Yuxarı

Rusiyanı dağıdan "Sovet ssenarisi”

Rusiyanı dağıdan

İyul ayında Rusiya prezidenti Vladimir Putin rus dilini "dövlət ünsiyyəti” dili adlandırıb və Rusiya xalqlarının dillərinin məktəblərdə icbari tədrisinə qarşı çıxıb. Putinin bu çıxışından sonra orta məktəblərdə yerli xalqların dil imtahanları ləğv olunub.

Qeyd edək ki, Çuvaşiyada 9-cu sinif şagirdlərinin çuvaş dili fənnindən imtahanını artıq ləğv olunub. Rusiyanın bu prosesə başlamasından sonra muxtar respublikalardan bir neçəsi etiraz mitinqi keçirib. Rəsmi Kremil isə mövqeyini davam etdirməkdə israrlı görünür.

Analitiklər hesab edir ki, mövcud durumda yaşanan dil problemi Rusiya üçün ciddi başağrısına çevriləcək.Nəzərə almaq lazımdır ki, SSRİ-nin dağılmasında da Qorbaçov hakimiyyətinin yürütdüyü yanlış milli siyasət böyük rol oynamışdı. Qeyri-rusların yaşadığı bölgələrdən alovlanan etiraz dalğası bütün SSRİ-yə yayıldı və bu da böyük imperiyanın sonunu gətirdi.Analitiklər hesab edir ki, dil problemi də Rusiyanı eyni aqibətlə üz-üzə qoya bilər.

Siyasi-şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında baş verənlərin Rusiya üçün ağır yükə çevriləcəyini deyib: "Artıq hiss olunur ki, Putin Rusiyada mərkəzləşmiş bir dövlət yaradır. Bütün təsir mexanizmlərini isə bir əldə, Kremldə toplamağa çalışır.Tatarıstanla bağlı məsələ Kremlin xeyrinə həll olundu.Kazan rəsmiləri güzəştə getmək məcburiyyətində qaldı.Bu baxımdan düşünürəm ki, baş verənlər tədricən "kəmərləri sıxmaq” taktikasıdır. Ancaq bu regionlarda narazılıqlara səbəb ola bilər. Artıq Uzaq Şərqdə çox ciddi problemlər yaşanmaqdadır.Bu gün Putinə ciddi surətdə alternativ olan müxalifət lideri Navalnı Uzaq Şərq şəhərlərində çox ciddi dəstək qazanır.Bunu son mitinqlər də göstərdi.Mərkəzi hakimiyyətə olan etimadsızlıq getdikcə artır.Bununla bağlı mərkəzi hakimiyyətdə bu baxımdan çox ciddi narahatçılıq var. Kreml bu siyasəti dəyişməlidir.Çünki "kəmərləri bundan artıq sıxmaq” mümkün deyil.İqtisadi çöküş və bir neçə regionda paralel savaşın aparılması, bütövlükdə Rusiya cəmiyyəti və hakimiyyəti üçün daşına bilməyən yükə çevriləcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları