Yuxarı

Prezidentlər bir-birini boykot etdi

Prezidentlər bir-birini boykot etdi

Rusiya və Belarus silahlı qüvvələrinin birgə keçirdiyi "Qərb-2017” hərbi təlimləri yekunlaşmaq üzrədir. Ancaq Şərqi Avropada yerləşən NATO ölkələri Rusiyadan gözlənilən işğal təhlükəsinin hələ aradan qalxmadığını bildirir. İsveç mətbuatı Rusiyanın əvvəl Belarusu, sonra Baltikyanı ölkələri, ardınca isə İsveçi işğal etməyi planlaşdırdığını yazır. Siyasi ekspertlər isə bu iddiaları real hesab etmir. Çünki NATO üzvü olan istənilən ölkəyə hərbi müdaxilə bütün Alyans üzvlərinin birləşərək Rusiyaya müharibə elan etməsi ilə nəticələnə bilər. 

Ancaq Ukrayna və Belarus sözügedən təhlükədən hələ sığortalanmayıb. Ukrayna prezidenti Pyotr Poroşenko təlimlərin ikinci hissəsinə Rusiya tərəfindən daha 250 min nəfərlik ordu cəlb oluncağına dair açıqlama verib. Ona görə də bu təlimlərdə Belarusdan daha çox Rusiyanın adı çəkilir. Qeyd edək ki, hərbi təlimlərdə 5,7 min Rusiya, 7 min nəfər Belarus hərbçisi iştirak edir. Təlimlərin sonuncu mərhələsi Belarus ərazisində keçirilir. Təlimlər yekunlaşdıqdan sonra Rusiya silahlı qüvvələri Belarus ərazisini tərk edərək sentyabrın 30-dək öz hərbi bazalarına qayıtmalıdır. Hazırda siyasi müşahidəçiləri bir sual düşündürür. Rusiya ordusu Belarusdan çıxacaqmı? Bu barədə sentyabrın 30-dan sonra konkret fikir söyləmək olar. Amma Belarus müxalifəti Rusiyanın hər hansı təxribatdan istifadə etməklə dövlət çevrilişinə hazırlaşdığına dair bəyanatlar verir. Bildirilir ki, Rusiya silahlı qüvvələri ya prezident Lukaşenkonu qorumaq adı altında, ya da hakimiyyət dəyişikliyinə nail olmaq yolu ilə Belarus ərazisində qala bilər. 

Rəsmi Minskin son vaxtlar Qərblə Rusiya arasında neytral mövqe nümayiş etdirməsi Kremli qane etmir. Prezident Lukaşenko Rusiyanın Belarus ərazisində hərbi bazalar yaratmaq istəyinə qarşı çıxır. Bu da öz növbəsində Polşa və Baltikyanı ölkələrin, eləcə də Ukraynanın şimaldan Rusiya təhlükəsindən müdafiəsi üçün bufer zona rolunu oynayır. Ona görə də Putin iqtidarı yaxın perspektivdə ya Lukaşenkonu Bobryuskda Rusiya aviabazasının yaradılmasına dair 2015-ci ildə aparılmış danışıqların həyata keçirilməsinə razı salmağa, bu mümkün olmadığı təqdirdə, hakimiyyətdən devirməyə çalışır. Əgər Kreml iki planından birini reallaşdıra bilsə, Şərqi Avroda gərginlik yeni mərhələyə daxil olacaq. Vəziyyətin kifayət qədər ciddi olduğunu nəzərə alan NATO artıq Şərqi Avropa dövlətlərinin hərbi potensilanı gücləndirməyə başlayıb. Sentyabrın 13-dən etibarən ABŞ-ın 2-ci hərbi texnika briqadasının taktiki qrupunun əsgəri heyəti və avadanlığı, Forta-Raylda və Kanzasdakı 1-ci piyada diviziyası Polşanın Qdansk limanına gətirilib. Həmin silahlı qüvvələr 3-cü texniki briqadanı və 4-cü hərbi texniki briqadanı rotasiya qaydasında əvəz edib. Eyni zamanda, ABŞ-ın Avropadakı hərbi komandanlığı Polşaya 87 ədəd "M1 Abrams” tankı, 103 ədəd "Bredli” piyada döyüş maşını, 18 ədəd "Paladin” özüyeriyən haubitsa, digər texnika və hərbi avadanlıq göndərib. "Defence.24” portalının məlumatına görə, ABŞ Avropa ərazisindəki M270 MLRS artilleriya briqadasını Polşa ərazisnə köçürməyi qərara alıb. Məlumatı ABŞ-ın Avropadakı silahlı qüvvələrinin nümayəndəsi, mayor Mark Miller də təsdiq edib. ABŞ-ın hərbi büdcəsində 2018-ci il üçün Avropadakı silahlı qüvvələrinin müasir HİMARS artilleriya sistemləri ilə təmin olunması nəzərdə tutulub. Həmçinin, 2018-ci ilin may ayında Polşada ABŞ-ın raketdən müdafiə sisteminin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Bununla yanaşı, ABŞ Ukrayna silahlı qüvvələrini tank əleyhinə müasir raketlərlə təmin etməyə başlayıb. 

Təlimlər sona yaxınlaşsa da bölgədə qarşıdurma riski yüksək olaraq qalır. Bu da Rusiya qoşunlarının hazırda Belarus ərazisində qalmaqda davam etməsi ilə bağlıdır. Vəziyyətdən çıxış yolu tapmaq daha çox Aleksandr Lukaşenkonun siyasi manevr imkanlarından asılı olacaq. Belarusda dövlət çevrilişi hələ baş verməsə də Rusiya rəhbərliyi ilə münasibətlərdə soyuqluq təlimlərin gedişində özünü büruzə verdi. Belə ki, prezident Lukaşenkonun təlimlərin yekun mərhələsini Belarusdakı "Borisov” poliqonunda tənha müşahidə etməsi medianın və siyasi müşahidəçilərin diqqətindən yayınmayıb. Nə prezident Putin, nə də Rusiyanın müdafiə naziri Sergey Şoyqu birgə hərbi təlimlərdə Lukaşenkonun yanında dayanmayıb. Belarus prezidentinin mətbuat katibi Natalya Eysmond isə bildirib ki, Aleksandr Lukaşenko əvvəlcədən nəzərdə tutulmuş qaydada təlimləri Belarus ərazisində izləyib. Ancaq prezident Lukaşenkonun təlimləri Rusiya ərazisində müşahidə etməsi üçün heç bir dəvət daxil olmayıb. Aleksandr Lukaşenko isə öncədən hərbi təlimləri Putinlə birlikdə izləməyi planlaşdırdıqlarını bəyan edib. Prezidentlərin nəyə görə bir yerdə olmaması sualına isə Lukaşenko zarafatla cavab verib: "Əgər bir mərmi düşsə nə olardı? İki nəfər birlikdə olmaz”. 

"Belarus Security Blog” Analitik Layihəsinin rəhbəri Andrey Porotnikov hesab edir ki, "Borisov” poliqonunda müşahidə olunan vəziyyət iki ölkənin lideri arasında münasibətlərin çox aşağı səviyyədə olduğunu göstərir. 

Politoloq Aleksandr Sivitskinin sözlərinə görə, Putinin Belarusa getməməsi əslində rəsmi Minskə mesaj xarakteri daşıyırdı: "Rusiya Belarusa öz təhlükəsizliyinin təmin edilməsi sahəsində artıq güvənmir”-deyə Sivitski şərh verib. 

Belarusun təkbaşına hərbi təlimlər keçirməsi rəsmi Minsk üçün əlavə dividentlər yarada bilər. Lukaşenko iqtidarı Rusiyanın təhlükəsizliyinin təminatında Belarusun mühüm rol oynadığını nümayiş etdirməklə Moskvanın siyasi və iqtisadi təzyiqlərini aradan qaldıra bilər. Rusiyalı ekspertlərin fikrincə, Belarus ilk növbədə, güzəştli qiymətlə enerji daşıyıcıları əldə etmək imkanından faydalanmağa çalışacaq.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları