Yuxarı

İsraildən ermənilərə gözdağı

İsraildən ermənilərə gözdağı

İsrailin Ekologiya, həmçinin Qüds Məsələsi və İrs naziri Zeev Elkin Knessetin (Parlament) qondarma erməni soyqırımını tanıması ehtimalının az olduğunu bildirib. "Cümhuriyət” qəzeti xəbər verir ki, yəhudi nazir bunu Ukrayna KİV-lərinin Ukrayna Qolodomorunu soyqırım kimi tanınması ehtimalı barədə sualı cavablandırarkən bildirib. "Qolodomor, habelə müxtəlif xalqların tarixində yaşanmış digər ağır faciəli hadisələr barədə hansısa qərarın qəbul olunacağını düşünmürəm. Çünki bu, bizim parlamentin ənənəsinə uyğun deyil. Parlamentimizdə bir qayda olaraq, bu cür bəyanatlar qəbul edilmir”, - Z.Elkin vurğulayıb.

Nazirin sözlərinə görə, qondarma erməni soyqırımının tanınması məsələsi Knessetdə bir neçə dəfə müzakirə olunub, lakin qəti qərar qəbul edilməyib: "İsrail parlemanti hesab edir ki, keçmişin məsələləri siyasətçilər yox, peşəkarlar tərəfindən həll edilməlidir”.

Ermənilərin ölən ümidləri

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Aqnebinin İrəvana səfəri Ermənistan - İsrail münasibətlərində yeni perspektivlər yaradacağı ehtimalını gündəmə gətirdi. Hətta, erməni politoloqlar və bir sıra KİV-lər istiləşən münasibətlərin özündə hərbi əməkdaşlıq ehtimallarını daşıdığı mövzusunu müzakirəyə çıxarmışdılar. İsrailin Ermənistanla birgə hərbi sənaye müəssisələri quracağı və tərəflər arasında silah satışına dair müqavilənin imzalanmasından tutmuş, israilli şirkətlərin Ermənistanla milyardlarla dollar dəyərində investisiya yatıracağı məsələləri gündəmə daşındı. Hətta, Ermənistanda Knessetin qondarma erməni soyqırımını tanıyacağı ilə yanaşı, İsrailin Azərbaycana silah satışını azaldacağı iddialarından danışılırdı. İsraildən Azərbaycana satılan Pilotsuz Uçan Aparatların (PUA) şifrələrinin Azərbaycan tərəfinə verilməməsi və bu texnikaların Ermənistana yönəldilməməsi ilə bağlı rəsmi Bakının Təl-Əviv qarşısında öhdəlik götürməsi iddialarını gündəmə gətirmək də bu kampaniyanın tərkib hissəsi idi. Lakin İsrail Müdafiə Nazirliyi ermənilərin və erməni diasporundan maliyyə vəsaiti alan KİV-lərin bu iddialarını təkzib etdi. Beləliklə, Knnesetin qondarma soyqırımı tanımayacağının təsdiq olunması və ermənilərin PUA-larla bağlı iddialarının təkzib edilməsi ilə Aqnebinin manevr xarakterli səfərinin yaratdığı ehtimallar özünü doğrultmadı.

Sarkisyana silkələnən fars barmağı

Tsaxi Aqnebinin Ermənistana səfəri İranın narahatlığına səbəb olmuşdu. Səfərdən sonra İran KİV-lərində Ermənistan hakimiyyətini sərt dillə tənqid edən yazılar peyda olmağa başladı. Hətta, bir sıra media qurumları və nüfuzlu siyasət adamları Ermənistanı müttəfiqlik və dostluq münasibətlərinə xəyanət edərək, İsrailə qucaq açmaqda ittiham edirdilər. Ermənistana qarşı soyuq münasibətlər prezident Serj Sarkisyanın ikinci dəfə ölkə başçısı seçilən Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana getməsi ilə başa çatdı. Sarkisyan İran KİV-ləri qarşısında Ermənistan və İran arasında kənd təsərrüfatı və digər sahələrdəki əməkdaşlıqların yüksələn xətt üzrə inkişaf etdiyini dedi. Hətta, o, ölkəsinin kənd təsərrüfatı sahəsinə investisiya yatıraraq bu sektorun inkişaf etdirilməsindəki rollarına görə iranlı şirkətlərə və sərmayədarlara təşəkkürünü bildirdi və bundan sonra da bu məsələdə İrana güvəndiklərini diqqətə çatdırdı.

İşə yaramayan ikili oyun

Halbuki Tsaxi Aqnebi İrəvanda olarkən İsrailin Ermənistanın kənd təsərrüfatı sahəsində investisiya yatıracağı ilə bağlı xəbərlər yayıldı. "İsrail İranı Ermənistan bazarından çıxarır”, başlıqlı xəbərlər işıq sürətli ilə Ermənistan və bir sıra İran KİV-lərində tirajlandı. Əlbəttə, israilli nazir İrəvanda olarkən kənd təsərrüfatı məsələsi üzərində təsadüfən dayanmadı. İsrail bilir ki, Ermənistanın bu sektoruna nəzarət tamamilə İranın əlindədir və Sarkisyan hökuməti sahənin inkişaf etdirilməsi üçün İrandan külli miqdarda maliyyə vəsaitləri alır. Bu baxımdan Sarkisyanın Tehran səfərindən sonra İrəvanda Aqnebinin verdiyi vədlər unudulmağa başladı. İsraildən bir sıra gözləntilər fonunda bu ehtimalların özünü doğrultmaması, üstəgəl, Knnesetin qondarma soyqırımı tanlmaqdan imtina etməsi, bir daha göstərdi ki, Tsaxi Aqnebinin İrəvan səfəri nəbz yoxlanışı, yaxud manevr xarakterli idi. Ən azından İran barmaq silkələyən kimi Serj Sarkisyanın Tehrana qaçması və bundan sonra İsrail - Ermənistan münasibətlərinə dair xəbərlərin, təhlil yazılarının nüfuzlu KİV-lərdən yığışdırılması bu ehtimalı yaratdı. Ermənistanın əbədi düşməni İranla hesablaşması İsrailin maraqlarına uyğun deyildi. Knessetin məlum qərarı da İsrailin ikili standartlar fonunda Ermənistanla münasibətlərdə maraqlı olmadığını göstərən amil ola bilər. İsrail sadəcə Ermənistanı yoxlamaq üçün Aqnebinin dilindən şirnikləndirici vəd verdi. Sarkisyan isə həm İsraildən vəd olunan pulların verilməsini gözlədi, həm də İranın oturduğu qucağından düşmək istəmədi. Başqa sözlə, bu dəfə İrəvanın ikili oyunu işə yaramadı.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları