Yuxarı

Koreya yarımadasında müharibə küləyi

Koreya yarımadasında müharibə küləyi

Şimali Koreyanın ballistik raket sınaqları Amerika Birləşmiş Ştatları (ABŞ) və bölgə dövlətlərini ciddi şəkildə narahat edir. Şimali Koreyanın son olaraq hidrogen bombasının sınaq atışlarını həyata keçirməsinə bir çox ölkə-ABŞ, Yaponya, Türkiyə kəskin etirazını bildirib. ABŞ-ın müdafiə naziri Ceyms Mattis isə Ağ Evin həyətində keçirdiyi mətbuat konfransında Şimali Koreyaya xəbərdarlıq edib. Ceyms Mattis, ABŞ-a, Quam daxil olmaqla torpaqlarına və ya müttəfiqlərimizə qarşı hər hansı bir təhdid olarsa, çox sərt hərbi cavabını verəcəklərini deyib. Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası meyarlarına uyğunlaşması lazım olduğunu vurğulayan Mattis qeyd edib ki, Kim Çen Inn BMT-nin Təhlükəsizlik Şurasının birgə çağırışını eşitməlidir.

Analitiklər də ABŞ-ın yaxın zamanlarda Şimali Koreyaya hərbi müdaxilə edəcəyini istisna etmirlər. Bölgə dövlətlərinin də bu məsələdə ABŞ-a dəstək verməsi müharibənin daha geniş miqyas alacağı ehtimalını artırır. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon danışığından sonra, Ağ Ev, böyüməkdə olan Şimali Koreya probleminin həlli üçün Yaponiya ilə birgə mübarizə aparacaqları ilə bağlı bəyanat yaydı. Bəyanatda, ABŞ və Yaponiya liderlərinin Şimali Koreyaya qarşı təzyiqi "ən yüksək səviyyəyə qaldırmaq" məsələsində razılığa gəldiyi bildirilir. Ehtimal olunur ki, ABŞ-ın bu günə qədər Şimali Koreyaya hərbi müdaxilə etməməsinin səbəbi Rusiya və Çinin mövqelərini açıq şəkildə bəyan etməməsidir. Ekspertlərin fikrincə, bu məsələdə Rusiya və Çin ABŞ-a dəstək verməsə, Şimali Koreyanın vurulması böyük müharibə ocağının yaranmasına səbəb olacaq ki, bu da böyük güclərin üz-üzə gəlməsi anlamına gəlir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın Şimali Koreyanı vurmaq ehtimalı günü-gündən artır. M.Əsədullazadə əlavə edib ki, Şimali Koreyanın hərbi fəaliyyətini ABŞ susqunluqla qarşılamaycaq: "Şimali Koreyanın BMT-nin çağırışlarına və sərt sanksiyalarına baxmayaraq hidrogen başlıqlı ballistik raket sınağı, Koreya yarımadası ətrafında gərginliyi müharibə vəziyyətinə gətirir. Şimali Koreya rəhbəri Kim Çen Inın  ABŞ-a qarşı düşmənçilik siyasəti, bütün xəbərdarlıqlara baxmayaraq raket atışları Amerika ilə müharibənin başlanmasına aparır. ABŞ müdafiə naziri Ceymis Mattisin brifinqində Koreyanın yenidən ballistik raket sınağına toxunaraq hər an Koreyanın vurula biləcəyi mesajını verdi. Koreyanın apardığı hərbi-siyasi fəaliyyət Yaponiya və Cənubi Koreyanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Ötən həftə məhz Şimali Koreyanın atdığı raket Yaponiyanın üstündən keçərək, okeana düşdü. Bu raket Yaponiyaya düşsəydi, dağıdıcı müharibə qaçılmaz olacaqdı. Hazırda Çin və Rusiya Şimali Koreyanın apardığı hərbi hərəkətliliyə ABŞ qədər reaksiya vermədiyi üçün Pxenyan daha da sərt hərbi ritorika sərgiləyir. Artıq Cənubi Koreya müharibə və müdafiə hazırlıqlarına başlayıb. Şimalı Koreyanın hidrogen raket atışlarına cavab olaraq Seulda ballistik raketlərin atışını həyata keçirdi. Göründüyü kimi ABŞ və müttəfiqləri Şimali Koreyanın bu kimi raket təlimlərinə uzun zaman susqunluq göstərməyəcək. ABŞ Cənubi Koreya və Yaponiyada raketdən müdafiə sistemləri quraraq, müdafiəni güclü şəkildə təşkil eib. İlk zərbə ilə Şimali Koreyanın strateji və hərbi obyektlərinə dağıdıcı zərbələrin vurulması nəzərdə tutulur. Əgər bu baş verərsə, bunun nəticəsində Şimali Koreyanın bütün dövlət təsisatları çökəcək. Şimali Koreya ilə müharibə dağıdıcı olacaq və regiona böyük dağıntılar gətirəcək. ABŞ Şimali Koreyanı hər an vura bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları