nin bu qərarı da federasiyanın enerji sektoruna yönəlikdir.

SSRİ-nin aqibəti və Putinin müharibələri

2014-cü ildən Ukraynadakı işğalçılıq siyasətinə görə, ABŞ və Aİ-dən tətbiq edilən sanksiyalar Rusiyaya 500 milyard dollara başa gəlib. Hələ təqdim edilən rəqəm Rusiyanın rəsmi dairələrinin açıqladığı statistikadır, qeyri-rəsmi mənbələr isə məbləğin daha böyük olduğunu bildirirlər. Tətbiq edilən son sanksiyaların da verəcəyi zərəri nəzərə alsaq, Rusiyanın itkiləri daha da böyüyə bilər. Sanksiyaların federasiya daxilində hakimiyyətlə cəmiyyət arasında ictimai-siyasi münasibətləri böhrana itələdiyi bu günlərdə Rusiya KİV-lərində ilginc ehtimallar müzakirəyə çıxarılıb. Rusiyalı ekspertlər Qərbin ağırlaşdırılmış sanksiyaları altında gücünü itirməməyə çalışan Rusiyanın SSRİ-nin son dönəmlərini xatırlatdığını iddia edirlər.

Vaxtilə SSRİ-nin kommunist rejimi Əfqanıstana hərbi müdaxilə qərarı verəndə, Kuba və Venesuelada inqilabi hakimiyyətləri dəstəkləyəndə "soyuq müharibə”də olduğu ABŞ və Qərbin iqtisadi sanksiyaları ilə üzləşmişdi. Həmin sanksiyalar Sovet İttifaqının daxilindən parçalanmasına yol açdığı hələ də müzakirə mövzusudur. Mixail Qorbaçov rejiminin bu sanksiyaların ağır zərərlərini bağlamaq üçün seçdiyi "Yenidənqurma” siyasəti də SSRİ-ni xilas edə bilmədi. İmperiyanı bürümüş ağır iqtisadi-maliyyə böhranı ittifaq respublikalarında azadlıq mübarizəsinə yol açdı. Ekspertlər Rusiyanın da belə bir aqibətlə üzləşəcəyini istisna etmirlər və artıq Şimali Qafqaz (Çeçenistan və Dağıstan), Tatarıstan və digər subyektlərdə artıq bunun işartılarının göründüyü bildirirlər. Hesab olunur ki, Kreml Yaxın Şərq və Ukraynadakı müharibələrə son qoyub, beynəlxalq sanksiyaların dayandırılmasına nail olmasa, inqilabi proseslər federasiyanı cənginə ala bilər.

"Putin nə Yeltsindir, nə də Qorbaçov”

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov "Cümhuriyət” qəzetinə açıqlamasında beynəlxalq sanksiyaların Rusiyanı çökdürəcəyinə inanmadığını bildirib. O, hesab edir ki, əksinə, bu sanksiyalar Rusiyanı gücləndirir: "SSRİ-yə sanksiyalar tətbiq olunurdu, amma digər yandan Qərblə "soyuq müharibə” vardı. Guya bu, "ideoloji müharibə” idi. Bu müharibə də birbaşa SSRİ-yə qarşı aparılırdı. SSRİ-ni bu sanksiyalar dağıtmadı. Sovet İttifaqı Mixail Qorbaçov və onun komandasının yürütdüyü siyasətin qurbanı oldu. Hesab etmirəm ki, bu gün də bu sanksiyaları tətbiq etməklə Rusiyanı daxildən parçalamağa nail olacaqlar. Çünki bu gün Rusiyanın başında nə Yeltsin, nə də Qorbaçov dayanır. Məhz Putin kimi vətənpərvər bir adamın Rusiyanın başında olması, Qərbin apardığı siyasəti iflasa uğradacaq. Qərbin sanksiyaları Rusiyanı daxildən daha da gücləndirəcək. Bu, bütün siyasi partiyalar və cəmiyyətin birləşməsinə gətirib çıxaracaq. Proses bu istiqamətdə gedir”.

"ABŞ federasiya daxilində etnik qarşıdurmaları qızışdırır”

Cənubi Qafqazda Təhlükəsizlik İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyanın hegemoniya mübarizəsi bu ölkəni ABŞ-la ciddi qarşıdurmaya gətirib. Politoloq vurğulayıb ki, Putinin Rusiyanı Ukrayna və Yaxın Şərqdə müharibələrə sürükləməsi, ölkəsini beynəlxalq sanksiyalarla üzləşdirib: "Rusiya SSRİ-nin son dönəmlərini xatırladır. ABŞ-la gedən "soyuq müharibə”də beynəlxalq iqtisadi sanksiyalarla üzləşən SSRİ məhz bunun nəticəsində zəifləyərək parçalandı. SSRİ-nin Əfqanistana hərbi müdaxiləsi bu sanksiyaları daha da ağırlaşdırdı. Hazırda da Qorbaçovun həmin siyasətini davam etirən Putin Suriya və Ukraynada böyük güclərə savaş açmaqla ölkəsini dəhşətli çöküşə aparır. Ağırlaşdırılmış sanksiyalar Rusiyanı iflas həddinə gətirib. Qərb və ABŞ Rusiyanın enerji sektorunu hədəfə alıb. Çünki Rusiya gəlirlərinin əsas hissəsini də neft və qaz satışından təmin edir. Əlbəttə, belə bir vəziyyətdə enerji sektorunun çökməsi Rusiyaya ölümcül təsir edə bilər. Amma ABŞ-ın məqsədi Rusiyanı parçalamaq yox, iqtisadi cəhətdən zəiflədərək öz ambisiyalarından çəkilməsinə nail olmaqdır. Çünki Rusiyanın parçalnması dünyada ciddi qlobal problemlərə və müharibələrə səbəb ola bilər”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları