Yuxarı

Türkiyə Kərkükü və Mosulu qaytarır?

Türkiyə Kərkükü və Mosulu qaytarır?

"Əgər Şimali İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilsə, bu, yeni bir müharibənin başlanğıcı olacaq". Bu sözləri Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib. "Bütün qüvvələrimiz vəzifəsini icra etməyə hazırdır. Bu günə qədər olduğu kimi, bundan sonra da hadisələri yaxından izləyirik. Əgər bir addım atmaq lazım gəlsə, qəti şəkildə bunu edəcəyik”, - nazir bildirib. 

Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendumun keçirilməsi planlaşdırılır. Türkiyənin keçmiş prezidenti Abdulla Gülün müşaviri işləmiş Ərşad Hörmüzlünün sözlərinə görə, kürdlər müstəqillik qazansa, İraq 1926-cı il Ankara anlaşmasına əməl etməmiş olacaq. Yəni əgər İraqın şimalında hansısa dövlət qurulsa, razılaşma ləğv ediləcək və Mosulla Kərkük daxil olmaqla, İraqın şimalı Ankaranın idarəçiliyinə keçəcək.

Qeyd edək ki, Ankara sazişinə görə, İraq ərazisində başqa bir dövlət yaradılarsa, Türkiyə Kərkük və Mosul da daxil olmaqla 90 min kv.km ərazini öz ərazisinə qatmaq, yəni keçmiş Osmanlı İmperiyasının ərazilərini geri qaytarmaq hüququnu özündə saxlayır. Həmin sərhədlər Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində bağladığı hərbi müqavilələr və sonradan Türkiyə Cümhuriyyəti parlamentinin qəbul etdiyi "Misaki Milli” adlanan qərarla da təsdiqlənib. 

2016-cı il oktyabrın 17-də Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlananda da İraq hökumətinin Türkiyə ordusunun hücumda iştirakına icacə verməmişdi. Rəsmi Bağdadın bu mövqeyi Türkiyənin Mosula nəzarəti ələ keçirmək iddiası ilə izah edilirdi. 

Son günlər Türkiyə İraqla sərhədboyu 1000 kilometrə yaxın ərazidə zirehli hərbi texnika və ordu qüvvələri cəmləyib. Türkiyə Silahlı Qüvvələri hər an şimali İraqa daxil ola bilər. Sentyabrın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasını çağırıb. Binəli Yıldırım Türkiyə Quru Qoşunlarının komandanı Yaşar Güləri, Hərbi Dəniz Qüvvələri komandanı, general Adnan Özbalı və Hərbi Hava Qüvvələrinin komandanı, general Hasan Küçükakyüz və Jandarma Qüvvələrinin rəisi, general Arif Çətini ayrı-ayrılıqda qəbul edib. Görüşdə İraqda yaranmış vəziyyətin müzakirə olunduğu bildirilir. Yəni söhbət Türkiyə Silahlı Qüvvələrinin İraq ərazisinə daxil olmasından gedir.  

İraqdan gələn məlumatlar Məsud Bərzaninin başçılıq etdiyi muxtariyyətin referendum keçirəcəyi təqdirdə ərəblər, türkmənlər və kürdlər arasında qanlı bir müharibənin başlayacağını göstərir. Təbii ki, belə bir savaşın baş verməsi Türkiyəyə Kərkükü və Mosulu nəzarətə götürmək üçün hüquqi əsas yarada bilər. Suriyanın şimalında terrordan müdafiə məqsədilə bufer zona yaradan rəsmi Ankara analoji əməliyyatı İraqın şimalında həyata keçirmək planını gizlətmirdi. Bu, PKK-nın nəzarətində olan ərazilər də daxil olmaqla Türkiyənin cənub sərhədləri boyunca 1700 km-ə yaxın təhlükəsizlik zolağının yaradılması deməkdir. Ona görə də Türkiyə SQ-nin şimali İraqa daxil olması gözləniləndir. 

"Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun fikrincə, "Fərat qalxanı” əməliyyatı başlayanda Türkiyə rəsmiləri "Misaki milli” məsələsini gündəmə gətirdilər. Bu da öz növbəsində Türkiyənin Mosula və Kərkükə iddia ilə bağlıdır: "Türkiyənin həmin torpaqlara həm siyasi, həm də hüquqi müstəvidə iddiası qaldırmaq haqqı var. Amma bu, referendumun nəticələrinin necə olacağından asılıdır. Əgər kürd muxtariyyəti radikal mövqe nümayiş etdirsə, Türkiyənin hərbi müdaxiləsini gözləmək mümkündür. Prezident Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Türkiyə dövləti bu məsələdə, xüsusilə də Kərkülə bağlı heç bir güzəştə getməyəcək. Çünki İraqın və Suriyanın şimalı Türkiyə üçün həssas bölgələrdir.

Həmin ərazilərdə türkmənlər yaşayır və türklüyə bağlı olan bölgələr sayılır. Amma hesab edirəm ki, başqa bir ehtimal da nəzərə alınmalıdır. Ola bilər ki, referendum keçirilsin, səsvermənin nəticələrinin qüvvəyə minməsi qeyri-müəyyən müddətə təxirə salınsın. Bunu istisna etmək olmaz. Çünki İranın da bu məsələdə mövqeyi kifayət qədər radikaldır. İraq prezidentinə impiçment məsələsini gündəmə gətirməklə rəsmi Tehran Bağdada kifayət qədər təzyiq edir. Bu o deməkdir ki, İran rəsmi Bağdaddan daha sərt mövqe nümayiş etdirməyi tələb edir”. 

Ekspert onu da qeyd etdi ki, Türkiyə Silahlı Qüvvələrinin İraqa daxil olmasına İranın etiraz edəcəyi gözlənilmir. Çünki rəsmi Ankara hərbi əməliyyatı İranla razılaşdırıb. Son günlər M.Bərzaninin israrla referenduma getməsi və Kərkükdə keçirilən mitinqlər muxtariyyət rəhbərinin bölgədəki kürdləri özünün siyasi çətiri altına toplamaq məqsədi kimi də nəzərdən keçirilir. 

Vüqar Zifəroğlunun sözlərinə görə, bütün kürdlərin lider kimi M.Bərzanini dəstəkləməsi real deyil. "Kürd silahlı təşkilatları yekcins deyil və kifayət qədər bölünmüş şəkildədir. Onların bir arada, kiminsə rəhbərliyi altında toplanması gerçəklikdən uzaqdır. Burada yalnız siyasi deyil, ideoloji fərqlər də, xarici dəstək də önəmli rol oynayır. 

Türkiyə dövləti zamanında Bərzanidən PKK- ya qarşı uğurlu şəkildə istifadə edib. Əslində, ortaya atılmış bu referendum məsələsi olmasaydi, indinin özündə də İranın tam nəzarətində olan rəsmi Bağdadın təzyiqlərinə qarşı kürd muxtariyyətinin bölgənin özündə gördüyü real dəstək məhz Ankaradan gəlirdi. Referendumun ortaya atilması isə bu münasibətləri zədələdi”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları