Yuxarı

ABŞ-dan müəmmalı diplomatik fəallıq

 ABŞ-dan müəmmalı diplomatik fəallıq

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şaffer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətində olduğunu açıqlayıb. O, qeyd edib ki, Minsk qrupunun amerikalı həmsədri kimi fransalı və rusiyalı həmkarlarıyla birlikdə tərəfləri bir-biri ilə konstruktiv şəkildə iş aparmağa həvəsləndirmək sahəsində işləməyi səbirsizliklə gözləyir.

"Mən prezidentlərin mümkün olan ilk fürsətdə görüşə razılıq vermələrini və sülh prosesini irəli aparmağa yönəlmiş xoş niyyətli danışıqlara köklənmələrini istəyirəm. Anlayıram, müzakirə olunmalı çox çətin məsələlər var, lakin inanıram ki, nizamlanma mümkündür. Bunun baş verməsi üçün ilk növbədə Azərbaycan və Ermənistan rəhbərliyi regiona sülhün gətirilməsində vacib olan siyasi iradə göstərməlidirlər. Bu münaqişə çox uzanır”, - deyə Endryu Şaffer bildirib.

Prezidentlər görüşə hansı təkliflərlə gedə bilərlər?

Endryu Şafferin təşəbbüsü Dağlıq Qarabağ münaqişəsi ətrafında ənənəvi fikir mübadiləsini yenidən qızışdırıb: Prezidentlər görüşə hansı təkliflərlə gedəcəklər? Məlumdur ki, bir neçə gün əvvəl missiyasını başa vurmuş keçmiş həmsədr Riçard Hoqland Qarabağ münaqişəsinin nizamlanmasının prinsiplərini açıqlamışdı. O, bir daha Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğu fikrini təkrarladı. Hoqlanda görə, tərəflər Dağlıq Qarabağın statusunu qarşılıqlı razılıq və öhdəlik şəklində müəyyən etməli, Dağlıq Qarabağın rəsmi Bakı tərəfindən nəzarət edilməyən ərazisi isə müxtar qurumun təhlükəsizliyi və təminatı naminə müvəqqəti status almalıdır. O, həmçinin həll prosesinin sülhməramlı missiya ilə beynəlxalq təminat içində reallaşdırılmasına diqqət çəkdi. Başqa sözlə, qismən Azərbaycanın maraqlarına uyğun olan "Hoqland prinsipləri” münaqişənin mərhələli həll təklifini qabağa çəkir. Hoqlanddan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişə ilə bağlı öz təkliflərini vermişdi. Həmin təklif də münaqişənin mərhələli həll planını nəzərdə tutsa da "Hoqland prinsipləri”ndən fərqli olaraq, "Lavrov planı” prosesin beynəlxalq missiya içində yox, Rusiyanın dominantlığında tənzimlənməsi məqsədini daşıyır. Bu baxımdan hesab olunur ki, Şafferin təşəbbüskarı olacağı görüşdə məhz "Hoqland prinsipləri” üzərində müzakirələr gedəcək, "Lavrov planı” ilə yox. Lakin Azərbaycanın razı, Ermənistanın isə birmənalı şəkildə rədd etdiyi bu təklifin də görüşdə dönüş nöqtəsi yaradacağı ehtimalı azdır.

"Münaqişənin həlli Şafferin istəyindən asılı deyil”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Endryu Şaffer sadəcə istək və niyyətini dilə gətirib. Lakin politoloq bu münaqişənin amerikalı həmsədrin niyyətindən asılı olmadığına diqqət çəkib: "Həll üçün ilk növbədə aparılan danışıqlarda irəliləyiş olmalıdır. Təəssüf ki, bu irəliləyiş yoxdur. Bölgədə atəşkəs rejimi intensiv şəkildə pozulur. Sentyabr ayında BMT Təhlükəsizlik Şurasının sessiyası başlayacaq. Həmin sessiyada mümkündür ki, xarici işlər nazirləri görüşüb müəyyən fikir mübadiləsi aparsınlar. Lakin indiyədək dəfələrlə belə fikir mübadilələri aparılıb, bu da münaqişənin həll prosesində heç bir dəyişiklik gətirmir. Keçmiş həmsədr Riçard Hoqland da çalışdı ki, münaqişə tərəfləri mərhələli həll planına hazır olsunlar. Bu olmayanadək prezidentlərin yaxın müddətdə görüşəcəkləri inandırıcı görünmür”.

"Görüşdə həmin detallar müzakirə ediləcək”

REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə müavini, politoloq Azər Qasımlı "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Şafferdən əvvəl Riçard Hoqland yeni təkliflər irəli sürdü. A.Qasımlı hesab edir ki, bu təkliflər müəyyən mənada Azərbaycanın maraqlarına uyğun idi: "Bu, münaqişənin paket yox, mərhələli həllini özündə ehtiva edirdi. Mərhələli həll Azərbaycanın maraqlarına uyğundur. Amma müəyyən detallar var ki, bunları dəqiq müzakirə etmək və araşdırmaq lazımdır. Müzakirələrdə də həmin detalların üzərində dayanmaq lazım gələcək. Hesab edirəm ki, prezidentlərin ehtimal olunan görüşündə bu təkliflər müzakirəyə çıxarılacaq. 
Amma bu təkliflərin qəbul edilib-edilməyəcəyini indidən demək olmaz. Çünki Ermənistanın bu təkliflərlə bağlı mövqeyi müsbət deyil. Rusiyanın da bu təklifləri qəbul edəcəyinə inanmıram. Buna görə də düşünürəm ki, görüşdə bu təkliflər gündəmə gətiriləcək. Amma bu təkliflərə qarşı digər tərəfin öz təklifləri olacaq. Həmin məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları